Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3586/2025 02.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X3, İddiaçı MMC-in Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı MMC sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqavilə üzrə 319,96 manat əsas borc və 114,07 manat cərimə olmaqla ümumilikdə 434,03 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən 527,96 manat dəyərində olan 4 ədəd 235/45ZR17 X2+ 97W XL model məhsul almışdır. Cavabdeh borclu olduğu 527,96 manat məbləğdən 48 manat ilkin ödəniş etmiş və onun xx.xx.2024-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 401,99 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi hər ay 80,00 manat olmaqla İddiaçı MMC-yə olan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlə aralarında olan təhvil-təslim aktına əsasən cavabdeh nisyə aldığı məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 208 manat təşkil edir. Cavabdeh xx.xx.2025-ci il tarixə İddiaçı MMC-ə xx.xx.2024-cü il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 319,96 manat əsas borcu və 114,07 manat cərimə borcu olmaqla, ümumilikdə 434,03 manat borcu vardır. Cavabdehə gecikdirilmiş borcun ödənilməsi barədə rəsmi qaydada xəbərdarlıq (pretenziya) məktubu göndərilsə də, cavabdeh müqavilə ilə şərtləşdirilmiş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmışdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə qismən təmin olunmalıdır. Ərizəyə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC-dən Altenzo markalı 4 ədəd avtomobil təkəri almışdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqaviləyə əlavə edilən ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş malın əvəzinin ödənilməsini qrafik üzrə hər ay dəyişilməz olaraq 80 manat, sonuncu ayda isə 79,96 olmaqla 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, ********** nömrəli təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh Altenzo markalı 4 ədəd avtomobil təkərini İddiaçı MMC-dən təhvil almışdır. xx.xx.2025-ci il tarixli, M-094145 nömrəli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə İddiaçı MMC-yə 319,96 manat əsas borcu qalmış, 114,07 manat cərimə hesablanmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh göstərilən ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşıyır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, tutulmalı olan 114,07 manat cərimə məbləği azaldılaraq 11,4 manat həddində müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqavilə üzrə 319,96 manat əsas borc, 11,4 manat cərimə olmaqla, cəmi 331,36 manat pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqavilə üzrə 319,96 manat əsas borc, 11,4 manat cərimə olmaqla, cəmi 331,36 (üç yüz otuz bir manat 36 qəpik) manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-3586/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3586/2025
02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver