Məhkəmə qərarları › İş №e-2(125)-346/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-346/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-346/2025 17.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, bu qətnaməni qəbul etdi; İşin halları Mülki işin materiallarında olan, xx.xx.2024-cü il tarixli geriyə tələb (subroqasiya) məktubunun surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh zərərin aradan qaldırılması üçün ödənilmiş 11 600 manat sığorta ödənişi məbləğinin 7 gün müddətində "xxxx" ASC-nə ödənilməsi xahiş olunmuşdur. Mülki işin materiallarında olan, xx.xx.2020-ci il tarixli A-148/20 saylı Sığorta Aktının surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı-Qazax yolu 412-ci km yolunda törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mitsubishi L200” markalı H 023056 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə uyğun olaraq 16 600 manat məbləğində sığorta ödənişi Özgün Yapı Sanayi və Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı Filialının hesabına ödənilmişdir. Mülki işin materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı-Qazax yolu 412-ci km yolunda törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mitsubishi L200” markalı H 023056 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “Qaz 33104” markalı 20 DM753 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşaraq zədələnmişdir. Mülki işin materiallarında olan, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən Özgün Yapı Sanayi və Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı Filialının hesabına 16600 manat sığorta ödənişi olmuşdur. Mülki işin materiallarında olan, İnzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, həmin qərarla “Qaz 33104” markalı 20 DM753 dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən Cavabdeh İXM-nin 327.1-cı maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İddia tələbi barədə məlumatlar. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11 600 (on bir min altı yüz) manat məbləğində sığorta ödənişi, 124,8 (bir yüz iyirmi dörd manat 80 qəpik) manat dövlət rüsumu və 0.4 (qırx) manat xidmət haqqının, cəmi 11 725,20 (on bir min yeddi yüz iyirmi beş manat 20 qəpik) manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə sığortalı Özgün Yapı Sanayi və Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli AS 007/20_5 nömrəli sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış “Mitsubishi L200” markalı H 023056 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində xx.xx.2020-ci il tarixdə Bakı-Qazax yolu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Qaz 33104” markalı 20 DM753 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşaraq zədələnmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Mitsubishi L200” markalı H 023056 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 16 600 (on altı min altı yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində “Qaz 33104” markalı ** DM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli hesablama aktında, yolnəqliyyat hadisəsi nəticəsində “Mitsubishi L200” markalı H 023056 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 28 000 (iyirmi səkkiz min) manat müəyyən edilmişdir. Sığorta şəhadətnaməsinə əsasən sığorta məbləği 20 000 (iyirmi min) manat təşkil edilmişdir. Hadisə nəticəsi olaraq avtonəqliyyat vasitəsi tam zərərə uğradığından və sığortalının avtomobilin qalıq hissəsini özündə saxlamaq istəyi nəzərə alınaraq 3 300 (üç min üç yüz) manat, əlavə olaraq sığorta şəhadətnaməsində razılaşdırılmış şərtsiz azadolma məbləği 100 (bir yüz) manat çıxılmışdır. Yekunda zərər məbləği 16 600 (on altı min altı yüz) manat təşkil edilmişdir. İddia ərizəsinə əlavə edilmiş subroqasiya tələblərinin reyestrindən çıxarışından görünür ki, “Qaz 33104” markalı ** DM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən 5 000 (beş min) manat məbləğində sığorta ödənişi Cəmiyyətin hesabına ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 1001/24 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Mitsubishi L200” markalı H 023056 dövlət nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin qalıq hissəsinə görə ödənilməli olan 11 600 (on bir min altı yüz) manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin – sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Zərərçəkənin ona vurulmuş zərərin əvəzini zərəri vurandan tələb etmək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi ilə müəyyən olunmuşdur (hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər). Həmin Məcəllənin 1096-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinin mənasına görə delikt nəticəsində fiziki və ya hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Bu normalara əsasən zərərvuran başqasının əmlakına vurulmuş zərərin əvəzini tam ödənilməsi öhdəliyi daşıdığı müəyyən olunur. Araşdırma zamanı müəyyən edilmişdir ki, “Qaz 33104” markalı ** DM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən 16 600 (on altı min altı yüz) manat məbləğində olan sığorta ödənişinin 5 000 (beş min) manat hissəsini avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən ödəniş edilmişdir. Beləliklə, cavabdehə qarşı subroqasiya tələbi 11 600 (on bir min altı yüz) manat təşkil edir Tərəflərin izahatları İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərə alaraq, işə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edərək işə baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Maddi hüquq normaları Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Maddə 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Prosessual hüquq normaları, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin iş üzrə mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə göstərir ki, iş materiallarında olan mötəbər sübutetmə vasitələri ilə işin faktiki halları kimi müəyyən edilir ki, Cavabdeh “Qaz 33104” markalı 20 DM753 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı-Qazax yolu 412-ci km yolunda yol-nəqliyyat hadisəsi törətmiş, “Mitsubishi L200” markalı H 023056 dövlət qeydiyyat nişanlı avtomobilə toqquşaraq onu zədələmişdir. Baş vermiş hadisə ilə bağlı Cavabdeh inzibati xəta törətməkdə təqsirli bilinmiş və inzibatı qaydada məsuliyyətə cəlb edilmişdir. “Mitsubishi L200” markalı H 023056 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə həmin nəqliyyat vasitəsini sığortalamış A-Qroup Sığorta Şirkəti” ASC tərərfindən 16600 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “Qaz 33104” markalı ** DM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortaçı "xxxx" ASC tərəfindən 5000 (beş min) manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. Ona görə də cavabdeh həmin 5000 manat məbləğində ödənişlərdən azad edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda qeyd edilən normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən edilir ki, "xxxx" ASC tərəfindən irəli sürülən, cəmi 11 600 manat məbləğində sığorta ödənişlərinin Cavabdeh subroqasiya qaydasında geri alınması barədə iddia tələbi qanuni əsaslıdır, ona görə də təmin olunmalıdır. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, hazırki iddianın qaldırılması üçün iddiaçı "xxxx" ASC tərəfindən 124,80 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsaslanan məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş dövlət rüsumunun ödənilmiş tələblərə mütənasib olan 124.80 manat hissəsinin əvəzi Cavabdeh alınıb "xxxx" ASC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 11600 (on bir min altı yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 124.80 (bir yüz iyirmi dörd) manat 80 qəpik məbləğində pul alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar