Məhkəmə qərarları › İş №e-2(125)-288/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-288/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-288/2025 14.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə İddiaçı, onun nümayəndəsi, vəkil Nümayəndə və Cavabdeh və onun nümayəndəsi, vəkil X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə iclasında baxaraq, bu qətnaməni qəbul etdi: işin halları; Mülki işin materiallarında olan 29 may 2018-ci il tarixdə Cavabdeh, İddiaçı, X3 və X2 iştirakları ilə sadə yazılı formada tərtib edilmiş aktdan görünür ki, Cavabdeh adına olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən 220 kv.m. torpaq sahəsini və üzərində inşa edilmiş evi 25000 (iyirmi beş min) manata İddiaçı etibarnamə əsasında satmış, Torpağın sənədləri qaydasında olmadığı üçün tərəflər arasında alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. Göstərilən məbləğin bir hissəsi 20000 (iyirmi min) manat İddiaçı tərəfindən satıcıya ödənilmiş, qalan məbləğ isə 5000 (beş min) manat borc olaraq qalmışdır. Bu səbəbdən tərəflər arasında xx.xx.2018-ci ildə Gəncə şəhəri 2 saylı NK-da 3M-137 saylı reyestr ilə təstiq edilmiş 10 (on) il müddətinə 5000 manat pula dair borc müqaviləsi bağlanmışdır. Aralarında olan razılaşmaya əsasən Cavabdeh göstərilən müddətədək torpağın sənədlərini düzəldəcək, alıcı isə 5000 (beş min) manat satıcıya ödəyəcək və aralarında bağlanmış borc müqaviləsi ləğv olunacaq. Həmin müddətədək Cavabdeh verdiyi etibarnaməni ləğv etdirə bilməz. Əgər satıcı razılaşmanı pozarsa ona ödənilmiş 20000 (iyirmi min) manatı İddiaçı qaytaracaq. Mülki işin materiallarında olan Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış və Gəncə şəhər 2 saylı Notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 29 may 2028-ci il tarixədək qaytarmaq şərti ilə faizsiz 5000 (beş min) manat məbləğində borc pul vermişdir. Mülki işin materiallarında olan, İddiaçı 16 aprel 2019-cu il tarixli, Gəncə şəhər 2 saylı Notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizəsindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2018-ci il tarixdə bağlanmış borc müqaviləsi üzrə 5000 manat məbləğində borcunu ona tam olaraq ödədiyini bildirərək borc müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan, Cavabdeh 16 aprel 2019-cu il tarixli, Gəncə şəhər 2 saylı Notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə bağlanmış borc müqaviləsi üzrə 5000 manat məbləğində borcun İddiaçı tam ödənildiyini bildirərək borc müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan, xx.xx.2018-ci il tarixdə Gəncə şəhər 2 saylı notariat ofisində reyestrdə 7E-4403 nömrə ilə qeyd olunmuş etibarnamənin surətindən müəyyən edilir ki, Cavabdeh İddiaçı etibarnamə vermiş, etibarnamədə Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən 220 kv.m. torpaq sahəsi barəsində müəyyən hərəkətlərin edilməsi səlahiyyətləri verilmişdir. Mülki işin materiallarında olan, 02 fevral 2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh həmin tarixdə Gəncə şəhər 2 saylı notariat ofisinə ərizə verərək, xx.xx.2018-ci il tarixdə Gəncə şəhər 2 saylı notariat ofisində İddiaçı reyestrdə 7E-4403 nömrə ilə qeyd olunmuş etibarnamə verdiyini bildirmiş və xahiş etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə əsasən yuxarıda göstərilən etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat" informasiya sistemində qeyd yazılması və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsi təmin edilsin. İddia tələbi barədə məlumatlar; İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22842 (iyirmi iki min səkkiz yüz qırx iki) manat pulun və ödənilmiş 160 (yüz altmış) manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2018-ci ildə Cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısının 09 sentyabr 2014-cü il tarxili 1452 nömrəli sərəncamına əsasən ona məxsus olan Gəncə şəhəri, Gülüstan qəsəbəsində 220.0 kvm torpaq sahəsini və onun üzərində inşa edilmiş fərdi yaşayış evini etibarnamə əsasında 25000 (iyirmi beş min) manata almışdır. Həmin vaxt cavabdehə məxsus olan sənəd yalnız sərəncamdan ibarət olduğuna görə alqı-satqını notarial qaydada rəsmiləşdirə bilməmişlər və belə bir razılığa gəlmişlər ki, ona etibarnamə verilən gün cavabdehə pulun 20000 manatını nəğd şəkildə elə notariat ofisindəcə ödəsin. Yerdə qalan 5000 manata dair isə həmin gün aralarında 29 may 2018-ci il tarixli 3M-137 reyestr nömrəli borc müqaviləsi bağlanmışdır. Razılaşmalarına görə bu müddət ərzində cavabdeh evə dair sənədlərini düzəltməli və bundan sonra alqı-satqı rəsmiləşdirməli idi. Daha sonra o, cavabdehə olan 5000 manat borcunu da ödəmiş və qarşılıqlı razılaşma əsasında 16 aprel 2019-cu il tarixində borc müqaviləsi ləğv edilmişdir. Lakin, onun cavabdehə borcunun qalmamasına baxmayaraq, o, alqı-satqını rəsmiləşdirmək üçün sənədlərini qaydasına salmamışdır. Buna baxmayaraq, ona inandığına görə sənədlərini düzəldəcəyi vaxtı gözləmişdir. Həmin vaxt ərzində cavabdehə sənədlərin düzəlməsi və s. məqsədlər üçün əlavə 865 manat da vermişdir. Yəni cavabdehə ümumilikdə 25865 (iyirmi beş min səkkiz yüz altmış beş) manat pul vermişdir. Lakin o, sonradan xəbər tutmuşdur ki, cavabdeh onun ona olan etbarından sui-istifadə edərək nəinki sənədləri düzəltməmiş, hətta ona verdiyi etibarnaməyə 02 fevral 2022-ci il tarixində xitam vermişdir. Bundan sonra aralarında xeyli söz-söhbət olmuş və məcburiyyət qarşısında qalaraq belə razılığa gəlmişlər ki, kartını ona versin, hər ay karta pul gələn zaman onu iddiaçı çıxarıb, borcundan silinsin. Əvvəlcə kartdan müxtəlif vaxtlarda 910 manat, 1280 manat, 833 manat olmaqla, cəmi 3023 (üç min iyirmi üç) manat çıxarsa da, sonradan cavabdeh kartına gələn pulları mobil tətbiq vasitəsilə başqa karta köçürdüyündən onda olan kartdan daha pul çıxara bilməmişdir. Bildirmək istəyir ki, hazırda cavabdeh ona ümumilikdə 22842 (iyirmi iki min səkkiz yüz qırx iki) manat pul qaytarmalı olsa da, bu günədək qaytarmamışdır. Bu barədə onun özünə dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdehin belə hərəkət etməsi onun pulu geri qaytarmaq fikrinin olmadığını bildirir. Lakin həmin pullar onun tərəfindən çox çətinliklə qazanılmış pullardır və şəxsi mülkiyyəti hesab olunur. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etiraz dəlilləri; Cavabdehin nümayəndəsi, vəkil X1 Mətanət Məmməd qızına qarşı irəli sürülən iddiaya etiraz verərək bildirmişdir ki, iddia ərizəsində göstərilən 25 000 (iyirmi beş min) manat pul məbləği ilə Cavabdeh razı deyil və iddianın həmin məbləğdə tutulmasını əsassız və qanunsuz hesab edir. Belə ki, Cavabdeh bildirir ki, o, İddiaçı ilə 2008-ci ildə işlədiyi məktəbdə seçkilər keçirilən zaman tanış olmuşdur. Uzun müddət faktiki ər-arvad münasibətlərində olmuşlar. 2017-ci ildə iddiaçı Cavabdeh Türkiyəyə gedib birlikdə alışveriş etməyi təklif edib. Cavabdeh bu təkliflə razılaşmış, xx.xx.2017-ci ildə İddiaçı ilə birlikdə İstanbula getmişlər. Bir həftə birlikdə qalıb xx.xx.2017-ci ildə Türkiyənin İstanbul şəhərindən geyim əşyaları alaraq, yəni satmaq üçün pal-paltar alıb geri Gəncə şəhərinə qayıtmışlar. Bundan sonra münasibətləri daha da dərinləşmişdir. Türkiyədən gətirdikləri paltarları satmaqda ona köməklik etmişdir. Təbii ki, Cavabdeh bundan qazanc götürmək yolu ilə bunu etmişdir. xx.xx.2018-ci il tarixdə Əliyev X9 Əhmədovaya 5000 (beş) min manat borca pul verib və təklif etmişdir ki, gedib notariusda müqavilə bağlasınlar. Onlar 2 saylı notariusa gedib borc (kredit) müqaviləsi bağlamışlar Sonra Cavabdeh İddiaçı ona verdiyi 5000 (beş) min manat borca pulunu qaytardığından borc müqaviləsini həmin 2 saylı notariusda ləğv etmişlər. Türkiyədən satmaq üçün gətirdikləri malların satışı zamanı yenidən pula ehtiyacı olduğu üçün Nizamidən əlavə olaraq təxmini 3000 (üç) min manata qədər yenə də borc almışdır. Təxmini 3000 (üç) min manata qədər borcu olduğu üçün 2021-ci ildə əmək haqqı kartını iddiaçıya vermişdir ki, hər ay borcundan çıxsın və o da həmin pulu çıxandan sonra kartının qabağını bağlatdırmışdır. Əlavə olaraq Cavabdeh bildirmək istəmişdir ki, İddiaçı qeyd etdiyi məbləğ, yəni, 25000 (iyirmi beş min) manat pul onun tərəfindən alınmamışdır. Nə də Cavabdeh İddiaçı bu qiymətə ev satmamışdır. Cavabdeh məxsus ev 70-75 min manat dəyərində olmuşdur. Bildirmişdir ki, iddia X12 tərəfindən ona atılan böhtandır. Etibarnamə məsələsinə gəlincə isə bildirmişdir ki, Nizami qabaqcadan Cavabdeh qarşı məkrli planlar hazırlamışdır. Belə ki, İddiaçı ailəsində Cavabdeh arasında olan münasibətlərə görə narazılıq olduğundan Nizami bir gün ona təklif etmişdir ki, ailəsini inandırmaq üçün onun evinə, yəni Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 220.0 kv.m torpaq sahəsinin üzərində yerləşən R.Əliyev küçəsi, 2-ci döngə 5 saylı ünvana sənəd düzəltmək adı ilə notariusdan etibarnamə alıb ailəsinə göstərəcək ki, bu söz-söhbətlər kəsilsin. Həm də onun Əmlak idarəsində tanışı olduğunu arvadı bilir. İnandırıcı olmaq üçün etibarnamə ilə birlikdə xx.xx.2018-ci il tarixdə eyni gündə akt bağlamış və ona inandığı üçün akta imza etmiş və Nizami arvadı Təranə Cəlilovuya və bacısı Afət Verdiyeva gedib Afətin iş yerində akta imza etdirib özündə saxlamışdır. Notarius sonradan bildirmişdir ki, akta imza edənlər notariusa gətirilmədiyi üçün akta möhür vurmaqdan imtina etmişdir. Aktı İddiaçı özü tərtib etdirib onları aldadıb qol çəkdirmişdir. 2022-ci ilin əvvəllərində İddiaçılə münasibətlərini kəsmişdir. Buna görə də xx.xx.2022-ci il tarixdə 2 saylı Notariat ofisinə gedib etibarnaməni ləğv etdirmişdir. Etibarnamənin ləğvinə görə dəfələrlə İddiaçı Cavabdeh hədələmiş və onun başına oyunlar gətirəcəyini bildirmişdir. Bundan başqa 865 manatı da Mətanət ondan almadığını bildirir. Göründüyü kimi, Cavabdeh İddiaçı pul borcu yoxdur. İddiaçı Cavabdeh qarşı 25 000 (iyirmi beş min) manat pul məbləğinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nümayəndə həmçinin məhkəməyə ərizə verərək, irəli sürülən iddia tələbinə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları; Məhkəmədə İddiaçı iştirak etmiş, irəli sürdüyü iddianı müdafiə edərək, iddia ərizəsində qeyd etdiyi xüsusatlara uyğun izahat vermiş, izahatında əlavə olaraq qeyd etmişdir ki, həqiqətən də cavabdehlə 2018-ci ildən daha əvvəllər tanışlıqları olmuşdur. İddiaçı cavabdehin maaş kartından çıxarmış olduğu pullar barədə özünün aparmış olduğu yazılı qeydləri məhkəməyə təqdim edərək, bildirmişdir ki, cavabdeh ona olan borcunu qaytarmaq məqsədi ilə maaş kartını ona verdikdən sonra 2022-ci ildə və 2023-cü ilin dekabr ayınadək cəmi 1280 manat, 01 dekabr 2023-cü il tarixdə 293 manat, 29 dekabr 2023-cü il tarixdə 180 manat, 29 fevral 2024-cü il tarixdə 180 manat, 2 may 2024-cü il tarixdə isə 180 manat məbləğində pul çıxartmışdır. Bundan sonra cavabdehin kartından daha pul çıxara bilməmişdir. Sonda iddiaçı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi, vəkil Nümayəndə təmsil etdiyi iddiaçının irəli sürdüyü iddianı müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iştirak etmiş, məhkəməyə təqdim edilmiş etirazın dəlillərinə uyğun izahat vermiş, iddiaçıya əvvəllər 5000 manat borcunun olduğunu, həmin borc barəsində 29 may 2018-ci il tarixdə notariat orqanında borc müqaviləsi bağlandığını, həmin borcu 16 aprel 2019-cu il tarixədək ödədiyini, bundan sonra da iddiaçı ilə yaxın münasibətləırinin davam etdiyini, ehtiyacı olduğu hallarda iddiaçının ona yenə də borc verdiyini və həmin borcun təxminən 3000 manat olduğunu, məhz 16 aprel 2019-cu il tarixdən sonrakı dövrdə iddiaçıdan aldığı borcun qaytarılması məqsədilə əmək haqqı kartını 2022-ci ildə iddiaçıya verdiyini və iddiaçının 2022-ci ildən 2024-cü ilədək olan müddət ərzində onun kartından 3000 manatdan çox pul çıxartdığından kartını bağlatdığını bildirmişdir. Onun evinin təxminən 70000 manata yaxın dəyərdə olduğunu və həmin evin alqı satqısı barədə iddiaçı ilə heç bir razılaşmanın olmadığını, iddiaçı ilə aralarında tərtib edilmiş 29 may 2018-ci il tarixli Aktın formal olaraq görünüş üçün tətrib edildiyini bildirərək, ona qarşı irəli sürülən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi vəkil X8 iştirak etmiş, məhkəməyə təqdim edilmiş etirazın dəlillərinə uyğun izahat vermiş, həmçinin məhkəməyə ərizə verərək, təmsil etdiyi cavabdehə qarşı irəli sürülən iddia tələbinə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməni qənaətləri və hüquqi məsələlər; Tətbiq edilən maddi və prosessual hüquq normaları; Məhkəmə tərəflərin və onların nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə gəldiyi bu nəticəni onunla əsaslandırır ki, Cavabdeh adına olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən 220 kv.m. torpaq sahəsinin və üzərində inşa edilmiş evin 25000 (iyirmi beş min) manata İddiaçı satıldığı barədə İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 may 2018-ci il tarixli əqd (Akt) daşınmaz əmlak barəsində olduğundan və notarius tərəfindən təsdiq edilmədiyindən əhəmiyyətsiz əqd olmaqla, heç bir hüquqi nəticələr doğurmur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinin tələblərinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinin tələblərinə görə, daşınmaz əmlak barəsində bağlanan müqavilələr notariat qaydasında təsdiq edilməlidir. Baxılan işdə işin faktiki halı kimi müəyyən olunur ki, Cavabdeh adına olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən 220 kv.m. torpaq sahəsi və üzərində inşa edilmiş ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və tərəflər arasında olan 29 may 2018-ci il tarixli Akt da notarius tərəfindən təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətdədir ki, Cavabdeh adına olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən 220 kv.m. torpaq sahəsinin və üzərində inşa edilmiş evin 25000 (iyirmi beş min) manata İddiaçı satıldığı barədə İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 may 2018-ci il tarixli əqd (Akt) əhəmiyyətsiz əqddir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 29 may 2018-ci il tarixli Akta ilkin müqavilə kimi yanaşıldıqda da, həmin Aktın Cavabdeh adına olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən 220 kv.m. torpaq sahəsinin və üzərində inşa edilmiş evin İddiaçı satıldığı hissəsi yenə də əhəmiyətsizdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, ikin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Beləliklə, qeyd edilən maddi hüquq normalarının baxılan işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, tərəflər arasında bağlanmış 29 may 2018-ci il tarixli həmin Aktın Cavabdeh adına olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən 220 kv.m. torpaq sahəsinin və üzərində inşa edilmiş evin İddiaçı satıldığı hissəsi etibarsız (əhəmiyyətsiz) əqddir. Bundan başqa, cavabdeh 29 may 2018-ci ildə iddiaçıya etibarnamə versə də, məhkəmə hesab edir ki, həmin etibarnamə tərəflər arasında 29 may 2018-ci il tarixdə bağlanmış Aktın etibarlı əqd sayılması üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. İşin müəyyən edilən hallarına görə iddiaçı həmin etibarnamənin qüvvədə olduğu müddətdə Cavabdeh adına olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən 220 kv.m. torpaq sahəsi barəsində heç bir hərəkət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Baxılan işdə iddiaçının iddia etdiyi məbləğdə pulun Bank vasitəsilə, rəsmi qaydada cavabdehə ödənildiyi müəyyən olunmur. Bununla belə, iddiaçının cavabdehə 29 may 2018-ci il tarixli əqd əsasında 20000 manat verməsi həmin Aktda göstərilmiş olsa belə, məhkəmə hesab edir ki, baxılan işdə iddiaçı sözügedən 29 may 2018-ci il tarixli əqd əsasında cavabdehə verdiklərinin geri qaytarılması tələbini ən geci 29 may 2019-ci il tarixdən etibarən 1 il ərzində irəli sürə bilərdi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.4-cü maddəsinə əsasən, ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Məhkəmə qeyd edir ki, 29 may 2018-ci il tarixli Aktda qeyd edilmişdir ki, göstərilən məbləğin bir hissəsi 20000 (iyirmi min) manat İddiaçı tərəfindən satıcıya ödənilmiş, qalan məbləğ isə 5000 (beş min) manat borc olaraq qalmışdır. Bu səbəbdən tərəflər arasında xx.xx.2018-ci ildə Gəncə şəhəri 2 saylı NK-da 3M-137 saylı reyestr ilə təstiq edilmiş 10 (on) il müddətinə 5000 manat pula dair borc müqaviləsi bağlanmışdır. Aralarında olan razılaşmaya əsasən Cavabdeh göstərilən müddətədək torpağın sənədlərini düzəldəcək, alıcı isə 5000 (beş min) manat satıcıya ödəyəcək və aralarında bağlanmış borc müqaviləsi ləğv olunacaq. Məhkəmə qeyd edir ki, Aktın həmin hissəsi də etbarsızdır. Belə ki, iş materiallarında olan, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış və Gəncə şəhər 2 saylı Notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 29 may 2028-ci il tarixədək qaytarmaq şərti ilə faizsiz 5000 (beş min) manat məbləğində borc pul vermişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmçinin, Azərbaycan Respublikasının MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı iddia ərizəsində Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən 220 kv.m. torpaq sahəsini və üzərində inşa edilmiş evi 25000 (iyirmi beş min) manata ona satdığını, həmin məbləğin 20000 (iyirmi min) manat hissəsini ödədiyini, qalan 5000 (beş min) manatın borc olaraq qaldığını, ona görə də tərəflər arasında xx.xx.2018-ci ildə Gəncə şəhəri 2 saylı NK-da 10 (on) il müddətinə 5000 manat borca dair borc müqaviləsi bağladıqlarını iddia etsə də, notarius tərəfindən təsdiq edilmiş, xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 29 may 2028-ci il tarixədək qaytarmaq şərti ilə faizsiz 5000 (beş min) manat məbləğində borc pul vermişdir. Həmçinin iş materiallarında olan tərəflərin Gəncə şəhər 2 saylı Notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 16 aprel 2019-cu il tarixli ərizələrindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə bağlanmış borc müqaviləsi üzrə İddiaçı aldığı 5000 manat məbləğində borcunu İddiaçı tam olaraq ödəmiş, buna görə də həmin borc müqaviləsi ləğv edilmişdir. Öz növbəsində cavabdeh də etiraz dəlillərində İddiaçı ona 5000 manat borc verdiyini və bu barədə xx.xx.2018-ci il tarixdə müqavilə bağladıqlarını göstərmişdir. Yəni, tərəflər arasında bağlanmış və notarius tərərfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsi ilə tam təsdiq olunur ki, İddiaçı Cavabdeh borclu olması deyil, əksinə, Cavabdeh İddiaçı borclu olması müəyyən edilir. Beləliklə də 29 may 2018-ci il tarixli Aktda qeyd edilmiş, tərəflər arasında xx.xx.2018-ci ildə Gəncə şəhəri 2 saylı NK-da 3M-137 saylı reyestr ilə təsdiq edilmiş 10 (on) il müddətinə 5000 manat pula dair borc müqaviləsi bağlanması hissəsi də etbarsızdır və belə nəticə müəyyən edilir ki, əmlakın alqı satqısı barədə olan həmin etibarsız əqdin icra müddəti müəyyən edilməmişdir. Belə halda məhkəmənin qənaətincə həmin əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı iddiaçı 29 may 2019-cu il tarixdən sonra bir il ərzində, yəni 29 may 2020-ci il tarixədək iddia qaldıra bilərdi. İş materiallarından isə müəyyən edilir ki, iddiaçı hazırki iddia ərizəsi ilə 30 sentyabr 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf isə məhkəməyə ərizə verərək, irəli sürülən iddia tələbinə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarından həmçinin, 29 may 2019-cu il tarixdən sonrakı ötən bir il müddətində cavabdehin iddiaçıya, onun (iddiaçının) iddia etdiyi məbləğdə borcunun olduğunu etiraf edən hərəkətlər etməsi müəyyən olunmur. Cavabdehin əmək haqqı kartını iddiaçıya həmin müddət bitdikdən sonra, yəni 2022-ci ildə verməsi və iddiaçının həmin kartdan məhz 2022- 2024-cü illərdə pul çıxarması isə işin faktiki halı kimi həm iddia ərizəsindən, həm də işin araşdırılması zamanı tərəflərin izahatlarından, həmçinin Kapitalbank ASC-dən əldə edilmiş və məhkəmədə tədqiq edilmiş məlumatlardan müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin iddia müddəti anlayışının verildiyi 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, aparılmış araşdırmalar nəticəsində işin halları kimi müəyyən olunur ki, tərəflər arasında 29 may 2018-ci il tarixdə Cavabdeh adına olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən 220 kv.m. torpaq sahəsini və üzərində inşa edilmiş evi 25000 (iyirmi beş min) manata İddiaçı satıldığı barədə əhəmiyyətsiz Akt tərtib edilmiş, iddiaçı göstərilən məbləğin bir hissəsinin-20000 (iyirmi min) manatın onun tərəfindən həmin vaxt Cavabdeh ödənildiyini, qalan 5000 manatın daha sonra ödənildiyini göstərməklə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ona qarşı irəli sürülən iddiaya etiraz etmiş, həmin 29 may 2018-ci il tarixli Aktın görünüş üçün tərtib edildiyini və iddiaçının ona 25000 manat məbləğində pul vermədiyini bildirmiş və onun nümayəndəsi irəli sürülən iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə vermişdir. İddiaçının cavabdehə həmin Akt əsasında 5000 manat borclu qalması və həmin məbləğdə pulu sonradan ödəməsi iş materiallarında olan mötəbər sübutlarla təkzib olunur. Ona görə də məhkəmənin qənaətincə, iddianın 5000 manat məbləğində pul tələbi hissəsi iddianın sübut olunmaması əsası ilə təmin edilməməlidir. İddia tələbinin qalan hisssəsi ilə bağli, yəni, cavabdehin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin qaytarılması tələbi hissədə, iddiaçı cavabdehə qarşı həmin tələbi irəli sürmək üçün qanunla müəyyən edilmiş bir illik müddəti ötürmüşdür, ona görə də cavabdeh tərəfin irəli sürülən iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə əsasən, iddia həmin hissədə də təmin edilməməlidir. İddia əsassız sayıldığından, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsaslanan məhkəmə belə qərara gəlir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da idiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar