Məhkəmə qərarları › İş №e-2(125)-3870/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3870/2025

23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3870/2025 23.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «suborqasiya qaydasına pul tələbi» barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə "xxxx" ASC Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin əvəzi qismində 4.924 manat 50 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 69 manat 25 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətindən görünür ki, «VAZ 2102» markalı ** DF *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2015-ci il tarixdə PAZ********** nömrəli mülki məsuliyyətin icbari sığortası müqaviləsi üzrə bir il müddətinə icbari sığorta olunaraq, sığorta təminatı almışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli MYP seriyalı 800928 nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə saat 22:30 radələrində avtomobili idarə edərkən Ş.İ.Xətai prospektində «Güllər» marketin bərabərliyində yolun qarşı hərəkət zolağına keçərək qarşıdan gələn ** PK *** dövlət qeydiyyat nişanlı «Toyota Corolla» markalı avtomobilllə toqquşmuşdur. Yoxlama zamanı məlum olmuşdur ki, sürücü avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. İşdə olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 3(043)- 548/2015 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152-1.4-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırırlmaqla 700 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli, A-168/15 nömrəli «baş vermiş sığorta hadisəsi ilə əlaqədar həyata keçiriləcək sığorta ödənişi barədə» sığorta aktından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixdə saat 21:40 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ünvanında «VAZ 2102» markalı ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qarşı yola çıxaraq sığortalı avtomobillə toqquşmuşdur. Nəticədə sığortalı avtomobilə şərtsiz azadolma məbləği çıxmaqla 6.522 manat məbləğində maddi ziyan dəymişdir. İşə əlavə edilmiş xx.xx.2015-ci il tarixli hesablama aktından görünür ki, ** PK *** dövlət qeydiyyat nişanlı «Toyota Corolla» markalı avtomobilin təmiri üçün 6.622 manat məbləğində pul vəsaiti hesablanmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 8880/CML-2890/2015-1 nömrəli sığorta müqaviləsinə aid ümumi məlumatlarından görünür ki, ** PK *** dövlət qeydiyyat nişanlı «Toyota Corolla» markalı avtomobilə dəymiş zərərin məbləği 6.622 manat təşkil edir. Mütənasiblik tətbiq olunaraq 4.924 manat 50 qəpik 126 nömrəli ödəniş tapşırığına əsasən 2.260 manat ödənildiyindən 2.664 manat 50 qəpik ödənilir. İşdə olan xx.xx.2016-cı il tarixli,1296 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, sığorta ödənişi olan 2.260 manat pul "xxxx" ASC tərəfindən köçürmə yolu ilə "xxxx" ASC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 6530 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, sığorta ödənişi olan 2.664 manat 50 qəpik pul "xxxx" ASC tərəfindən köçürmə yolu ilə "xxxx" ASC-nin hesabına köçürülmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli, 454 nömrəli bildirsin surətindən görünür ki, borcu könüllü ödəməsi barədə "xxxx" ASC tərəfindən Cavabdeh xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin tələbinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə hesab edir ki, tərəflər arasındakı hüquq münasibətləri «subroqasiya hüququ» ilə bağlıdır və «subroqasiya hüququ» sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun sığortaçıya keçməsidir. Yəni «subroqasiya hüququ» müqavilə əsasında deyil, vurulmuş zərərin əvəzinin ödənilməsi nəticəsində, yaxud qanunun tələbi ilə əmələ gəlmişdir. Beləliklə, məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə, mülki məsuliyyətinin icbari sığortası üzrə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 4.924 manat 50 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 69 manat 25 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 4.924 (dörd min doqquz yüz iyirmi dörd) manat 50 (əlli) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 69 (altmış doqquz) manat 25 (iyirmi beş) qəpik, cəmi 4.993 (dörd min doqquz yüz doxsan üç) manat 75 (yetmiş beş) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar