Məhkəmə qərarları › İş №e-2(125)-242/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-242/2023

16.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-242/2023 16.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın himayədə saxlanılması və aliment” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Hazırkı mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı (bundan sonraiddiaçı) ilə Cavabdeh (bundan sonra-cavabdeh) arasında xx.xx.2020-ci il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsində 1684 akt qeydi ilə nikah bağlanmışdır. Tərəflərin birgə nikahından xx.xx.2021-ci il təvəllüdlü X2 doğulmuşdur. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında xx.xx.2020-ci il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsində 1684 akt qeydi ilə rəsmiləşdirilən nikahın pozulması, həmin nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X1 onun himayəsində saxlanılması və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xeyli vaxtdır ayrı yaşayırlar. Bundan sonra ərarvad kimi yaşamaqları və ailənin mövcudluğunu saxlamaq qeyri-mümkündür. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsindən və iddiaçının məhkəmə iclasında verdiyi izahatından aydın oldu ki, tərəflər uzun müddətdir ayrı-ayrılıqda yaşayırlar, birgə təsərrüfat aparmırlar. Onların barışması qeyri-mümkündür. Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə hesab edir ki, tərəflər ayrı-ayrı yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onlar biri-digəri qarşısında nikahdan irəli gələn ər-arvadın birbirini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahlarının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur. Digər tərəfdən, məhkəmə tərəflərə barışmaları üçün 3 ay vaxt vermiş, lakin onlar təyin edilmiş müddət ərzində də barışmamışlar. Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə yaşamaları və onların ailələrinin saxlanması qeyri-mümkün olduğundan, habelə tərəflər barışmaları üçün təyin edilmiş müddət ərzində də barışmadıqlarından və hazırda iddiaçı nikahın pozulmasını təkid etdiyindən, tərəflərin nikahları pozulmalıdır. Bununla yanaşı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən, məhkəmə nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın azyaşlı olması, onun ana qayğısına ehtiyacının olması, habelə cavabdehin uşağın onun himayəsinə verilməsi barədə tələb irəli sürməməsi nəzərə alınaraq, nikah pozulduqdan sonra faktiki vəziyyətə uyğun olaraq uşaq anasının (iddiaçının) yanında saxlanılmalıdır. Digər tərəfdən, Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Həmin Məcəllənin 75.1ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlama borcludurlar. Həmin Məcəllənin 75.4cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 30 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 180 manat sabit pul məbləğində müəyyən edilməli, alimentin tutulma müddətinin əvvəli Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və mediasiya prosesində çəkilən xərc tərəflərə bərabər şəkildə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun və mediasiya xərcinin yarısı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 -ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsində 1684 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Nikah pozulduqdan sonra xx.xx.2021-ci il təvəllüdlü X2 İddiaçı yanında saxlanılsın. xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 180 manat (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumunun əvəzi kimi 25 (iyirmi beş) manat və mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar