Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3279/2023 25.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Hoffmann Led markalı televizor üçün 609,4 manat ödənilməmiş məbləğ, 60,6 manat cərimə və xx.xx.2020-ci il tarixli müqavilə üzrə Hoffmann markalı soyuducu üçün 540,8 manat ödənilməmiş məbləğ, 54,2 manat cərimə olmaqla, ümumilikdə 1265 manat borcun və 32,65 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz etdiyi üçün mülki iş sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edib izahatında göstərdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə əsasında cavabdeh iddiaçıdan Hoffmann Led markalı televizor alaraq müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyi üçün 609,4 manat ödənilməmiş məbləğ, 60,6 manat cərimə və xx.xx.2020-ci il tarixli müqavilə əsasında cavabdeh iddiaçıdan Hoffmann markalı soyuducu alaraq müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyi üçün 540,8 manat ödənilməmiş məbləğ, 54,2 manat cərimə olmaqla, ümumilikdə 1265 manat borcu yaranmışdır. Cavabdeh hazırki vaxta kimi üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ödəmə ilə bağlı iddiaçı tərəfindən dəfələrlə müraciət edilsə də, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə hər iki müqavilə üzrə ümumilikdə 1265 manat məbləğində borcu yaranmışdır. Cavabdehin etirazını isə qəbul etmirlər. 1-ci televizor qüsurlu olduğu üçün yenisi ilə əvəz olunmuşdur. 1-ci televizor yenisi ilə əvəz edildiyinə görə ikinci televizorun təmir ilə bağlı heç bir kömək göstərilməmişdir. 2-ci televizor lentinin qüsurlu olmasına görə başqa usta tərəfindən təmir edilib. Lentin qüsurlu olması isə deffekt sayılmır. Soyuducu isə servis tərəfindən təmir edilib. 4 il qızıl zəmanətlə satılıb. Ancaq borcun ödənişi ilə bağlı gecikmələr olduğu üçün təmirdə köməklik göstərə bilməmişlər. Gecikmə olduğu halda zəmanətlə bağlı kömək edilmir. Borcun ödəniləcəyi təqdirdə köməklik göstəriləcəyi deyilmişdir. Cavabdeh 7-8 aydır ki, ümumilikdə 500-600 manat ödəniş edib. İddianın təmin olunmaını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı MMC-dən televizor və soyuducu almışdır. 1-ci televizor xarab olduğu üçün geri qaytarılmış və yenisi ilə əvəz olunmuşdur. Ancaq 2-ci televizor da xarab olmuş və təmirlə bağlı qızıl zəmanətə məhəl qoyulmamışdır. Televizoru öz vəsaitləri hesabına təmir etdirmişlər. 1-ci televizorun geri qaytarılmasına baxmayaraq, borcun ödənilməsi tələb edilir. Soyuducu da eynilə xarabdır, işığı işləmir. Telefon işığı vasitəsilə istifadə edirlər. 1800 manata yaxın soyuducu ilə televizora ödəniş etmişlər. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2020-ci il tarixli, 20312541 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 18 ay müddətinə hər ay 128,6 manat ödəmək şərti ilə Hoffmann markalı soyuducu və Hoffmann Led markalı televizor satılmışdır. xx.xx.2020-ci il tarixli, 21047956 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 18 ay müddətinə hər ay 47 manat ödəmək şərti ilə Hoffmann Led markalı televizor satılmışdır. xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə cavabdehin 609,4 manat ödənilməmiş məbləğ, 60,6 manat cərimə və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 540,8 manat ödənilməmiş məbləğ, 54,2 manat cərimə olmaqla cəmi 1265 manat borcu vardır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli,20312541 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 128,6 manat ödəmək şərti ilə Hoffmann markalı soyuducu və Hoffmann Led markalı televizor satılmışdır. Həmin televizor qüsurlu olduğu üçün yenisi ilə əvəz olunmuş və xx.xx.2020-ci il tarixli 21047956 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən hər ay 47 manat ödəmək şərtilə Hoffmann Led markalı televizor satılmışdır. 2-ci satılan televizor da qüsurlu olduğundan və zəmanətli olduğu üçün cavabdeh təmir edilməsini tələb etmiş, ancaq iddiaçı tərəfindən qüsur aradan qaldırılmadığından cavabdeh öz vəsaiti hesabına televizoru təmir etdirmişdir. Satılmış soyuducu da həmçinin qüsurlu olduğundan servis tərəfindən təmir edilmiş, ancaq yenə də qüsur aradan qaldırılmamışdır. İddiaçı iddia edir ki, televizor yenisi ilə əvəz olunduğuna görə təmirlə bağlı tədbir görülməmişdir. Soyuducu isə 4 il zəmanətlə satılıb, ancaq borcun ödənilməsində gecikmələr olduğu üçün qüsurun aradan qaldırılması ilə bağlı tədbir görə bilməmişlər. Ona görə də cavabdeh aldığı malın dəyərini iddiaçıya ödəməlidir. Cavabdeh isə satılmış malların hər birinin qüsurlu olduğunu, iddiaçıya müraciət edərək qüsurun aradan qaldırılmasını tələb etdiyini, iddiaçının isə qüsurları aradan qaldırmadığını, göstərərək iddia tələbini mübahisələndirmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. MM-in 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. MM-in 581.4-cü maddəsinə əsasən satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. MM-in 582.3-cü maddəsinə əsasən əşyanın keyfiyyəti üçün qarantiya, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir. MM-in 583.1-ci maddəsinə əsasən qarantiya müddətinin axımı, əgər alğı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır. MM-in 583.2-ci maddəsinə əsasən əgər alıcı müqavilə ilə qarantiya müddəti müəyyənləşdirilmiş əşyadan istifadə etmək imkanından satıcıdan asılı səbəblərə görə məhrum olarsa, qarantiya müddətinin axımı satıcı müvafiq səbəbləri aradan qaldırdıqdan sonra başlanır. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, qarantiya müddəti əşyada aşkar edilmiş qüsurlara görə ondan istifadənin mümkün olmadığı müddət qədər artırılır, bu şərtlə ki, əşyanın qüsurları haqqında satıcıya bu Məcəllənin 595-1-ci maddəsində müəyyənləşdirilmiş qaydada bildiriş verilsin. MM-in 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. MM-in 589.2-ci mddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun İstehlakçıların hüquqlarından bəhs edən 3-cü və 5-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehlakçılar istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması hüququna malikdir; Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi tərəflər arasında malların nisyə alğı-satqısı barədə müqavilə olmuş iddiaçının müqavilə üzrə cavabdehə verdiyi mallar qüsurlu olmuşdur. Halbuki, yuxarıda qeyd olunan qanunvericilikdə göstərilir ki, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə, alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 32,65 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. İş üzrə ödənilmiş 32,65 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-3279/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3279/2023
25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver