Məhkəmə qərarları › İş №e-2(125)-2713/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2713/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2713/2023 02.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, «Meqa Sığorta» açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: 15 mart 2023-cü il tarixdə «Meqa Sığorta» açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin əvəzi qismində 2.113 manat 60 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 17 mart 2023-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icbari sığortaya dair məlumatdan görünür ki, «VAZ 21074» markalı ** EF *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə PME********** nömrəli mülki məsuliyyətin icbari sığortası müqaviləsi üzrə bir il müddətinə icbari sığorta olunaraq, sığorta təminatı almışdır. İş materiallarında olan şəxsin cinayət məsuliyyətindən azad olunması ilə bağlı cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, yolnəqliyyat hadisəsi törətmiş təqsirkar sürücü Cavabdeh zərərçəkmiş şəxs X4 ilə barışdığından sürücü Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh "X7" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğundan, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Gəncə şəhər BPİ-nin DYPŞnə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində «VAZ 21074» markalı ** EF *** dövlət qeydiyyat nişanlı avtomobil MKTİB-nin balansında olan 0.4 kv-lug işıq dayağına çırpılaraq, onun bir hissəsinin yararsız vəziyyətə salmış, ümumilikdə Şəhər Təsərrüfatına 613 manat 60 qəpik məbləğində maddi zərər dəymişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, İAS220885 saylı sığorta ödənişi aktının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə «Meqa Sığorta» açıq səhmdar cəmiyyəti tərəfindən Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı və İstehsalat Birliyinin balansında olan işıq dirəyinə dəymiş ziyana görə PME********** nömrəli «Mülki məsuliyyətin icbari sığortası müqaviləsi» üzrə 613 manat 60 qəpik məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, «Meqa Sığorta» açıq səhmdar cəmiyyəti tərəfindən Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı və İstehsalat Birliyinin AZ02NABZ********************saylı hesab nömrəsinə 613 manat 60 qəpik məbləğində pul vəsaiti köçürülmüşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X6» publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 94 nömrəli ekspert rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-burun sümüyünün açıq yerdəyişmiş sınığı, üst dodağın əzilmiş yarası-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, İAS220863 saylı sığorta ödənişi aktının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə «Meqa Sığorta» açıq səhmdar cəmiyyəti tərəfindən X3 dəymiş ziyana görə PME********** nömrəli «Mülki məsuliyyətin icbari sığortası müqaviləsi» üzrə 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Ə.Əliyev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsində X1 az ağır xəsarət, işıq dirəyinə və ağaca maddi zərər vurulmuşdur. Həmin yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh avtomobili idarəetmə hüququ (etibarnamə) olmadan idarə etdiyi, bu səbəbdən «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanunun 25.1.3-cü maddəsinə uyğun olaraq zərərçəkənə ödəniləcək olan sığorta ödənişinin ondan geri alınacağı izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin tələbinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə hesab edir ki, tərəflər arasındakı hüquq münasibətləri «subroqasiya hüququ» ilə bağlıdır və «subroqasiya hüququ» sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun sığortaçıya keçməsidir. Yəni «subroqasiya hüququ» müqavilə əsasında deyil, vurulmuş zərərin əvəzinin ödənilməsi nəticəsində, yaxud qanunun tələbi ilə əmələ gəlmişdir. Beləliklə, məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə, mülki məsuliyyətinin icbari sığortası üzrə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 2.113 manat 60 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 42 manat 40 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «Meqa Sığorta» açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh iddiaçı «Meqa Sığorta» açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 2.113 (iki min bir yüz on üç) manat 60 (altmış) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 42 (qırx iki) manat 40 (qırx) qəpik, cəmi 2.156 (iki min bir yüz əlli altı) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar