Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3866/2025 28.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2325,60 manat ödənilməmiş əsas, 23,60 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, 232,56 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2591,69 manat ödənilməmiş əsas, 23,60 manat İnnovativ Layihələr Mərkəzi rüsumu və 259,17 manat cərimə olmaqla, ümumilikdə 5456,22 manat pulun və ödənilmiş 74,57 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında xx.xx.2024-cü il tarixdə İmei kodu **********79088 olan “İphone 15 Pro Max” markalı mobil telefonun və “Apple 20W Usb-C” markalı adapterin nisyə alğı-satqısı barədə 18285114 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyaların ümumi dəyəri 3371,20 manat, ilkin ödəniş 580 manat, ödəniş müddəti 12 ay olmaqla, aylıq ödəniş 232,6 manat müəyyən edilmişdir. Əşyalar cavabdehə xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2024-cü il tarixdə İmei kodu **********73672 olan “İphone 15 Pro” markalı mobil telefonun və “Apple 20W Usb-C” markalı adapterin nisyə alğı-satqısı barədə ******* nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyaların ümumi dəyəri 3132 manat, ilkin ödəniş 426 manat, ödəniş müddəti 12 ay olmaqla, aylıq ödəniş 225,50 manat müəyyən edilmişdir. Əşyalar cavabdehə xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtləri cavabdeh tərəfindən pozulmuş, ümumilikdə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1045,60 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 540,31 manat ödəniş edilmişdir. Ona görə də cavabdehin iddiaçıdan aldığı xx.xx.2024-cü il tarixli müqavilə üzrə dəyəri 3371,20 manat (12 ay x 232,60 manat + 580 manat ilkin ödəniş) olan əşyalara görə 2325,60 manat əsas, 23,60 manat İnnovativ Layihələr Mərkəzi rüsumu və 232,56 manat dəbbə (güzəştlə) pulu borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə dəyəri 3132 manat (12 ay x 225,50 + 426 manat ilkin ödəniş) olan əşyalara görə 2591,69 manat əsas, 23,60 manat İnnovativ Layihələr Mərkəzi rüsumu və 259,17 manat dəbbə (güzəştlə) pulu borcu yaranmışdır. Müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın İnnovativ Layihələr Mərkəzi tətbiq etdiyi rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh bildirmişdir ki, sözügedən müqavilələr üzrə əşyaları götürərkən maddi vəziyyəti yaxşı olsa da, sonradan babasının xəstəliyi və atasının yaşlı olması ilə əlaqədar evin bütün yükü üzərinə düşmüşdür. Tələb olunan əsas borcla bağlı hər hansı mübahisə olmasa da, cərimənin azaldılmasını xahiş etmişdir. Cavabdehə sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə görə cavabdehin xx.xx.2024cü il tarixli müqavilə üzrə borca görə ödədiyi pul məbləği 1045,60 manat, qalıq borcu – 2325,60 manat əsas, 23,60 manat İnnovativ Layihələr Mərkəzi rüsumu və 232,56 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 2581,76 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə borca görə ödədiyi pul məbləği 540,31 manat, qalıq borcu - 2591,69 manat əsas, 23,60 manat İnnovativ Layihələr Mərkəzi rüsumu və 259,17 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 2874,46 manat təşkil edir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə sözügedən müqavilələr üzrə borcunun olması barədə xəbərdarlıq edilmiş, ondan borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Hər iki müqavilə üzrə cavabdeh tərəfindən ödənişlər qismən aparılmışdır. Tərəflər arasında bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəlləri üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2). Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alğı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə təhvil verilmiş, həmin müqavilələr ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Cavabdehin iddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilələr üzrə yaranmış əsas borc məbləğini tələb etməkdə haqlıdır. Məhkəmə, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Beləliklə, məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddia ərizəsində göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor müqavilə bağlayarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, müqavilələr üzrə tələb edilən dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir. Odur ki, hər iki müqavilə üzrə dəbbə pulu azaldılaraq xx.xx.2024-cü il tarixli müqavilə üzrə 116 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 130 manat məbləğində müəyyən edilməlidir. Bundan əlavə, iddia tələbindən görünür ki, iddiaçı tərəfindən cavabdehdən müqavilələr üzrə “İnnovativ layihələr mərkəzi rüsumu” təyinatı ilə 23,6 manat məbləğində pul tələb edilmişdir. İddia ərizəsinin əsaslandırıcı hissəsindən görünür ki, iddiaçı bu tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış müqaviləyə əsasən, Müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın İnnovativ Layihələr Mərkəzi tətbiq etdiyi rüsumu tələb edə bilər. İş materiallarında olan tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndində qeyd edilmişdir ki, Müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Müqavilənin 3.14-cü maddəsinə əsasən, ... Müştərinin ümumi borc üzrə “ABC” qarşısında icra edilməmiş hər hansı pul öhdəliyi yaranarsa, bu halda “ABC” dəyəri tam ödənilməmiş istənilən malın istifadəsini mümkünsüz edə, o cümlədən əşyanın AR-in rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər. Müqavilənin 3.5-ci bəndində isə qeyd edilir ki, Müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə borclunun müqavilə öhdəliyini lazımınca icra etmədiyi halda "xxxx" MMC-nin müqavilə predmeti olan əşyanın istifadəsini mümkünsüz etməsi (o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə) hüququ nəzərdə tutulmuş, bu hüququn həyata keçirilməsi ilə bağlı "xxxx" MMC tərəfindən borcludan əlavə ödənişlər tələb edilməsinin mümkünlüyü müəyyən edilmişdir. Lakin nəzərə alınmalıdır ki, əgər iddiaçı məhz bu təyinatla cavabdehdən hansısa məbləğdə əlavə ödəniş (iddia tələbində qeyd edildiyi şəkli ilə rüsum) tələb edirsə, o, hansı əsasa görə cihazın deaktiv edilməli olduğunu, habelə cihazın deaktiv edilməsi üçün həmin məbləğdə xərc çəkildiyini sübut etməlidir. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş materiallarına isə sözügedən cihazın İmei kodunun deaktiv olunması üçün İnnovativ Layihələr Mərkəzinə ödəniş edildiyini əks etdirən mötəbər sübut əlavə edilməmiş, iddiaçının tələbini bu hissədə təsdiq edə biləcək hər hansı dəlilə istinad edilməmişdir. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin iddiaçıya qeyd edilən məbləğdə borcunun olduğunu və düzgün hesablandığını təsdiq edir, cavabdeh məhkəməyə iddia tələbini təkzib edəcək, borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2325,60 manat əsas borc, 116 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2591,69 manat əsas borc, 130 manat cərimə olmaqla, cəmi 5163,29 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 71,63 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu digər hissədə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2325,60 manat əsas borc, 116 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2591,69 manat əsas borc, 130 manat cərimə olmaqla, cəmi 5163,29 (beş min bir yüz altmış üç manat iyirmi doqquz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 71,63 (yetmiş bir manat altmış üç qəpik) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-3866/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3866/2025
28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver