Məhkəmə qərarları › İş №e-2(125)-3654/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3654/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3654/2023 10.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İddiaçı Cavabdeh qarşı “nisyə alğı-satqı müqaviləsi üzrə pulun ödənilməsi” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış 262 manat əsas borc, 39,3 manat dəbbə pulu olmaqla cəmi 301,3 manat pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “İrşad-Electronics» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən aldığı «Samsung» markalı mobil telefona görə 12 aylıq ödəniş cədvəli üzrə hər ay 39 manat olmaqla, cəmi 459,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə sonuncu dəfə 24 iyul 2022-ci il tarixində 40 manat ödəniş etmiş və müqavilə üzrə cəmi qalıq qalmış 262 manat borcu qaytarmamışdır. Cavabdehin gecikdirdiyi günlərin faktiki dəbbə pulu borcu müqavilə üzrə 393 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış dəbbə pulu məbləğinin miqdarı müqavilə üzrə 311 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin dəbbə pulu məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən dəbbə pulu məbləğinin 10%-i, yəni 39,3 manat "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən olunur: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən satıcı (iddiaçı) «Samsung» markalı malı alıcıya verməyi, alıcı isə həmin malı qəbul edib 459,99 manat məbləği 12 ay ərzində, hər ay 39 manat, sonuncu ay isə 30,99 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Gecikdirilən aylıq borc məbləğinə dəbbə pulu kimi gündəlik 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən alıcı 459,99 manat məbləğində pulu 10 aprel 2022-ci il tarixdən 10 mart 2023-cü il tarixə qədər aylıq ödənişlərlə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə sonuncu dəfə 24 iyul 2022-ci il tarixdə 40 manat olmaqla, ümumilikdə 197,9 manat pul ödəmiş, 262 manat borcu qalmış, ödənişləri 216 gün gecikdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən aldığı malın dəyərini müqavilə ilə müəyyən edilmiş vaxtda və qaydada ödəməyərək öhdəliyini icra etməmişdir. Öhdəliyin icra edilməsini sübuta yetirmək vəzifəsi borclunun üzərinə düşür. Lakin borclu öhdəliyi icra etməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada verilmiş əşyanın ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iş materiallarından cavabdehin öhdəliyin icrasını gecikdirdiyi müəyyən edilmişdir. Müqaviləyə uyğun olaraq hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 1 faizi ilə hesablandıqda iddiaçının dəbbə pulu tələbinin müqavilə şərtlərinə uyğun olduğu müəyyən edilir. Buna görə də hesablanmış dəbbə pulu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Buna uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 262 manat ödənilməmiş hissə, 39,3 manat dəbbə pulu olmaqla, cəmi 301,30 manat (üç yüz bir manat otuz qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar