Məhkəmə qərarları › İş №e-2(125)-302/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-302/2023

06.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-302/2023 06.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında sığorta ödənişinin tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 400 manat məbləğində vurulmuş ziyanın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Ford Transit” markalı, **-CK-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2019-cu il sentyabrın 21-də Cavabdeh idarə etmək hüququ olmadan idarə etdiyi “Ford Transit” markalı, **-CK-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Moskva prospektində, Seyidov Kamil Bəylər oğlunun idarə etdiyi «Chevrolet Aveo» markalı, **-TX-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən xx.xx.2019-cu il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Bakı şəhər DYPİ-in xx.xx.2019-cu il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində «Chevrolet Aveo» markalı, 99–TX–733 dövlət nömrə nişanlı avtomobilə 400 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2019-cu il tarixində 400 manat məbləği zərərçəkmiş şəxs Seyidov Kamil Bəylər oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlməmiş, lakin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iddiaçının iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər DYPİ-nin YNH inspektoru X1 tərtib etdiyi, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokoldan və Bakı şəhər DYPİ-nin polis baş leytenantı X2 26 dekabr 2019-cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Məmmədov X5 Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi ilə bağlı verdiyi 31 oktyabr 2019-cu il tarixli izahatında bildirmişdir ki, “sahibi X10 tərəfindən idarə etmək üçün verdiyi “Ford Transit” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “20 Yanvar” dairəsi istiqamətindən üzü “Şamaxinka” istiqamətində hərəkət edərkən qarşıdakı “Chevrolet-Aveo” markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuş, hadisə zamanı bədən xəsarəti alan olmamışdır”. İş materiallarına əlavə edilmiş AE seriyalı 128023 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh BC kateqoriyalı sürücülük vəsiqəsinə malik olmuşdur. Sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Bakı şəhəri, Moskva prospektində xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Ford Transit mikroavtobus” markalı ** CK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X10, hadisə baş verdiyi anda sürücüsü Cavabdeh olmuş, hadisə nəticəsində Seyidov Kamil Bəylər oğluna məxsus “Chevrolet-Aveo” markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarına əlavə edilmiş Avtomobillərin Texniki Xidmət Mərkəzinin 16 noyabr 2019-cu il tarixli qüsur aktından görünür ki, “Chevrolet-Aveo” markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilə 400 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X7 ilə "xxxx" ASC arasında “Ford Transit” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə mülki məsuliyyətin icbari sığorta olunmasına dair xx.xx.2021-ci il tarixdə bir il müddətinə müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin PXA54974 nömrəli sığorta aktından görünür ki, Bakı şəhəri, Moskva prospektində sığortalanmış “Ford Transit” markalı **-CK- *** dövlət qeydiyyat nişanlı avtomobilin “Chevrolet-Aveo” markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində "xxxx" ASC tərəfindən 400 manat məbləğində sığorta ödənişinin Seyidov Kamil Bəylər oğluna ödənilməsi qərara alınmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: ...25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İddiaçı yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh qarşı subroqasiya qaydasında tələb irəli sürərək ödənilmiş sığorta ödənişi həcmində pulun cavabdehdən tutulmasını tələb etmişdir. Lakin işin müəyyən edilmiş hallarından da göründüyü kimi, Cavabdeh nə sığorta olunan, nə də sığortalı deyildir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, sığorta müqaviləsində sığortalı qismində X7 göstərilmişdir. Əmlak sığortası müqavilələrində (mülki məsuliyyətin icbari sığortası da əmlak sığortası hesab olunur) əmlakın mülkiyyətçisi sığorta olunan hesab edilir. İddiaçının təqdim etdiyi sənədlərdən əmlakın mülkiyyətçisinin X10 olması müəyyən olunur. İddiaçı Cavabdeh qarşı subroqasiya tələbinin əsası kimi İcbari sığortalar haqqında Qanunun 25.1.3-cü maddəsinə əsaslanmışdır. Həmin normaya əsasən subroqasiya hüququnun sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə yönəlməsi üçün aşağıdakı halların məcmusu olmalıdır: - icbari sığorta şəhadətnaməsində göstərilən əmlak onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməli; - müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilməlidir. Qeyd edilən halların məcmusu mövcud olmadıqda ümumi qayda olaraq subroqasiya hüququ sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana yönəlməlidir. Hazırkı iddia tələbi üzrə birinci halın, yəni cavabdehin icbari sığorta şəhadətnaməsində göstərilən əmlakı istifadə etməyə hüququnun olmaması müəyyən edilsə də, ikinci hal, yəni əmlakın sığortalının və ya sığorta olunanın xəbəri olmadan istismar edilməsi halını təsdiq edən heç bir sübut iş materiallarında yoxdur. Təqdim edilmiş sübutlar bu halın əksini təsdiq edir. Sığorta müqaviləsini bağlamış və sığortalı olaraq qeyd olunmuş X3 mülki məsuliyyətə görə icbari sığorta edilmiş avtomobillə hər hansı əlaqəsinə dair iddiaçı tərəfindən sübut təqdim olunmamışdır. Tərtib edilmiş inzibati xəta haqqında protokoldan və inzibati xəta haqqında qərardan da görünür ki, Cavabdeh avtomobili etibarnamə əsasında idarə etmişdir. Əks təqdirdə cavabdehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməsi həmin sənədlərdə öz əksini tapardı. İddia ərizəsinə iddiaçı tərəfindən əlavə olunmuş Cavabdeh izahatından görünür ki, o, nəqliyyat vasitəsini mülkiyyətçi X6 razılığı ilə idarə etmişdir. İddiaçı cavabdehin avtomobili sığortalı və ya sığorta olunanın xəbəri olmadan idarə etdiyini sübut etməli olduğu halda bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, işə onların iştirakı olmadan baxılmasını və təqdim edilmiş sübutlar əsasında iddianın təmin edilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı subroqasiya qaydasında verilmiş sığorta ödənişi həcmində pulun Cavabdeh tutulmalı olması barədə mötəbər sübutlar təqdim etmədiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında sığorta ödənişi həcmində pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar