Məhkəmə qərarları › İş №e-2(125)-2851/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2851/2022

30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2851/2022 30.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı "xxxx" ASC-in Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 300 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 330 (üç yüz otuz) manat pulun alınaraq iddiaçı "xxxx" ASC-in hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Hyundai Tucson” markalı, 20CK787 dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il mayın 06-da Cavabdeh idarə etdiyi “Hyundai Tucson” markalı, 20CK787 dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində “Mercedes Benz C230” markalı, 99CF244 avtomobillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Həmin hadisə ilə bağlı Gəncə şəhər BPİ-nin DYPŞ-i tərəfindən xx.xx.2021-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.2-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Gəncə şəhər BPİnin DYPŞ-in xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.2-ci maddələri ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 4000 saylı qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Mercedes Benz C230” markalı, 99CF244 dövlət nömrə nişanlı avtomobilə 300 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 3825 nömrəli ödəniş tapşırığı ilə 300 manat məbləği zərərçəkmiş şəxs X3 ödəmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. xx.xx.2021-ci il tarixli PXA********** saylı sığorta müqaviləsindən görünür ki, “Hyundai Tucson” markalı, 20CK787 nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. xx.xx.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə İXM-nin 327.2 və 327.6-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2021-ci il tarixli TP4357302 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İXM-nin 327.6-ci maddəsində nəzərdə tutulan 100 manat məbləğində cərimə edilmişdir. xx.xx.2021-ci il tarixli, PXA87630 saylı sığorta aktından görünür ki, sığorta ödənişi 300 manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, 3825 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X2 hesabına 300 manat pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)» Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 936.2-cı maddəsinə görə «Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir» İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsaslarından bəhs edən 25.1.8-ci maddəsinə əsasən icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsaslarından biridə bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş haldır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququndan bəhs edən həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Belə olan halda məhkəmə hesab edir ki, faydalanan şəxsin cavabdehə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ sığorta ödənişini etmiş sığortaçıya yəni iddiaçıya subroqasiya qaydasında keçdiyi üçün iddia təmin edilməli Cavabdeh xx.xx.2021ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar dəymiş zərər üzrə 300 manat pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ərizə verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia təmin edilsin. Cavabdeh 300 (üç yüz) manat pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-in hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar