Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2575/2024 15.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X2, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Vaz 21053” markalı, ** BH *** dövlət nömrə nişanlı avtomobil Gəncə şəhəri, S.Rəhimov küçəsi ilə hərəkət edən zaman manevretmə qaydalarını pozmuş, nəticədə, “Lifan 215800” markalı, ** DG *** dövlət nömrə nişanlı avtomobillə və “Toyota Auris” markalı, ** HU *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Gəncə şəhər BPİ-nin DYPŞ-i tərəfindən tərtib olunan inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən “Vaz 21053” markalı, ** BH *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Lifan 215800” markalı, ** DG *** dövlət nömrə nişanlı avtomobilə 220 (iki yüz iyirmi) manat və “Toyota Auris” markalı, ** HU *** dövlət nömrə nişanlı avtomobilə 450 (dörd yüz əlli) manat olmaqla, ümumilikdə 670 (altı yüz yetmiş) manat maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə, İAS231984 saylı, xx.xx.2024-cü il tarixli və İAS231985 saylı, xx.xx.2023-cü il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən ümumilikdə 670 (altı yüz yetmiş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Odur ki, Cavabdeh 670 (altı yüz yetmiş) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğini 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 700,40 (yeddi yüz manat, qırx qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İşdə olan Gəncə Şəhər DYPŞ-də inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, həmin qərarla Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 327.6-cı maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.6-cı maddəsinə əsasən, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə-yüz manat məbləğində cərimə edilir. Beləliklə, tədqiq edilən sübutlarla müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə yolnəqliyyat hadisəsinin baş verməsindən sonra Cavabdeh hadisə yerindən yayınmışdır. İşdə olan xx.xx.2013-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin göndərişi əsasında 450 manat sığorta ödənişi X1-ın AZ65UBAZ**********1010AZN001 saylı hesabına ödənilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin göndərişi əsasında 220 manat sığorta ödənişi X3-in AZ23AİİB**********0295179206 saylı hesabına ödənilmişdir. İş materiallarından görünür ki, Cavabdeh məhkəmə bildirişi poçt vasitəsilə göndərilmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsindən sonra Cavabdeh hadisə yerindən yayınmış, buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələri ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilmişdir. Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-yə dəymiş 670 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdeh tərəfindən ödənilməmişdir. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun; -20.2-ci maddəsinə əsasən, Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. -23.1.6.-ci maddəsinə əsasən, sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüquqları vardır. -25.1. və 25.1.8-ci maddələrinə əsasən, bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. -63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Beləliklə, məhkəmə işin müəyyən edilən faktiki hallarına bu hallara tətbiq edilməli olan yuxarıda qeyd olunan maddi hüquq normalara uyğun hüquqi qiymət verib, hesab edir ki, iddia qanini əsaslıdır və ona görə də təmin edilməli, Cavabdeh 670 (altı yüz yetmiş) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Bundan başqa iş materiallarından müəyyən edilir ki, hazırki iddianın qaldırılması üşün "xxxx" ASC tərərfindən 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. İddia təmin edildiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzi kimi 30,40 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 670 (altı yüz yetmiş) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzi kimi 30,40 (otuz) manat 40 qəpik məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-2575/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2575/2024
15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver