Məhkəmə qərarları › İş №e-2(125)-334/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-334/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-334/2024 16.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1721,28 manat sığorta ödənişi, 37,21 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının, cəmi 1758,89 (bir min yeddi yüz əlli səkkiz manat, səksən doqquz qəpik) manat pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 məxsus olan Cavabdeh2 idarə etdiyi, "xxxx" ASC-də “icbari sığorta” qaydasında sığortalanmış **-EX-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” minik markalı avtomobil və X2 idarə etdiyi, **-EE-*** dövlət nömrə nişanlı “X17” minik markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-in) 327.1 və 332-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, **-EX- *** dövlət qeydiyyat nişanlı “Kia Optima” minik markalı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti “icbari sığorta” qaydasında sığortalanmışdır. Həmçinin, xx.xx.2023-cü il tarixdə **-EX-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” minik markalı avtomobil və **-EE-*** dövlət nömrə nişanlı “X17” minik markalı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmiş və İXM-in 327.1 və 332-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, zərərçəkən **-EE-*** dövlət nömrə nişanlı “X17” minik markalı avtomobilin sığortaçısı "xxxx" ASC-nin tərtib etdiyi dəymiş zərərin hesablanmasına dair akta görə yol-nəqliyyat hadisəsi nəticəsində **-EE-*** dövlət nömrə nişanlı “X17” minik markalı avtomobilə 1675 manat məbləğində maddi ziyan dəymişdir. İştirakçılar arasında keçirilmiş nettinqin nəticəsinə əsasən dəymiş zərərlə bağlı 1721.28 manat məbləğində sığorta ödənişi müvafiq qaydada "xxxx" ASC-nin bank hesabına köçürülmüşdür. "xxxx" ASC-nin ödəniş aktı ilə müəyyən olunur ki, **-EE-*** dövlət nömrə nişanlı “X17” minik markalı avtomobilə dəymiş zərərə görə 1675 manat məbləğində sığorta ödənişi edilmişdir. İddia ərizəsində həmçinin qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli, BS-S-23/2103 nömrəli geriyə tələb məktubu ilə, sığorta hadisəsi nəticəsində **-EE-*** dövlət nömrə nişanlı “X17” minik markalı avtomobilə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən "xxxx" “ASC-yə ödənilmiş 1721,28 manat pulun iddiaçıya ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 iddia tələbinin təmin olunmamasını xahiş edərək izahatında bildirmişdir ki, 2016-cı ildən sürücülük vəsiqəsi var, hadisə baş verən zaman **-EX-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” minik markalı avtomobili etibarnamə əsasında idarə etmişdir, əslində günah onda olmamışdır, bununla belə zərərin məbləği ən çox 200-300 manat ola bilərdi, tələb olunan məbləğin əsasının nə olduğunu bilmir. İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, elektron qaydada ərizələrlə məhkəməyə müraciət edərək, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmçinin ərizəsinə Azərbaycan Respublikası DİN BDYPİ-nin reyestrindən çıxarışı əlavə edərək qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə daxil edilmiş çıxarış sənədinin surətindən görünür ki, yol nəqliyyat hadisəsi baş verən anda (xx.xx.2024) iddiaçı ASC-də “icbari sığorta” qaydasında sığortalanmış **-EX-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” minik markalı avtomobilin mülkiyyətçisi Cavabdeh1 olmuş, həmin avtomobili etibarnamə əsasında X1 etibar edilmiş, xx.xx.2023-cü il tarixdə həmin avtomobil X4 tərəfindən Cavabdeh2 etibar edilmiş, xx.xx.2023-cü il tarixdə isə X5 tərəfindən X7 etibar edilmişdir. İş üzrə digər Cavabdeh1 məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə iddiaçının nümayəndəsinin və həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Məcəllənin 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. Həmin Məcəllənin 922.1 və 922.2-ci maddələrinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. İş materiallarına əlavə edilmiş, Gəncə şəhər DYPŞ tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən sözügedən yol nəqliyyat hadisəsi toqquşma xx.xx.2023-cü il tarixində, saat 21:40 dəqiqədə Gəncə şəhərində baş vermişdir. Həmin arayışa görə **-EX-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” minik markalı avtomobilin mülkiyyətçisi Cavabdeh1, hadisə baş verdiyi anda sürücüsü onu etibarnaməsiz idarə edən Cavabdeh2 olmuşdur, toqquşma nəticəsində ziyan vurulmuş **- EE-*** dövlət nömrə nişanlı “X17” minik markalı avtomobilin mülkiyyətçisi X8, hadisə zamanı avtonəqliyyat vasitəsini idarə edən şəxs X9 olmuşdur. İş materiallarına əlavə edilmiş, iddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış BS-S- 23/2103 nömrəli, xx.xx.2023-cü il tarixli geriyə tələb-subroqasiya məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə **-EX-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” minik markalı avtomobil və **-EE-*** dövlət nömrə nişanlı “X17” minik markalı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmiş və o, İXM-in 327.1 və 332-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir, odur ki, 5 gün müddətində 225,72 manat məbləğində sığorta ödənişinin iddiaçıya ödənilməsi xahiş edilmiş, əks təqdirdə iddiaçı tərəfindən müvafiq məhkəmə orqanına 1721,28 manat məbləğində pulun ödənilməsi tələbi ilə müraciət olunacağı, iddia təmin olunduğu təqdirdə, bu məbləğlə yanaşı məhkəmə icraatının başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin də ödənilməsi öhdəliyinin müştərək qaydada cavabdehlərin üzərinə düşəcəyi bildirilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, “dəymiş zərərin hesablanmasına dair aktdan” görünür ki, **-EE-*** dövlət nömrə nişanlı “X17” minik markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 1675 manat təşkil edir. “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı” ödəniş aktından görünür ki, iddiaçı ASC tərəfindən 1675 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtomobilin mülkiyyətçisi X3 sığortaçısı "xxxx" ASC-nin hesabına köçürülməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş, xx.xx.2016-cı il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 B,C kateqoriyalı sürücülük vəsiqəsinə malikdir. Həmçinin, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində **-EX-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” minik markalı avtomobil və **-EE- *** dövlət nömrə nişanlı “X17” minik markalı avtomobillərin qəzalı vəziyyətdə bəzi fotoşəkillərini təqdim etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə **-EX-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” minik markalı avtomobil və **-EE-*** dövlət nömrə nişanlı “X17” minik markalı avtomobillərin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsinə görə **- EX-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” minik markalı avtomobili idarə edən Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Gəncə şəhəri X16 Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh1 məxsus **-EX-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” minik markalı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almış, əmlaka vurulan zərərə görə sığorta məbləği 5000 manat müəyyən edilmişdir. Sığorta müqaviləsi 12 ay – xx.xx.2023-cü il tarixədək qüvvədə olmuşdur. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun olduğunu (36-cı maddənin İ hissəsi), habelə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilməsini (60 maddənin İ hissəsi) müəyyən etmişdir. Həmçinin, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin qeyd edilən müddəası tələb edir ki, hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması və təmin edilməsi üçün məhkəmə müdafiəsi hüququndan istifadə edən şəxsin məhkəməyə müraciət edərkən subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Qanunvericilik müəyyən edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. Həmçinin, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MKnın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafıə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, iddiaçı yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh2 və avtomobilin mülkiyyətçisi X6 qarşı subroqasiya qaydasında tələb irəli sürərək ödənilmiş sığorta ödənişi həcmində pulun cavabdehlərdən tutulmasını tələb etmiş, icbari sığorta məbləğini geri tələb etmək üçün subroqasiya hüququnun yaranması əsası kimi “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü madəsinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının subyektiv hüququnun yaranıb-yaranmamasını müəyyən etmək üçün işin faktiki hallarına nəzər yetirmək lazımdır. İşin müəyyən edilmiş hallarına görə iddiaçı tərəfindən avtonəqliyyat vasitələrinin icbari sığortası növü üzrə sığortalanmış **-EX-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” minik markalı avtomobilin sığorta müqaviləsi qüvvədə olduğu vaxt (xx.xx.2023-cü il) sığorta hadisəsi baş vermiş və Cavabdeh2 idarə etdiyi, sığortalanmış **-EX-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” minik markalı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X2 etibarnamə ilə idarə etdiyi **-EE-*** dövlət nömrə nişanlı “X17” minik markalı avtomobil zədələnmişdir. İddiaçı tərəfindən zərər dəymiş avtomobilə görə zərərçəkən avtomobilin mülkiyyətçisi X3 sığortaçısı "xxxx" ASC-nin bank hesabına 1675 manat köçürülmüşdür. “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsi icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsaslarını müəyyən edir. İddiaçı həmin normada sadalanan əsaslardan birinin konkret hazırkı hala uyğun gəldiyi üçün həmin əsasla icbari sığorta məbləğini geri tələb etmişdir. Həmin əsas-hadisə zamanı sürücünün avtomaşını idarə etməyə hüququnun olmaması halıdır. “İcbari sığortalar haqqında” Qanunun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: ...25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəla Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili idarə, istifadə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Çünki, “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Qanunun məqsədi də bundan ibarətdir. Belə ki, sürücülük hüququ olmayan şəxsin avtomobili idarə etməsi təhlükəli hal olduğuna və sığorta hadisələrinin baş verməsi riskini artırdığına görə qanunverici bilərəkdən qeyd olunan əsası qanuna daxil etmişdir ki, həm sığortalılar sürücülük hüququ olmayan şəxslərə avtomobili idarə etmək üçün verməsinlər, həm də sonuncular belə bir hüquqları olmadan avtomobili idarə etməsinlər. Həmçinin, qeyd edilməlidir ki, sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyildir. Etibarnamənin olmaması sığortanın məqsədləri baxımından əhəmiyyət kəsb etmir. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyildir. Digər tərəfdən, iddiaçı sığorta hadisəsi baş verərkən Cavabdeh2 sözügedən avtomobili etibarnamə olmadan idarə etdiyini təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Belə ki, Gəncə şəhəri X16 Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh2 yalnız İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Başqa sözlə, iddia ərizəsində Cavabdeh2 İXM-in 332-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildiyi qeyd edilsə də, sonuncunun İXM-in 332-ci maddəsi ilə təqsirli bilinməsinə dair hər hansı qərar iş materiallarına əlavə edilməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, Cavabdeh2 10 il müddətinə verilmiş xx.xx.2016-cı il tarixli, B,C kateqoriyalı sürücülük vəsiqəsinə malikdir. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, sığorta şirkətinin hazırkı halda avtomaşını idarə edən şəxsdən və avtomobilin mülkiyyətçisindən ödənilmiş sığorta məbləğini geri tələb etməyə subyektiv hüququ yaranmamışdır. Bu qənaətə gələrkən məhkəmə həm də onu nəzərə alır ki, məhkəmə tərəfindən iddiaçıya müvafiq bildiriş göndərilsə də iddiaçı, **-EX-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” minik markalı avtomobilin Cavabdeh2 tərəfindən etibarnamə olmadan və ya sürücülük hüququ olmadan idarə etdiyini təsdiq edən, ümumiyyətlə iddia tələbinin təmin edilməsinə əsas verən hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. “Elektron məhkəmə” İnformasiya sistemində eletron kabinetə malik olan, eləcə də peşəkar hüquqşünaslarla təmsil olunan, hüquqi şəxs olan iddiaçıya dəfələrlə şərait yaradılsa da iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, təqdim edilmiş sübutlar əsasında iddianın təmin edilməsini xahiş etməklə kifayətlənmişdir. Mülki Prosessual Məcəllə müəyyən edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2-ci maddə). Həmçinin, MPM-ə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (77.1, 217.3 və 217.4-cü maddələr). Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı «"xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar