Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3320/2023 16.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 518 manat ödənilməmiş əsas, 49 manat cərimə və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 329 manat ödənilməmiş əsas, 31 manat cərimə olmaqla, ümumilikdə 927 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında xx.xx.2020-ci il tarixdə “Arçelik” markalı paltaryuyan maşının nisyə alğı-satqısı barədə ******* nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh tərəfindən ilkin ödəniş ödənilməsi nəzərdə tutulmamış, cavabdehin müqavilə üzrə borcu - ödəniş müddəti 18 ay, aylıq ödəniş 31 manat (sonuncu ay 22 manat olmaqla) olmaqla 549 manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2020-ci il tarixdə “Samsung A115” markalı telefonun nisyə alğı-satqısı barədə 036897 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh tərəfindən ilkin ödəniş ödənilməsi nəzərdə tutulmamış, cavabdehin müqavilə üzrə borcu - ödəniş müddəti 12 ay, aylıq ödəniş 30 manat (sonuncu ay 29 manat olmaqla) olmaqla 359 manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. Hər iki müqavilə üzrə cavabeh tərəfindən ödənişlər qismən aparılmışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtləri cavabdeh tərəfindən pozulmuş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qalıq qalmış cəmi 847 manat əsas borc qaytarılmamışdır. Ona görə də cavabdehin iddiaçıdan aldığı xx.xx.2020-ci il tarixli, ******* nömrəli müqavilə üzrə dəyəri 549 manat (18 ay x 31 manat + 0 manat ilkin ödəniş) olan əşyaya görə 518 manat əsas, 49 manat dəbbə pulu borcu və xx.xx.2020-ci il tarixli, 036897 nömrəli müqavilə üzrə dəyəri 359 manat (12 ay x 30 manat + 0 manat ilkin ödəniş) olan əşyaya görə 329 manat əsas, 31 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq reyestrdən çıxarış işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddia tələbinə, iddiaçının verdiyi maliyyə arayışına, müqavilələrə 1 nömrəli əlavəyə və ödəniş cədvəlinə görə cavabdehin sözügedən müqavilələr üzrə borcu xx.xx.2020-ci il tarixli, ******* nömrəli müqaviləyə əsasən əsas məbləğ üzrə 518 manat, cərimə üzrə 49 manat və xx.xx.2020-ci il tarixli, 036897 nömrəli müqaviləyə əsasən əsas məbləğ üzrə 329 manat və cərimə üzrə 31 manat olmaqla, cəmi 927 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə sözügedən müqavilə üzrə borcunun olması barədə xəbərdarlıq edilmiş, ondan borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. cavabdehə sözügedən müqavilələr üzrə borcunun olması barədə xəbərdarlıq edilmiş, ondan borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin 5.4-cü bəndində nəzərdə tutulmuşdur ki, alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1%-i miqdarında dəbbə pulu ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2). Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alğı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə təhvil verilmiş, həmin müqavilələr ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Cavabdehin iddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilələr üzrə yaranmış borcu və hesablanmış cərimə məbləğini tələb etməkdə haqlıdır. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 518 manat əsas, 49 manat cərimə və xx.xx.2020-ci il tarixli, 036897 nömrəli müqavilə üzrə 329 manat əsas və 31 manat cərimə olmaqla, ümumilikdə 927 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, ******* nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 518 manat əsas, 49 manat cərimə və xx.xx.2020-ci il tarixli, 036897 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 329 manat əsas, 31 manat cərimə olmaqla, ümumilikdə 927 (doqquz yüz iyirmi yeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-3320/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3320/2023
16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver