Məhkəmə qərarları › İş №e-2(125)-2411/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2411/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2411/2023 27.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı MMC, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 222 manat ödənilməmiş əsas, 22 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 432 manat ödənilməmiş əsas, 43 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 410 manat ödənilməmiş əsas, 41 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 979 manat ödənilməmiş əsas, 97 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1700 manat ödənilməmiş əsas, 170 manat cərimə olmaqla, ümumilikdə 4116 manat pulun və ödənilmiş 61,16 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında xx.xx.2020-ci il tarixdə İmei kodu **********10741 olan X1 9S markalı telefonun nisyə alğı-satqısı barədə 22021783 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ilkin ödəniş daxil olmaqla ümumi dəyəri 839,6 manat, ödəniş müddəti 18 ay olmaqla, aylıq ödəniş 44,7 manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2021-ci il tarixdə İmei kodu **********89844 olan X1 9T markalı telefonun nisyə alğı-satqısı barədə 22397857 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən telefonun ilkin ödəniş daxil olmaqla ümumi dəyəri 865 manat, ödəniş müddəti 18 ay olmaqla, aylıq ödəniş 48 manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2021-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2021-ci il tarixdə İmei kodu **********10002 olan Samsung Galaxy A02 markalı telefonun və İmei kodu **********84023 olan Samsung Galaxy A02 markalı telefonun nisyə alğı-satqısı barədə 24046316 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyaların ilkin ödəniş daxil olmaqla ümumi dəyəri 616,8 manat, ödəniş müddəti 12 ay olmaqla, aylıq ödəniş 51,4 manat müəyyən edilmişdir. Əşyalar cavabdehə xx.xx.2021-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2021-ci il tarixdə Acer markalı kompyuterin nisyə alğı-satqısı barədə ******* nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ilkin ödəniş daxil olmaqla ümumi dəyəri 1450,8 manat, ödəniş müddəti 12 ay olmaqla, aylıq ödəniş 120,9 manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2021-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2021-ci il tarixdə X2 markalı televizorun nisyə alğısatqısı barədə ******* nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ilkin ödəniş daxil olmaqla ümumi dəyəri 1774,08 manat, ödəniş müddəti 24 ay olmaqla, aylıq ödəniş 73,92 manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2021-ci il tarixdə təhvil verilmişdir. Hər beş müqavilə üzrə cavabeh tərəfindən ödənişlər qismən aparılmışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtləri cavabdeh tərəfindən pozulmuş, ümumilikdə xx.xx.2020-ci il tarixli müqavilə üzrə (telefon üçün) 617,6 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə (telefon üçün) 433 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə (telefonlar üçün) 206,8 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə (kompyuter üçün) 471,8 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə (televizor üçün) 74,08 manat ödəniş edilmişdir. Ona görə də cavabdehin iddiaçıdan aldığı xx.xx.2020-ci il tarixli müqavilə üzrə dəyəri 839,6 manat (18 ay x 44,7 manat + 35 manat ilkin ödəniş) olan telefona görə 222 manat əsas, 22 manat dəbbə (güzəştlə) pulu borcu; xx.xx.2021-ci il tarixli müqavilə üzrə dəyəri 865 manat (18 ay x 48 + 1 manat ilkin ödəniş) olan telefona görə 432 manat əsas, 43 manat dəbbə (güzəştlə) pulu borcu; xx.xx.2021-ci il tarixli müqavilə üzrə dəyəri 616,8 manat (12 ay x 51,4 + 0 manat ilkin ödəniş) olan telefonlara görə 410 manat əsas, 41 manat dəbbə (güzəştlə) pulu borcu; xx.xx.2021-ci il tarixli müqavilə üzrə dəyəri 1450,8 manat (12 ay x 120,9 manat + 0 manat ilkin ödəniş) olan kompyuterə görə 979 manat əsas, 97 manat dəbbə (güzəştlə) pulu borcu və xx.xx.2021-ci il tarixli müqavilə üzrə dəyəri 1774,08 manat (24 ay x 73,92 manat + 0 manat ilkin ödəniş) olan televizora görə 1700 manat əsas, 170 manat dəbbə (güzəştlə) pulu borcu yaranmışdır. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq xəbərnamə işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə görə cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə borca görə ödədiyi pul məbləği 617,6 manat, qalıq borcu – 222 manat əsas və 22 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 244 manat; xx.xx.2021-ci il tarixli müqavilə üzrə borca görə ödədiyi pul məbləği 433 manat, qalıq borcu – 432 manat əsas və 43 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 475 manat; xx.xx.2021-ci il tarixli müqavilə üzrə borca görə ödədiyi pul məbləği 206,8 manat, qalıq borcu – 410 manat əsas və 41 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 451 manat; xx.xx.2021-ci il tarixli müqavilə üzrə borca ödədiyi pul məbləği 471,8 manat, qalıq borcu - 979 manat əsas və 97 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 1076 manat; xx.xx.2021-ci il tarixli müqavilə üzrə borca görə ödədiyi pul məbləği 74,08 manat, qalıq borcu – 1700 manat əsas və 170 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 1870 manat təşkil edir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə sözügedən müqavilələr üzrə borcunun olması barədə xəbərdarlıq edilmiş, ondan borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəlləri üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2). Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alğı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə təhvil verilmiş, həmin müqavilələr ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Cavabdehin iddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilələr üzrə yaranmış borcu və hesablanmış cərimə məbləğini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, müvafiq olaraq xx.xx.2020-ci il tarixli müqavilə üzrə 222 manat əsas, 22 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 432 manat əsas, 43 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 410 manat əsas, 41 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 979 manat əsas, 97 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1700 manat əsas, 170 manat cərimə olmaqla, ümumilikdə 4116 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 61,16 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1) xx.xx.2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 222 manat əsas, 22 manat cərimə; 2) xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 432 manat əsas, 43 manat cərimə; 3) xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 410 manat əsas, 41 manat cərimə; 4) xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 979 manat əsas, 97 manat cərimə; 5) xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 1700 manat əsas, 170 manat cərimə olmaqla, ümumilikdə 4116 (dörd min bir yüz on altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 61,16 (altmış bir manat, on altı qəpik) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar