Məhkəmə qərarları › İş №e-2(125)-2463/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2463/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2463/2023 27.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC, vurulmuş ziyana görə ödənilmiş 250 manat sığorta ödənişinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, cavabdehin etibarnamə əsasında idarə etdiyi “VAZ 21104” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı (bundan sonra - Sığortalı avtomobil) xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək iddiaçı tərəfindən icbari sığorta növü üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixdə sığorta hadisəsi baş vermiş, cavabdehin etibarnamə əsasında idarə etdiyi “VAZ 21104” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, M.C.Paşayev küçəsində X1 etibarnamə əsasında idarə etdiyi “Hyundai HD35” markalı **-JY-*** dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşmuşdur. Cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində o, Gəncə şəhəri X4 Şöbəsinin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. “Hyundai HD35” markalı **-JY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə dəymiş zərər 250 manat məbləğində qiymətləndirilərək, həmin məbləğdə pul vəsaiti iddiaçı tərəfindən zərərçəkən X2 ödənilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin idarə etdiyi sığortalı avtomobil ilə törədilmiş nəqliyyat hadisəsi nəticəsində X1 qanuni sahibliyində olan “Hyundai HD35” markalı **-JY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə maddi zərər dəymişdir. Baş vermiş hadisənin cavabdehin etibarnamə əsasında idarə etdiyi sığortalı avtomobil ilə törədilməsi iş materiallarına əlavə edilmiş İnzibati Xəta haqqında protokolda və müvafiq qərarda öz əksini tapmışdır. Hadisə nəticəsində əmlaka dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, X2 250 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları qeyd edilmiş, bu barədə müvafiq xəbərnamə işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Qeyd edilən qanun normalarının mənasından görünür ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. İcbari sığorta münasibətləri ilə bağlı bu hüququn yaranması üçün zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi və sığotaçının subroqasiya hüququnun yaranmasına əsas verən “İcbari sığortlara haqqında” Qanunda nəzərdə tutulmuş əsasların olması əsas şərtdir. İşin materialları ilə müəyyən edilir ki, cavabdeh idarə etdiyi sığortalı avtomobillə xx.xx.2021-ci il tarixdə sığorta hadisəsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai HD35” markalı avtomobil zədələnmişdir. Eyni zamanda, iş materialları ilə müəyyən edilir ki, sığorta hadisəsi baş verdikdən sonra cavabdeh hadisə yerini tərk etmişdir. Bu hərəkətlərinə görə cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törtməyə görə 100 manat məbləğində cərimə edilmişdir. Həmçinin, iş materiallarında olan PXA88297 nömrəli, xx.xx.2021-ci il tarixli sığorta aktından, "xxxx" MMC tərəfindən təqdim olunan xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktından və müvafiq ödəniş tapşırığından görünür ki, sığorta hadisəsinin törədilməsi nəticəsində dəymiş maddi zərərə görə 250 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxsə (X2) ödənilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin təqsiri nəticəsində sığorta hadisəsi baş verdiyindən və o, hadisə yerini tərk etdiyindən, eləcə də sığortalanmış əmlaka vurulmuş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, iddiaçı subroqasiya tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də, iddiaçı tərəfindən ödənilmiş 250 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar iddia tələbinin əsaslı olduğunu təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Eyni zamanda, Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni də müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 250 (iki yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar