Məhkəmə qərarları › İş №e-2(125)-2681/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2681/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2681/2025 20.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı QSC-nin Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh lizinq obyektinə vurduğu zərərin məbləği olaraq 988 manat, törətdiyi inzibati xətalara görə ödənilmiş cərimə məbləği olaraq 294 manat, ekspert rəyinin alınması üçün ödənilmiş rüsum olaraq 30 manat, məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 34 manat olmaqla, ümumilikdə cəmi 1346 manat pulun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi ilə bağlı qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2024 tarixli, AFLZ00-000174 saylı 4000 manat dəyərində daxili lizinq müqaviləsi bağlanmışdır. Lizinq obyekti 2007-ci il istehsalı, 20AE923 dövlət qeydiyyat nömrə nişanlı, göy metallik rəngli “Renault” markalı “Megane” model minik avtomobili olmuşdur. Cavabdeh həmin daxili lizinq müqaviləsinin tələblərini pozaraq lizinq obyekti olan avtomobilə maddi zərər vurmuş, o cümlədən, avtomobil onun istifadəsində olan müddətdə yol-hərəkət qaydalarını pozaraq inzibati xəta törədib cərimələnmişdir. Təşkilat tərəfindən həmin cərimələr ödənilmişdir. Avtomobilə dəymiş maddi zərər ekspert rəyi ilə qiymətləndirilmişdir. Cavabdehin avtomobili idarə etdiyi zaman törətdiyi inzibati xətalarla bağlı təşkilat tərəfindən ödənilmiş cərimələrin ümumi məbləği 294 manat təşkil etmişdir. Cavabdeh tərəfindən lizinq obyekti olan avtomobilə vurulmuş maddi zərərin məbləği 988 manat təşkil etmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. xx.xx.2024-cü il tarixli, AFLZ00-000174 nömrəli daxili lizinq müqaviləsi və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, 4000 manat dəyərində “Renault Megane” minik markalı, göy metallik rəngli, istehsal ili 2007-ci il, VF1BM1BOE38313469 ban nömrəli avtomobil muzdla lizinq alan Cavabdeh müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Lizinq alan Cavabdeh müəyyənləşdirilmiş dövriliklə illik 48% hesablanmaqla 24 aylıq müddətə hər ay 262,35 manat, sonuncu ayda isə 261,85 manat olmaqla, ümumilikdə 4000 manat muzd ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Renault Megane” minik markalı, göy metallik rəngli, istehsal ili 2007-ci il, VF1BM1BOE38313469 ban nömrəli avtomobil Cavabdeh təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, BD548832 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Renault Megane” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı QSC-nin mülkiyyətindədir. xx.xx.2025-ci il tarixli, EQ 26814440 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Cavabdeh İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli, EQ 25102091 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Cavabdeh İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli, EQ 23924348 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli, EQ 22078594 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 22243076 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 23528168 nömrəli və xx.xx.2024-cü il tarixli, EQ 23878289 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarların surətlərindən görünür ki, Cavabdeh İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə cəmi 40 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli, EQ 21904831 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Cavabdeh İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 20 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə İXM-nin 346.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərinin surətlərindən görünür ki, inzibati tənbeh vermə haqqında elektron qərarlar və inzibati xəta haqqında protokol üzrə dəbbə pulu ilə birlikdə cəmi 294 manat məbləğində cərimə ödənilmişdir. Gəncə “Avtomotoservis və Ticarət” müəssisəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli akt-rəyin surətindən görünür ki, qəzaya uğramış “Renault Megane” minik markalı, **- AE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 988 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli, 022930 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, avtomobildə olan qüsurların aşkarlanması və tələb olunan vəsaitin hesablanaraq akt-rəy hazırlanması xidmətinə görə Gəncə “Avtomotoservis və Ticarət” müəssisəsinə 30 manat xidmət haqqı ödənilmişdir. xx.xx.2025-ci il tarixli dəymiş ziyanln əvəzinin ödənilməsi ilə bağlı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı QSC tərəfindən ümumilikdə 1316 manat pulun ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh göstərilən ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinqalan daşıyır. MM-in 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)» Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2024-cü il tarixli, AFLZ00-000174 nömrəli daxili lizinq müqaviləsi bağlanmışdır. İddiaçı cavabdehə “Renault Megane” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili illik 48% hesablanmaqla 24 aylıq müddətə lizinq olaraq vermişdir. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, lizinq obyekti olan avtomobilə 988 manat məbləğində zərər vurmuş, həmçinin avtomobilin onun müvəqqəti sahibliyində və istifadəsində olduğu dövrdə yol-hərəkəti qaydalarını pozması nəticəsində cəmi 294 manat məbləğində cərimə edilmiş və həmin cərimə məbləği iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurduğu zərəri ödəməyə borclu olduğu üçün iddia təmin olunmalı, cavabdehdən 1312 manat pul alınaraq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 34 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 1312 (bir min üç yüz on iki) manat pul və dövlət rüsumunun əvəzi olaraq 34 manat alınaraq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar