Məhkəmə qərarları › İş №e-2(125)-339/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-339/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-339/2025 13.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Cavabdeh və etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9500 manat məbləğində subroqasiya ödənişi, 115 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının, cəmi 9615,40 manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC (bundan sonra – Cəmiyyət və ya İddiaçı) ilə sığortalı Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli, AS 007/20_2 nömrəli sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış “Hyundai İX35” markalı, H 027696 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz E200 CDİ” markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşaraq zədələnmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai İX35” markalı, H 027696 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 14 500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Mercedes Benz E200 CDİ” markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli hesablama aktında yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai İX35” markalı, H 027696 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 14 600 manat müəyyən edilmişdir. Ümumi zərər məbləğindən 100 manat şərtsiz azadolma çıxılmış, yekunda zərər məbləği 14 500 manat təşkil edilmişdir. İddia ərizəsinə əlavə edilmiş subroqasiya tələblərinin reyestrindən çıxarışından görünür ki, “Mercedes Benz E200 CDİ” markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən 5 000 manat məbləğində sığorta ödənişi Cəmiyyətin hesabına ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 756/24 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Hyundai İX35” markalı, H 027696 dövlət nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin qalıq hissəsinə görə ödənilməli olan 9 500 manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək izahatında göstərdi ki, hazırki mübahisə sığorta müqaviləsi üzrə müqavilə münasibətlərindən irəli gələn öhdəliklə bağlı olduğuna görə 3 illik iddia müddəti şamil olunmalıdır. Bu barədə məhkəməyə yazılı ərizə də təqdim etmişdirlər. Sığorta hadisəsinin baş verməsi nəticəsində dəymiş zərərin əvəzi qismində müqavilənin şərtlərinə uyğun olaraq 5000 manat pul sığortaçı tərəfindən ödənilmişdir. Qalan məbləğin maddi ziyan kimi qiymətləndirilərək cavabdehdən tələb edilməsi əsassızdır. Mütəxəssis rəyi ilə razı olmadıqlarını göstərərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2020-ci il tarixli, AS 007/20 nömrəli nəqliyyat vasitələrinin sığortası şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai” markalı, İX35 modelli, H 027696 qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" ASC-də kompleks sığorta növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə “Mercedes Benz E200 CDİ” markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh idarə etdiyi X1 məxsus **-HH-*** qeydiyyat nişanlı, “Mercedes Benz E200 CDİ” minik markalı avtomobillə “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialına məxsus, hadisə zamanı X2 idarə etdiyi “Hyundai İX35” minik markalı, H 027696 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncunun əmlakına zərər vurmuşdur. xx.xx.2020-ci il tarixli, A-139/20 saylı sığorta aktının surətindən görünür ki, “Hyundai İX35” minik markalı, H 027696 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərə görə sığorta ödənişi 14500 manat müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının hesabına 14500 manat sığorta ödənişi köçürülmüşdür. xx.xx.2024-cü il tarixli, 756/24 nömrəli məktubun surətindən görünür ki, "xxxx" ASC tərəfindən 9500 manat məbləğində zərərin əvəzinin könüllü olaraq ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. "xxxx" ASC ilə “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı arasında olan xx.xx.2019-cu il tarixli razılaşmadan görünür ki, sonuncuya məxsus “Hyundai İX35” minik markalı, H 027696 qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərər 14600 manat hesablanmışdır. Məhkəmənin sorğusu əsasında "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, CVN/M 37-130/25 nömrəli mütəxəssis rəyindən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai İX35” minik markalı, H 027696 qeydiyyat nömrə nişanlı, 2013-cü il buraxılışlı avtomobilə dəymiş ziyanın bazar dəyəri 14420 manat məbləğində müəyyən edilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialına məxsus (Sığortaçı "xxxx") “Hyundai İX35” minik markalı, H 027696 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İddiaçı iddia etmişdir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində dəymiş zərərlə bağlı 14500 manat sığorta ödənişi edilmiş, həmin məbləğin 5000 manatı subroqasiya tələbi üzrə "xxxx" ASC tərəfindən ödənilmiş, qalan 9500 manat zərər isə cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək hazırki mübahisənin dəymiş ziyanla bağlı deyil, müqavilə öhdəlikləri üzrə yaranmış mübahisə olduğunu göstərərək iddia müddəti tətbiq edilməklə iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin öz etirazının əsası kimi göstərdiyi dəlillə bağlı qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında hüquq münasibətləri müqavilədən əmələ gələn öhdəlik deyil, əmlaka zərər vurulmasından əmələ gələn öhdəlikdir. Məhkəmə cavabdehin və onun nümayəndəsinin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 936.2-cı maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göründüyü kimi, qanunvericiliklə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ, sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar dəymiş zərər üzrə 9420 manat pul alınaraq "xxxx" ASC-yə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 114,2 manat dövlət rüsumu, 0,40 manat xərc və iş üzrə mütəxəssis rəyinin verilməsi üçün 150 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 9420 (doqquz min dörd yüz iyirmi) manat pul, 114,20 manat məbləğində dövlət rüsumu, 0,40 manat xərc alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə mütəxəssis rəyinin verilməsi üçün 150 manat xidmət haqqı Cavabdeh tutularaq VÖEN: **********, Bank: "xxxx" ASC Nərimanov filialı, Bank VÖEN-i: **********, M.h: AZ03NABZ********************, H.h: AZ471BAZ********************, Kod: 805711, SWİFT: İBAZAZ2X hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar