Məhkəmə qərarları › İş №e-2(125)-3321/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3321/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3321/2024 20.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 206,3 manat ödənilməmiş əsas, 30,9 manat cərimə və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 703,6 manat ödənilməmiş əsas, 105,5 manat cərimə olmaqla, ümumilikdə 1046,3 manat pulun və ödənilmiş 30,46 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında xx.xx.2022-ci il tarixdə “Honor X9” markalı mobil telefonun, smart saat və aksessuarların nisyə alğı-satqısı barədə ********* nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə, ona əlavə edilmiş 1 nömrəli əlavəyə və ödəniş cədvəlinə əsasən cavabdeh tərəfindən 0,70 manat ilkin ödəniş edilmişdir, cavabdehin müqavilə üzrə borcu – ödəniş müddəti 12 ay, aylıq ödəniş 74 manat (sonuncu ay 67,26 manat) olmaqla 881,26 manat müəyyən edilmişdir. Əşyalar cavabdehə xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2023-cü il tarixdə “Samsung” markalı qabyuyan maşının və qulaqcığın nisyə alğı-satqısı barədə ********* nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş 1 nömrəli əlavəyə və ödəniş cədvəlinə əsasən cavabdeh tərəfindən 270 manat ilkin ödəniş edilmişdir, cavabdehin müqavilə üzrə borcu – ödəniş müddəti 18 ay, aylıq ödəniş 79 manat (sonuncu ay 71,97 manat) olmaqla 1414,97 manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtləri cavabdeh tərəfindən pozulmuş, sonuncu dəfə xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 74 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 230 manat ödəniş edilmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qalıq qalmış cəmi 909,9 manat pul qaytarılmamışdır. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu xx.xx.2022-ci il tarixli müqavilə üçün 309 manat və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1055 manat təşkil etsə də, ona güzəşt edilərək müqavilələr üzrə müvafiq olaraq 30,9 manat və 105,5 manat olmaqla, cəmi 136,4 manat cərimə hesablanmışdır. Beləliklə, cavabdehin iddiaçıdan aldığı əşyalara görə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 206,3 manat əsas, 30,9 manat dəbbə (güzəştlə) pulu borcu və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 703,6 manat əsas və 105,5 manat dəbbə (güzəştlə) pulu borcu yaranmışdır. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq reyestrdən çıxarış işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddia tələbinə, iddiaçının verdiyi maliyyə arayışına, müqavilələrə 1 nömrəli əlavəyə və ödəniş cədvəlinə görə cavabdehin sözügedən müqavilələr üzrə borcu xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas məbləğ üzrə 206,3 manat, cərimə (güzəştlə) üzrə 30,9 manat və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas məbləğ üzrə 703,6 manat və cərimə (güzəştlə) üzrə 105,5 manat olmaqla, cəmi 1046,3 manat təşkil edir. Hər iki müqavilə üzrə cavabeh tərəfindən ödənişlər qismən aparılmışdır. İş materiallarında olan, xəbərdarlıq məktubundan (xx.xx.2024-cü il tarixdə çatdırılmışdır) görünür ki, cavabdehə sözügedən müqavilələr üzrə borcunun olması barədə xəbərdarlıq edilmiş, ondan borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin 3.3.1-ci bəndində nəzərdə tutulmuşdur ki, satıcının, alıcı bu müqavilənin şərtlərinin pozulmasına yol verdiyi halda müqavilənin vaxtından əvvəl ləğv edilməsini və alıcının müqavilə üzrə satıcıya olan borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Tərəflər arasında bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr olarsa, hər gecikən günə ödəniş məbləğinin 1%-i dəyərində (minimum 50 qəpik) cərimə əlavə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2). Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alğı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə təhvil verilmiş, həmin müqavilələrlə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Cavabdehin iddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu və hesablanmış cərimə məbləğini tələb etməkdə haqlıdır. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 206,3 manat əsas və 30,9 manat cərimə və xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 703,6 manat əsas və 105,5 manat cərimə olmaqla, cəmi 1046,3 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30,46 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 206,3 manat əsas və 30,9 manat cərimə və xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 703,6 manat əsas və 105,5 manat cərimə olmaqla, cəmi 1046,3 (bir min qırx altı manat, otuz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,46 (otuz manat, qırx altı qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar