Məhkəmə qərarları › İş №e-2(125)-2417/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2417/2024

18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2417/2024 18.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “əmlak və ya dəyərinin alınması” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mülki işin mübahisəsiz hallarına əsasən, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00665955 saylı müqavilədən və qiymət cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən qiyməti 1072 manat olan HOFFMANN markalı kondisioneri, hissə-hissə ödəmək şərti ilə nisyə qaydada satın almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 24 ay ərzində hər ayın 16-ı tarixində ayda 44 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. xx.xx.2019-cu il tarixli zəmanət talonundan görünür ki, “Hoffmann İWAC” markalı kondisioner üçün satıcı tərəfindən 3 il müddətinə zəmanət verilmişdir. İlk iddia üzrə iddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə “Hoffmann İWAC” markalı kondisioner üçün 1012 manat borc, 50 manat cərimə məbləği, 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 1092 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh (ilkin iddia üzrə iddiaçı) "xxxx" MMC-yə qarşı “qüsurların aradan qaldırılması və zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia irəli sürərək ilk iddia rədd edilməklə cavabdeh "xxxx" MMC-dən alınmış “Hoffmann İWAC” markalı kondisionerin qüsurlarının cavabdeh tərəfindən əvəzsiz aradan qaldırılması və ona dəymiş 10000 manat mənəvi zərərin əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-89/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair ilk iddiası təmin edilməmiş, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əşyanın qüsurlarının aradan qaldırılması və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, 16 may 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı Hoffmann İWAC markalı kondisionerin qüsurunun "xxxx" MMC tərəfindən əvəzsiz olaraq aradan qaldırılması qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. Hazırkı iş üzrə iddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıdan əldə etdiyi, istifadəsində olan, lakin dəyəri ödənilməyən “Hoffmann İWAC” markalı kondisionerin iddiaçıya qaytarılmasına dair, bu mümkün olmadıqda isə sözügedən malın dəyəri olan 1012 (bir min on iki manat) AZN məbləğində pulun və 31.13 AZN ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Hoffmann İwac markalı kondisioner almış və nəticədə 1113 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixində alqı-satqı qiyməti 1072 manat (yəni 24 ay x 44 manat + 16 manat ilkin ödəniş) olan Hoffmann İwac markalı kondisioner üçün ümumilikdə 1113 manat olmaqla ondan 1012 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 101 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 60 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2019-cu il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil- təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Bundan başqa, cavabdehə qarşı daha öncə pul tələbinə dair iddiamız olmuş və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-89/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiamız təmin edilməmişdir. Belə ki, həmin işdə cavabdeh də qarşılıqlı iddiaçı olaraq çıxış etmişdir. Məhkəmə yekunda qət etdi hissəsində belə nəticəyə gəlmişdir ki, ilkin idda (yəni bizim iddiamız) təmin edilməsin, qarşılıqlı iddia qismən təmin edilsin. Yəni cavabdehin əldə etdiyi kondisionerin qüsuru iddiaçı tərəfindən əvəzsiz olaraq aradan qaldırılsın. Sözügedən məhkəmə araşdırması zamanı müəyyən edilən halları mübahisə etmədən sadəcə onu vurğulamaq istəyirik ki, iş üzrə müstəqil ekspertiza mərkəzi MMC-nin əməkdaşı rəy vermiş, həmin rəydə də göstərilib ki, kondisioner işlək vəziyyətə gətirilmiş və əlavə səs müəyyən edilməmişdir, lakin cavabdehin təqdim etdiyi video görüntülərə əsasən, yəni cihaz yoxlanılmadan rəy verilmişdir ki, kondisionerdə əlavə səslər var. Qüsur kimi bildirilən kondisionerin çöl blokundan gələn səslər olmuşdur. Müstəqil ekspertiza mərkəzi də sırf videolara baxaraq belə rəy vermişdir. Məhkəmə də bu rəyi əsas tutaraq iddiamızı təmin etməmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-89/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsində maraqlı məqam odur ki, məhkəmə ilkin iddiam rədd etmiş, lakin dəyəri ödənilməyən kondisioneri qüsurunu aradan qaldırdıqdan sonra da cavabdehin istifadəsində saxlamışdır. Belə çıxır ki, cavabdeh pulu ödəmədiyi cihazı saz vəziyyətdə istifadə etməyə davam etməlidir. Hesab edirik ki, məhkəmə həmin hissəni nəzərdən qaçırmış və o hissəyə qiymət verilməmişdir. Çünki, bu zaman iddiaçının da qanuni mənafeyi pozulur, yəni satdığı əşyanın sazlığını təmin edir, lakin qarşılığında pulunu ala bilmir. Bir digər məqam isə odur ki, qətnamə çıxandan sonra cavabdeh cihazın qüsurunun aradan qaldırılması ilə bağlı müraciət etməmiş, belə bir tələbi olmamışdır da. Yəni, 3 ilə yaxındır ki, kondisioner cavabdehin istifadəsindədir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-89/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsində cihazın saz vəziyyətə gətirilməsindən sonra satıcı olaraq bizə ödənişlərin davam etdirilməsi məsələsi əksini tapmadığından , lıərnin hissədə boşluq olduğundan və 3 ilə yaxındır cavabdeh maldan istifadə etdiyindən xx.xx.2023 tarixində yenidən cavabdehə bildiriş göndərilmişdir, lakin cavabdeh bildirişi qəbul etməkdən imtina etmişdir və poçt zərfi “qəbul etmədi” qeydi ilə bizə qaytarılmışdır. Cavabdehə göndərilən yeni bildirişdə də, məhsulu iddia etdiyi kimi qüsurlu olduğu halda bizə qaytarması, əks halda dəyərini ödəməsi xahiş edilmişdir. Bildiriş ərizəyə əlavə ediləcəkdir. Cavabdeh göründüyü kimi bildirişi belə qəbul etmir, cihazın təmirini vaxtında tələb etməmişdir. Bugünə qədər dəyərini ödəmədiyi mala sahiblik etmiş və ondan istifadə etməkdədir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-89/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsində də münasibət bildirilmədiyindən, hesab edirik ki, cavabdeh dəyərini ödəmədiyi məhsulu mülkiyyətçi kimi bizə qaytarmalı, bu mümkün olmadığı halda isə dəyərini ödəməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizələrin məzmununa uyğun izhaat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi “Hoffmann İWAC” markalı kondisionerin iddiaçıya qaytarılmasına razı olduğunu, həmin məhsulun dəyərinin ödənilməsinə razı olmadığını bildirdi. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Hazırkı iş üzrə iddiaçı mübahisəli əşyanın, bu mümkün olmadıqda dəyərinin cavabdehdən alınmasını xahiş etmiş, cavabdeh isə əmlak qaytarılması hissəsində iddia tələbini qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı tələbinin cavabdeh tərəfindən etiraf edilərək qəbul olunan hissəsini sübut etmək vəzifəsindən azaddır. Bununla yanaşı, cavabdehin iddianı qismən etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Buna görə məhkəmə hesab edir ki, iddianın cavabdeh tərəfindən etirafı qəbul edilməli, mübahisəli kondisioner cavadehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin etirafı qəbul olunaraq iddia qismən təmin olunduğundan və mübahisəli kondisioner cavadehdən alınaraq iddiaçıya təhvil verilməli olduğundan, əşyanın dəyərinin tutulması hissəsində iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq məhkəmə xərci olan dövlət rüsumunun əvəzi qismində 31.13 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Hoffmann İWAC” markalı kondisioner alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 (otuz bir) manat 13 (on üç) qəpik pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar