Məhkəmə qərarları › İş №e-2(125)-2971/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2971/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2971/2024 05.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2, iddiaçı “X4 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “X4 Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il tarixli, BK17097 №-li müqavilə üzrə 478.80 manat qalıq, 348.20 manat cərimə borcu olmaqla, cəmi 827 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı “X4 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, BK17097 №-li nisyə alqı-satqı müqaviləsinə (“müqavilə”) əsasən, 598.80 manat dəyərində Malların nisyə satış müqaviləsinə 2 saylı Əlavədə-Təhvil-təslim aktında göstərilən məişət texnikaları nisyə satılmış və həmin məhsullar cavabdehə Təhvil-təslim aktı üzrə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə tərəflərindən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Belə ki, Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında xx.xx.2017-ci il il tarixli, BK17097 saylı müqavilə üzrə qalıq borcu 478.80 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Borclu kreditor qarşısında müqavilə üzrə cərimə borcu 3482.05 manat təşkil edir (maliyyə arayışı əlavə edilmişdir). Hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq etdikləri üçün hesablanmış cərimə məbləğinin yalnız 10%-ni ödəməyi borcludan tələb edirlər. Belə olan halda, hesablanmış cərimə məbləğinin 10%-i 348.20 manat təşkil edir. Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2017-ci il tarixli, BK17097 saylı müqavilə üzrə 478.80 manat qalıq borcu, 348.20 manat cərimə borcu olmaqla, cəmi 827 manat borcu yaranmışdır. Bildirirlər ki, faktor “X4 Olmayan Kredit Təşkilatı” MMC ilə müştəri "xxxx" MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 №-li Faktorinq müqaviləsinə əsasən, "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci iltarixli, BK17097 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X4 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etmişdir. "xxxx" MMC tərəfindən borclu Cavabdeh xx.xx.2017-ci il tarixli, BK17097 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X4 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etməsi barədə bildiriş verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli faktorinq müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Faktor “X4 Olmayan Kredit Təşkilatı” MMC- borclu barəsində Müştərinin (Optimal Elektronika MMC) borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına Müştəriyə pul vəsaiti verir (Müştərini maliyyələşdirir), Müştəri isə borcluya qarşı pul tələbini Faktora güzəşt edir. İş materiallarında olan Optimal Elektronika MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, BK17097 №-li nisyə alqı-satqı müqaviləsindən və təhvil-təslim aktından məlum olur ki, Cavabdeh Optimal Elektronika MMC-dən aldığı, qiyməti 598.80 manat olan malın dəyərini müqavilənin 1 saylı əlavəsində yer alan ödəniş cədvəlinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,3%-i miqdarında dəbbə pulu ödəməlidir. Müqavilənin 1 saylı əlavəsində olan ödəniş cədvəlinə əsasən malın qiymətinin nisyə məbləği olan 598.80 manat pulun xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 10 ay müddətində hər ayın 14-ü tarixində 60 manat, sonuncu ay 58.8 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan bildirişdən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli, BK17097 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikləri vaxtında icra etmədiyinə görə xx.xx.2024-cü il tarixinə 827 manat məbləğində borcunun olduğu, borcu 3 gün müddətədək ödəmədiyi təqdirdə, borcun və borcun qaytarılması ilə əlaqədar çəkiləcək xərclərin ödənilməsi tələbi ilə tərəflərindən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. “X4 Olmayan Kredit Təşkilatı” MMC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli, BK17097 №-li müqavilə üzrə 478.80 manat borc, 348.20 manat cərimə pulu olmaqla, cəmi 827 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.2-ci maddəsinə əsasən pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. 657.4-cü maddəsinə əsasən əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyini lazımi qaydada və vaxtında icra etməmişdir. Həmin müqavilə üzrə tələb hüququ qanunvericilikdə müəyyən edilmiş qaydada iddiaçıya güzəşt edilmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliyini icra etmədiyindən iddiaçının Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən malın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etmək hüququ vardır. Eyni zamanda cavabdeh müqavilə şərtlərini pozaraq öhdəliyin icrasını gecikdirdiyindən iddiaçının cərimə (dəbbə pulu) tələbi də əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddia təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumu haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2017-ci il tarixli, BK17097 №-li müqavilə üzrə 478.80 manat borc, 348.20 manat cərimə pulu olmaqla, cəmi 827(səkkiz yüz iyirmi yeddi) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli, BK17097 №-li müqavilə üzrə 478.80 manat əsas borc, 348.20 manat cərimə pulu olmaqla, cəmi 827(səkkiz yüz iyirmi yeddi) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutularaq iddiaçı “X4 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar