Məhkəmə qərarları › İş №e-2(125)-2652/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2652/2025

01.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2652/2025 01.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X22 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı hüquq varisi X8 nümayəndəsi vəkil Nümayəndə1, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların nümayəndəsi vəkil Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlaka tam payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlaka tam payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X9 miras qalmış ünvan 1 ünvanlı əmlakın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlak üzərində onun tam payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum atası X17 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Ondan miras qalmış ünvan 1 ünvanlı əmlakı faktiki idarə etməklə qəbul etmişdir. Miras qoyan X10 birinci növbə vərəsələri o, bacıları Cavabdeh1 və Cavabdeh2dır. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bacılarıyla miras əmlakla bağlı mübahisələri vardır. Mübahisələri ondan ibarətdir ki, onlar (cavabdehlər) miras əmlakı qəbul etməmişlər. Belə ki, bacısı Cavabdeh1 xx.xx.1991-ci il tarixdə X20 ilə ailə həyatı quraraq mübahisəli miras əmlakı tərk etmişdir. Digər bacısı Cavabdeh2 isə xx.xx.1993-cü il tarixdə X18 ilə ailə həyatı quraraq mübahisəli miras əmlakı tərk etmiş, yalnız evə qonaq kimi gəlib-getmişdir. 1 saylı Gəncə Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisi xx.xx.2025-ci il tarixli, №780 nömrəli məktubu mübahisənin olduğu təsdiq edilmişdir. Ona görə də, miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilərək, həmin əmlaka tam pay hüququnun tanınmasına dair məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra, İddiaçı xx.xx.2025-ci il tarixdə ölmüşdür. Bundan sonra onun oğlu X15 ölənin prosessual hüquq varisi kimi iddia tələbini davam etdirmişdir. Məhkəmədə İddiaçı varəsəsi (prosessual hüquq varisi) X8 nümayəndəsi vəkil Nümayəndə1 iştirak etmiş, iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun gələn izahat vermiş, cavabdehlərin atalarından qalmış mirası nə formal sənədləşmə yolu ilə, nə də ki, faktiki olaraq qəbul etmədiklərini bildirmiş, sonda irəli sürülən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iştirak etmiş, ona qarşı irəli sürülən iddiaya etiraz etmiş, izahatında bildirmişdir ki, hələ valideynləri sağ ikən ailə qurub, gəlin kimi başqa ünvana-ər evinə köçsə də, ata evi ilə əlaqəsini kəsməmiş, həmin evdə yaşayan valideynlərinin qulluğunda durmuş, mütəmadi olaraq, həmin evə gəlib getmişdir. Hesab edir ki, bununla da atasından qalmış mirası faktiki qəbul etmişdir. Cavabdeh1 məhkəməyə ərizə verərək, atalarından miras qalmış əmlakdan qanun üzrə vərəsə kimi onun da payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə sual cavab zamanı Cavabdeh1 məhkəməyə bildirmişdir ki, həmin evdə ona məxsus olan əşyalar var idi, lakin həmin əşyaları qardaşının ölümündən sonra qardaşı oğlu X15 tərəfindən evdən çölə atılmışdır, ancaq bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməmişdir və bu halın təsdiqi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilmir. Məhkəmədə digər Cavabdeh2 iştirak etmiş, ona qarşı irəli sürülən iddiaya etiraz etmiş, Cavabdeh1 ilə oxşar məzmunlu izahat verərək, bildirmişdir ki, hələ valideynləri sağ ikən ailə qurub, gəlin kimi başqa ünvana-ər evinə köçsə də, ata evi ilə əlaqəsini kəsməmiş, həmin evdə yaşayan valideynlərinin qulluğunda durmuş, mütəmadi olaraq, həmin evə gəlib getmişdir. Hesab edir ki, bununla da atasından qalmış mirası faktiki qəbul etmişdir. Cavabdeh2 məhkəməyə ərizə verərək, atalarından miras qalmış əmlakdan qanun üzrə vərəsə kimi onun da payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Məhkəmədə sual cavab zamanı Cavabdeh2 məhkəməyə bildirmişdir ki, həmin evdə ona məxsus olan əşyalar var idi, lakin həmin əşyaları qardaşının ölümündən sonra qardaşı oğlu X15 tərəfindən evdən çölə atılmışdır, ancaq bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməmişdir və bu halın təsdiqi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilmir. Məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi vəkil Nümayəndə2 iştirak etmiş, cavabdehlərin valideynlərindən qalmış mirası faktiki qəbul etdiklərini bildirmişdir. Nümayəndə həmçinin, iddiaya etiraz dəlillərində qeyd etmişdir ki, təmsil etdiyi cavabdehlərin ataları X17 xx.xx.2013-cü il tarixdə ölsə də, həmin vaxt mirasın açılma vaxtı deyildir. ünvan 1 ünvanlı əmlak 15 mart 2025-ci il tarixdə mərhum X10 adına mülk kimi qeydə alınmışdır. Hesab edir ki, mirasın açılma tarixi məhz 15 mart 2025-ci il tarixidir. Ona görə də tərəflər arasında yaranmış münasibətlərə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı tətbiq edilməli və cavabdehlərin atalarından qalmış miras əmlakda iddiaçı ilə bərabər payları müəyyən edilməlidir. Məhkəmədə şahid kimi ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, 1988-ci ildə Ermənistandan köçüb gəlmiş və həmin vaxtdan da iddiaçının yaşadığı ünvanla qonşu ünvanda yaşayırlar. X16 üç uşağının olduğunu, uşaqlardan ikisinin qız, birinin oğlan olduğunu qeyd etdi. Kamran Verdiyev öləndə artıq qızları həmin ünvandan köçüb, ərə getmişdilər və hərəsi öz ailəsi ilə yaşayırdılar. Kamranın ölümündən sonra həmin ünvanda Kamranın arvadı, oğlu Nizami və Nizaminin ailəsi yaşamışdır. Hazırda həmin ünvanda yalnız Nizaminin ailəsi yaşayır. X6rının isə hərdən bir qonaq kimi, anaları xəstə olanda gəldiklərini, analarına bir saatlıq baş çəkib getdiklərini nəzərə çatdırdı. Məhkəmədə şahid kimi ifadə vermiş Şahid2 ifadəsində bildirmişdir ki, anadan olandan Kamran Verdiyevin mənzili ilə qonşu ünvanda yaşamışdır. Kamran babanı tanısa da, onun qızlarının, yəni Nizaminin bacılarının olduğunu bilməmişdir. Kamran Verdiyevin ölümündən sonra həmin ünvanda yalnız İddiaçı ailəsinin yaşadığını göstərmişdir. Məhkəmədə şahid kimi ifadə vermiş X3 ifadəsində bildirmişdir ki, cavabdeh Mətanətin atası, anası xəstə olanda Mətanət gəlib onların yanında qalıb, onlara qulluq edib. Elə vaxt olub ki, ailəsi başqa ünvanda, Mətanət isə xəstə atası, anasına baxmaq üçün onların yanında qalıb. Məhkəmədə şahid kimi ifadə vermiş Şahid4 ifadəsində bildirmişdir ki, özü tibb bacısıdır. Mətanət uzun illər bundan əvvəl gəlin kimi onunla qonşu ünvana köçüb və hazırki vaxtadək həmin ünvanda öz ailəsi ilə yaşayır. Mətanətin ata evində kimin yaşadığını bilmir. Ancaq həmin evə Mətanətin anasına sistem etmək üçün gedib, orada ona Mətanət çay verib. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və mərhum X9 miras qalmış ünvan 1 ünvanlı əmlakda yalnız mərhum İddiaçı qanun üzrə birinci növbəli vərəsəsi X8 payı müəyyən edilməlidir. Belə ki, işdə olan ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X17 xx.xx.2013-cü ildə ölmüşdür. Mülki işin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,9 kv.m olan mənzil tam mülkiyyət hüququ ilə X10 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunan ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı xx.xx.2025-ci ildə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X5 xx.xx.2021-ci ildə ölmüşdür. İş materiallarında olan 2 saylı Gəncə regional ASAN Xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin 26 mart 2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X12 aid 26 mart 2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onun ailə tərkibi haqqında aşağıdakı məlumatlar aşkar edilmişdir. xx.xx.2021-ci ildə vəfat etmiş arvadı-X5, xx.xx.1968-cü il tarixdə anadan olmuş oğlu-İddiaçı, xx.xx.1971-ci il tarixdə anadan olmuş qızı-Cavabdeh1 və xx.xx.1975-ci il tarixdə anadan olmuş qızı-Cavabdeh2. İş materiallarında olan Gəncə 1 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixli ərizələrinə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145 maddəsinə əsasən “Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.’’Həmin Məcəllənin 1146 maddəsinə əsasən Miras qoyanın gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır”. Mülki Məcəllənin 1243.1 və 1243.2 maddələrinə əsasən “Mirası istər üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsələrin hər biri könüllü surətdə notariat ofisinə müraciət edib, qanunla müəyyən olunmuş ərzində mirasın qəbuluna və ya miras paydan imtinasına dair öz razılığını bildirməlidirlər. Lakin təqdim etdiyiniz xx.xx.2025-ci il tarixli ərizələrindən görsənir ki, miras əmlak üzərində miras X10 vərəsələri arasında mübahisə mövcüddur. Odur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən “Miras şərikləri arasında bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır.”Ona görə də, mirasın qəbuluna dair razılığa gələ bilmədiyiniz üçün aidiyyəti üzrə Məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Beləliklə, məhkəmədə tədqiq edilmiş sübutlarla işin faktiki halları kimi müəyyən olunmuşdur ki, mirasqoyan X17 xx.xx.2013-cü ildə ölmüşdür. Ondan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,9 kv.m olan mənzil miras qalmışdır. Mərhum mirasqoyan X10 arvadı-X5 xx.xx.2021-ci ildə ölmüşdür. Onların birgə nikahından üç övladı anadan olmuşdur. X10 oğlu- İddiaçı hazırki iddianı qaldırdıqdan sonra-xx.xx.2025-ci ildə ölmüşdür. Mərhum mirasqoyan X10 qızları-hazırki işdə cavabdehlər-Cavabdeh1 və Cavabdeh2 sağdırlar. Mərhum İddiaçı hazırki iddianı qaldıraraq, mərhum atası X9 qalmış mirasın yalnız onun tərəfindən faktiki qəbul edildiyini bildirmiş və miras əmlak üzərində onun tam payının müəyyən edilməsini xahiş etmişdir. Cavabdehlər iddiaya etiraz edərək, mirasın onlar tərəfindən də faktiki qəbul edildiyini iddia etmişlər və miras əmlak üzərində onların da paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iddianın maddi hüquqi əsasları ilə bağlı ilk növbədə aşağıdakıları qeyd etməyi vacib hesab edir. İş üzrə mirasqoyan mərhum X17 xx.xx.2013-cü ildə öldüyündən və vərəsəlik həmin tarixdən açıldığından mübahisəli münasibətlərə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, mübahisə predmeti əsasən miras əmlakın hüquqi müqəddəratının müəyyən edilməsi ilə bağlı olduğundan həmin əmlakda kimlərin payının olduğu məsələsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideyinlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Baxılan işdə işin mübahisəsiz faktiki halı kimi müəyyən olunur ki, iddia qaldırmış İddiaçı mərhum atası X9 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzildə hələ valideynlərinin sağlığında onlarla birlikdə yaşamış, onların ölümündən sonra da, həmin mənzildə yaşamaqda davam etmiş, bununla da mərhum atasının qanun üzrə birinci növbəli vərəsəsi olmaqla, ondan qalmış mirası faktiki qəbul etməklə idarə etmişdir. Belə halda, məhkəmə hesab edir ki, İddiaçı atasından qalmış mirası faktiki qəbul etməsi işin mübahisəsiz faktiki halı kimi təsdiq olunandır. Artıq yuxarıda qeyd edildiyi kimi, cavabdehlər də mərhum X10 qanun üzrə birinci növbəli vərəsələri kimi, ondan qalmış mirası faktiki qəbul etdiklərini iddia etmişlər. Məhkəmə mirasqoyanın öldüyü vaxt qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinin müəyyən etdiyi qaydalara əsaslanmaqla belə qənaətə gəlir ki, cavabdehlərin atalarından qalmış həmin mirası faktiki qəbul etmələri işin faktiki halları kimi təsdiq olunan deyildir. Həmin qanun normasının mətninə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə göstərir ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. İstər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə və onun payı bölünə bilər ki, o, mirası qanunla müəyyən edilmiş müddətlər ərzində qəbul etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla həyata keçirilir Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə göstərir ki, iş üzrə cavabdehlərin hələ valideynlərinin sağlığında ailə qurmaları və gəlin kimi ər evinə köçmələri və daimi olaraq öz ailələri ilə birlikdə başqa ünvanlarda yaşamaları işin mübahisəsiz faktiki hallarıdır. Həm mərhum iddiaçı iddia ərizəsində, həm də məhkəmədə ifadə vermiş şahidlər Şahid1 və Şahid2 ifadələrində cavabdehlərin ailə qurduqdan sonra miras mənzildə yaşamadıqlarını bildirmişlər. İddiaçı varəsəsi (prosessual hüquq varisi) X8 nümayəndəsi vəkil Nümayəndə1 işin bu halını izahat verərkən bir daha məhkəməyə bildirmişdir. Cavabdeh tərəfin vəsatəti əsasında məhkəmədə dindirilmiş şahidlər X3 və Şahid4 da ifadələrində cavabdehlərin yalnız analarının xəstə olduqları vaxtlarda onlara qulluq etmələri üçün həmin ünvana gəldiklərini bildirmişlər. Cavabdehlərin müəyyən vaxtlarda xəstə analarına baş çəkmək, ona qulluq etmək üşün həmin ünvana gəlmələri, onların həmin mirası faktiki qəbul etdiklərini təsdiq edən hərəkətlər kimi qiymətləndirilə bilməz. Həmçinin, cavabdehlərin özlərinin də izahatlarından müəyyən edilir ki, miras mənzildə onların heç bir əşyası yoxdur. Cavabdehlər həmin mənzildə onlara məxsus olan əşyaların olduğunu, ancaq, həmin əşyaların qardaşlarının ölümündən sonra çölə atıldığını iddia etsələr də, bununla bağlı məhkəməyə öz izahatlarından başqa heç bir sübut təqdim edə bilməmişlər. Beləliklə də, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna onlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, cavabdehlərin atalarından qalmış həmin miras əmlakı faktiki qəbul etmələri işin faktiki halı kimi müəyyən edilmir. Bundan başqa, cavabdehlərin nümayəndəsi mirasın mirasqoyan X10 öldüyü xx.xx.2013-cü il tarixdə deyil, mirasın DƏDR-də qeydə alındığı 15 mart 2025-ci ildə açıldığını bildirmiş, həmin vaxt, yəni 15 mart 2025-ci ildə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinin artıq qüvvədə olmadığını iddia etmiş və ona görə də, cavabdehlərin mirası faktiki qəbul edib-etməmələrindən asılı olmayaraq, onların da miras əmlakda paylarının müəyyən olunmalı olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, həmin dəlillər də əsasızdır. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Qeyd edilən maddi hüquq normalarının mətn və məzmunlarından müəyyən edildiyi kimi, qanunverici mirasın açılma vaxtını yalnız mirasqoyanın öldüyü anla müəyyənləşdirmişdir. Göründüyü kimi, mirasın açılma vaxtı heç bir halda miras əmlakın qeydə alındığı anla əlaqələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilmişdir. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırki mübahisə mirasqoyan X10 öldüyü xx.xx.2013-cü il tarixdə qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarı bu mübahisə üzrə işə şamil edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə qərara gəlir ki, miras əmlakda cavabdehlərin paylarının müəyyən edilməsi üçün əsaslar yoxdur, ona görə də, iddia əsaslı olduğundan təmin edilməli, mərhum mirasqoyan X9 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,9 kv.m olan mənzilin yalnız ölənin qanun üzrə birinci növbəli vərəsəsi İddiaçı tərəfindən faktiki qəbul edildiyi müəyyən edildiyindən, həmin əmlak üzərində İddiaçı qanun üzrə vərəsələrinin payı müəyyən edilməlidir. İş materiallarında olan və notarius tərəfindən təsdiq edilmiş ərizələrdən müəyyən olunur ki, miras əmlakla bağlı mərhum İddiaçı qanun üzrə vərəsələri arasında mübahisə yoxdur və onun bütün qanun üzrə birinci növbəli vərəsələri həmin miras əmlak üzərində onun oğlu X8 tam payının müəyyən edilməsinə razıdırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Mərhum mirasqoyan X9 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,9 kv.m olan daşınmaz əmlak üzərində X10 mərhum oğlu-İddiaçı qanun üzrə birinci növbəli vərəsəsi X8 tam payı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov                Copyright © 2025 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ssssssssss Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə  qətetdi: İddia təmin edilsin. X2 miras qalmış “Mercedes C180” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı və “Vaz 2107” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomaşınlar üzərində və mərhum X4 miras qalmış ünvan 7 ünvanda yerləşən, 0,0395 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 126,8 kvadratmetr olan fərdi yaşayış evindən ibarət miras əmlak üzərində ölənlərin qanun üzrə vərəsəsi İddiaçı tam payı müəyyən olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar