Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2775/2024 06.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin əvəzi qismində 787 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-2775/2024 nömrəli qərardadına əsasən mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, «VAZ 2108» markalı, ** NH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli, PSS********** nömrəli «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığorta şəhadətnaməsinə əsasən sığortalanmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixində Gəncə şəhəri, Sevinc qəsəbəsində avtomobili idarə edərkən «Lifan 320» markalı, 21 BG0 28 dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmiş və hadisə yerindən yayınmışdır. Gəncə şəhər DYPŞ-nin «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın»dan və Gəncə şəhər DYPŞ polis kapitanı X1 xx.xx.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 2021-ci ilin 27 may tarixində Gəncə şəhəri, Sevinc qəsəbəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh hadisə yerindən yayındığına və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.1, 332.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Zədələnmiş «Lifan 320» markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı müstəqil sığorta eksperti Əhməd Talıblının SS200954 saylı müstəqil ekspert rəyinə əsasən 787 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2021-ci il tarixli, İ-1611/21 saylı sığorta ödəniş aktına və xx.xx.2021-ci il tarixli 28102021-9300-264 saylı ödəniş tapşırığına əsasən 787 manat sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Faydalanan şəxsə ödənilmiş 787 manat məbləği cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır. Cavabdehə bu barədə xx.xx.2024-cü il tarixli, 24/062 saylı pretenziya məktubu da göndərilmiş, lakin müsbət nəticəsi olmamışdır. Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığortalanmış avtomobillə hadisə yerindən yayındığı üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.5-ci, «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddələrinə əsasən, "xxxx" ASC-nin ödənilmiş sığorta ödənişi məbləğində cavabdehdən subroqasiya hüququ əsasında tələb etmək hüququ yaranmışdır. xx.xx.2024-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi X2 mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı Cəzaçəkmə Müəssisəsində cəzaçəkən Cavabdeh göstərmişdir ki, o, iddiaya etiraz edir. O, dəymiş ziyanı 2021-ci ilin yanvar ayında sürücülük vəsiqəsini alan zaman 640 manat məbləğində pul vəsaitini X6 Polisinə ödəmişdir. Sonda Cavabdeh işə onun iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan icbari sığorta müqaviləsinin mövcudluğunun yoxlanılmasına dair məlumatdan görünür ki, «VAZ 2108» markalı, ** NH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən 1 il müddətinə «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığorta şəhadətnaməsinə əsasən sığortalanmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli, 1-1611/21 nömrəli sığorta ödənişi aktının surətindən görünür ki, xx.xx.2021-ci il tarixində Gəncə şəhəri, Sevinc qəsəbəsində yol nəqliyyat hadisəsi baş vermişdir. «VAZ 2108» markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobillə «Lıfan 320» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və «Lıfan 320» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil dəyən zərər 787 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 317-6455-1221 nömrəli «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə» arayışın surətindən görünür ki, «VAZ 2108» markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh nəqliyyat idarəetmə hüququ yoxdur. İşdə olan xx.xx.2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.1, 332.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan Cavabdeh Gəncə şəhəri DYPŞ-nin rəisinə verdiyi xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, «VAZ 2108» markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında almışdır. Həmin avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. xx.xx.2021-ci il tarixində günorta saatlarında yuxarda qeyd etdiyi avtomobillə X5 küçəsi istoqamətindən Sevinc qəsəbəsinə gedən yol ilə düzünə Sevinc qəsəbəsi istiqamətində hərəkət etmişdir. «Ümid» marketin bərabərliyinə yaxınlaşan zaman qarşısında eyni istiqamətdə düzünə hərəkətdə olan «Lifan 320» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil çıxmış və həmin avtomobilin sürücüsü yolda olan nasazlıq səbəbindən qarşısında əyləcə basıb dayanmışdır. Bunu gördükdə o, həmin avtomobilə dəyməmək üçün lakin məsafənin az olduğu üçün saxlaya bilməmişdir. Həmin avtomobilin arxasından dəyərək toqquşmuşdur hadisədən sonra qarşı tərəf avtomobilin sürücüsünə bildirmişdir ki, polis və sığorta çağırmağa ehtiyac yoxdur.Vurduğu zərəri tam olaraq ödəyəcəkdir. Lakin «Lifan 320» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1.500 manat məbləğində zərər dəydiyini, sığorta ödənişi alacağını və bu səbəbdən də polis çağıracağını bildirdi. O isə tələsdiyi üçün hadisə yerindən uzaqlaşaraq işinin arxasınca getmişdir. Hadisədən heç kəs bədən xəsarəti almamışdır. Etdiyi qayda pozuntusu və törətdiyi yol nəqliyyat hadisəsi ona izah edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 24/062 nömrəli pretenziyanın surətindən görünür ki, Cavabdeh dəymiş zərərin əvəzinin könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə hesab edir ki, tərəflər arasındakı hüquq münasibətləri «subroqasiya hüququ» ilə bağlıdır və «subroqasiya hüququ» sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun sığortaçıya keçməsidir. Yəni «subroqasiya hüququ» müqavilə əsasında deyil, vurulmuş zərərin əvəzinin ödənilməsi nəticəsində, yaxud qanunun tələbi ilə əmələ gəlmişdir. Göründüyü kimi, qanunvericilik faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçməsini nəzərdə tutmuşdur. Sığorta hadisəsi Cavabdeh qanunazidd hərəkətlərinin nəticəsində baş vermişdir. Hadisə zamanı «Lifan 320» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə 787 manat məbləğində zərər dəymiş və dəymiş zərər iddiaçı tərəfindən tam olaraq ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, faydalanan şəxsin zərərvuran şəxslərə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ, əmlak sığortası üzrə sığorta ödənişini etmiş sığortaçıya, yəni iddiaçıya subroqasiya qaydasında keçdiyi üçün iddia təmin edilməli, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 787 manat məbləğində pul vəsaiti tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 787 (yeddi yüz səksən yeddi) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat, cəmi 817 (səkkiz yüz on yeddi) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-2775/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2775/2024
06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver