Məhkəmə qərarları › İş №e-2(125)-2503/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-2503/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-2503/2024 02.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdim: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, göy rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılmasına, Cavabdeh 13 avqust 2020-ci il tarixli, MAS-2623 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 mart 2024-cü il tarixə 1753,97 manat gecikdirilmiş əsas, 226,80 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 431,28 manat dəbbə pulu, cəmi 2412,05 manat borc və ödənilmiş 100,40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsində qeyd edilmişdir ki, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi dövlət rüsumu tutulur. MPM-in 112.1.2-ci maddəsinə əsasən iddianın qiyməti əmlakın tələb edilməsi haqqındakı iddialarda - tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia üzrə iddiaçı tələb edilən əmlakın dəyərinə mütənasib olaraq 147,26 manat dövlət rüsumu ödəməli olduğu halda 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi üzrə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəmədiyindən və ya həmin məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəsinə əlavə etmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar