Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3571/2025 24.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı MMC, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 467,3 manat ödənilməmiş əsas, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu və 46,73 manat cərimə olmaqla, ümumilikdə 537,63 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında xx.xx.2024-cü il tarixdə “Lenovo İdeapad 1” markalı kompüterin, “Mouse Canyon” adlı əşyanın, İmei kodu **********77205 olan “Xiaomi Redmi 13C” markalı mobil telefonun, “Ödənişin Təminatı” xidmətinin və 2 ədəd “X1 2 il” xidmətinin nisyə alğı-satqısı barədə 02028304 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyaların ümumi dəyəri 1097,4 manat, ödəniş müddəti 6 ay olmaqla, ilkin ödəniş 51,42 manat, aylıq ödəniş 174,33 manat müəyyən edilmişdir. Əşyalar cavabdehə xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuş, cəmi 630,1 manat ödəniş edilmişdir. Ona görə də cavabdehin iddiaçıdan aldığı dəyəri 1097,4 manat (6 ay x 174,33 manat + 51,42 manat ilkin ödəniş) olan əşyalara görə 467,3 manat əsas, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu və 46,73 manat dəbbə (güzəştlə) pulu borcu yaranmışdır. Müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın İnnovativ Layihələr Mərkəzi tətbiq etdiyi rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq reyestrdən çıxarış işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə görə cavabdehin həmin müqavilə üzrə borcu – 467,3 manat əsas, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu və 46,73 manat dəbbə (güzəştlə) pulu olmaqla, cəmi 537,63 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə sözügedən müqavilə üzrə borcunun olması barədə xəbərdarlıq edilmiş, ondan borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Müqavilə üzrə ödənişlər cavabdeh tərəfindən qismən aparılmışdır. Tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%dək həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2). Təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mallar cavabdehə təhvil verilmiş, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Cavabdehin iddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu və hesablanmış cərimə məbləğini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar əsas borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə əsas borc hissədə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Bununla belə, məhkəmə hesab edir ki, cərimə ödənilməsi hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddia ərizəsində göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor müqavilə bağlayarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tələb edilən dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq xx.xx.2024cü il tarixli müqavilə üzrə 28,7 manat məbləğində müəyyən edilməlidir. Bundan əlavə, iddia tələbindən görünür ki, iddiaçı tərəfindən cavabdehdən “İnnovativ layihələr mərkəzi rüsumu” təyinatı ilə 23,6 manat məbləğində pul tələb edilmişdir. İddia ərizəsinin əsaslandırıcı hissəsindən görünür ki, iddiaçı bu tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış müqaviləyə əsasən, Müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın İnnovativ Layihələr Mərkəzi tətbiq etdiyi rüsumu tələb edə bilər. İş materiallarında olan tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndində qeyd edilmişdir ki, Müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Müqavilənin 3.14-cü maddəsinə əsasən, ... Müştərinin ümumi borc üzrə “ABC” qarşısında icra edilməmiş hər hansı pul öhdəliyi yaranarsa, bu halda “ABC” dəyəri tam ödənilməmiş istənilən malın istifadəsini mümkünsüz edə, o cümlədən əşyanın AR-in rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər. Müqavilənin 3.5-ci bəndində isə qeyd edilir ki, Müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə borclunun müqavilə öhdəliyini lazımınca icra etmədiyi halda "xxxx" MMC-nin müqavilə predmeti olan əşyanın istifadəsini mümkünsüz etməsi (o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə) hüququ nəzərdə tutulmuş, bu hüququn həyata keçirilməsi ilə bağlı "xxxx" MMC tərəfindən borcludan əlavə ödənişlər tələb edilməsinin mümkünlüyü müəyyən edilmişdir. Lakin nəzərə alınmalıdır ki, əgər iddiaçı məhz bu təyinatla cavabdehdən hansısa məbləğdə əlavə ödəniş (iddia tələbində qeyd edildiyi şəkli ilə rüsum) tələb edirsə, o, hansı əsasa görə cihazın deaktiv edilməli olduğunu, habelə cihazın deaktiv edilməsi üçün həmin məbləğdə xərc çəkildiyini sübut etməlidir. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş materiallarına isə sözügedən cihazın İmei kodunun deaktiv olunması üçün İnnovativ Layihələr Mərkəzinə ödəniş edildiyini əks etdirən mötəbər sübut əlavə edilməmiş, iddiaçının tələbini bu hissədə təsdiq edə biləcək hər hansı dəlilə istinad edilməmişdir. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 467,3 manat əsas və 28,7 manat cərimə olmaqla, cəmi 496 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia əsasən əsaslı olduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 467,3 manat əsas və 28,7 manat cərimə olmaqla, cəmi 496 (dörd yüz doxsan altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul vəsaiti tutularaq İddiaçı MMCyə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-3571/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3571/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver