Məhkəmə qərarları › İş №e-2(125)-2796/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2796/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2796/2024 16.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC, xx.xx.2022-ci il tarixli, 03512016 nömrəli müqaviləyə əsasən 1096,32 manat ödənilməmiş əsas, 109,68 manat cərimə; xx.xx.2023-cü il tarixli, 13981698 nömrəli müqaviləyə əsasən 1528,22 manat ödənilməmiş əsas, 152,78 manat cərimə; xx.xx.2023cü il tarixli, 09481859 nömrəli müqaviləyə əsasən 1458,5 manat ödənilməmiş əsas, 145,5 manat cərimə olmaqla, ümumilikdə 4491 manat pulun və ödənilmiş 64,91 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması barədə qərardad qəbul edilmişdir. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş hazırki iddia ərizəsi üzrə cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilməklə prosessual hüquq və vəzifələrinin izahı barədə məhkəmə bildirişi göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə etiraz təqdim edilmişdir. İş üzrə zərurət yarandığından, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2796/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İşin faktiki hallarına görə, tərəflər arasında xx.xx.2022-ci il tarixdə İmei kodu **********64722 olan Xiaomi Redmi 10C markalı telefonun, İmei kodu **********46982 olan Xiaomi Redmi 10C markalı telefonun, Toshiba markalı led televizorun nisyə alğı-satqısı barədə 03512016 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 2053,98 manat, ödəniş müddəti 18 ay olmaqla, aylıq ödəniş 114,11 manat müəyyən edilmişdir. Əşyalar cavabdehə xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2023-cü il tarixdə İmei kodu **********09494 olan İphone 11 markalı telefonun və Apple markalı adapterin nisyə alğı-satqısı barədə 13981698 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyaların ümumi dəyəri 1965,96 manat, ödəniş müddəti 18 ay olmaqla, aylıq ödəniş 109,22 manat müəyyən edilmişdir. Əşyalar cavabdehə xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2023-cü il tarixdə İmei kodu **********40428 olan Samsung Galaxy S22 markalı telefonun və Samsung markalı adapterin nisyə alğı-satqısı barədə 09481859 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyaların ümumi dəyəri 2066,22 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 114,79 manat müəyyən edilmişdir. Əşyalar cavabdehə xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtləri cavabdeh tərəfindən pozulmuş, ümumilikdə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 957,66 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 437,74 manat ödəniş edilmişdir. İddiaçı həmçinin qeyd etmişdir ki, cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2023-cü il tarixində Samsung markalı adapterdən imtina etmiş və cavabdehin borcundan 46,08 manat silinmişdir, cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 561,64 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 46,08 manat olmaqla, ümumilikdə 607,72 manat təşkil edir. Ona görə də cavabdehin iddiaçıdan aldığı xx.xx.2022-ci il tarixli müqavilə üzrə dəyəri 2053,98 manat (18 ay x 114,11 manat + 0 manat ilkin ödəniş) olan əşyalara görə 1096,32 manat əsas, 109,68 manat dəbbə (güzəştlə) pulu borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə dəyəri 1965,96 manat (18 ay x 109,22 + 0 manat ilkin ödəniş) olan əşyalara görə 1528,22 manat əsas, 152,78 manat dəbbə (güzəştlə) pulu borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə dəyəri 2066,22 manat (18 ay x 114,79 manat + 0 manat ilkin ödəniş) olan əşyalara görə 1458,5 manat əsas, 145,5 manat dəbbə (güzəştlə) pulu borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, banka kredit borcu var, sözügedən əşyaları iddiaçı MMC-dən götürərkən mədəndə işləmiş, əmək haqqı yüksək – 1200 manat olmuşdur. Sonradan işdən çıxmışdır, hazırda isə işləyir, 800 manat əmək haqqı alır, buna baxmayaraq kirayə yaşayır, həmçinin maddi imkanı zəif xalası qızına da köməklik edir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə baxış iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmənin vaxtının uzadılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə görə cavabdehin xx.xx.2022ci il tarixli müqavilə üzrə borca görə ödədiyi pul məbləği 957,66 manat, qalıq borcu – 1096,32 manat əsas, 109,68 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 1206 manat; xx.xx.2023-cü il tarixli müqavilə üzrə borca görə ödədiyi pul məbləği 437,74 manat, qalıq borcu - 1528,22 manat əsas, 152,78 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 1681 manat; xx.xx.2023-cü il tarixli müqavilə üzrə borca görə ödədiyi pul məbləği 607,72 manat, qalıq borcu – 1458,5 manat əsas, 145,5 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 1604 manat təşkil edir. Həmçinin, cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, xx.xx.2023-cü il tarixdə Samsung markalı adapterdən imtina etmiş, məhsul 46,08 manat qiymətləndirilib borcundan silinmişdir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə sözügedən müqavilələr üzrə borcunun olması barədə xəbərdarlıq edilmiş, ondan borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Hər üç müqavilə üzrə cavabeh tərəfindən ödənişlər qismən aparılmışdır. Tərəflər arasında bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəlləri üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2). Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alğı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə təhvil verilmiş, həmin müqavilələr ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Cavabdehin iddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilələr üzrə yaranmış əsas borcu tələb etməkdə haqlıdır. Məhkəmə, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Beləliklə, məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddia ərizəsində göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor müqavilə bağlayarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, müqavilələr üzrə tələb edilən dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir. Odur ki, hər üç müqavilə üzrə dəbbə pulu azaldılaraq xx.xx.2022-ci il tarixli müqavilə üzrə 54,8 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 76,4 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 72,9 manat məbləğində müəyyən edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1096,32 manat əsas borc, 54,8 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1528,22 manat əsas borc, 76,4 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1458,5 manat əsas borc, 72,9 manat cərimə olmaqla, cəmi 4287,14 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 62,87 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu digər hissədə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 03512016 nömrəli müqavilə üzrə 1096,32 manat əsas borc, 54,8 manat cərimə, xx.xx.2023-cü il tarixli, 13981698 nömrəli müqavilə üzrə 1528,22 manat əsas borc, 76,4 manat cərimə, xx.xx.2023-cü il tarixli, 09481859 nömrəli müqavilə üzrə 1458,5 manat əsas borc, 72,9 manat cərimə olmaqla, cəmi 4287,14 (dörd min iki yüz səksən yeddi manat on dörd qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 62,87 (altmış iki manat səksən yeddi qəpik) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar