Məhkəmə qərarları › İş №e-2(125)-392/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-392/2023

10.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-392/2023 10.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, müstəqil tələb irəli sürməyən şəxs üçüncü X13 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Gəncə şəhəri 6 saylı notariat ofisinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və miras əmlakda payın müəyyən edilməsi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 2diq olunmuş 24 aprel 2008-ci il tarixli 2V-1-87 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Gəncə şəhəri 6 saylı notariat ofisində təsdiq olunmuş 06 iyun 2022-ci il tarixli 4Ə-307 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin evə dair Cavabdeh1 adına verilmiş 29 iyun 2022-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması, Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçının miras payının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayandəsi (vəkili) Nümayəndə izahatında göstərdi ki, Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mərhum atası X7 adına olmuşdur. X15 14 fevral 2003-cü ildə vəfat etmişdir. Hələ X1 iddiaçının əri yaşadığı evdə qətlə yetirilmiş və bundan sonra iddiaçı atasının yanına köçərək, orada yaşamağa başlamışdır. X15 vəfat etdikdən sonra da, iddiaçı həmin mülkdə yaşamağa davam etmiş və bununla da, atasından qalmış mirası faktiki qəbul etməklə onu idarə etmişdir. X15 vəfat edən gündən 2020-ci ilə kimi iddiaçı sözügedən miras əmlakda fasiləsiz yaşamışdır. Yəni iddiaçının atası X5 qalmış mirasın onun tərəfindən qəbul edilməsi faktı işin mübahisəsiz halıdır. Lakin iddiaçı 2020-ci ildə Qazaxstan Respublikasına qızının yanına qonaq getmiş, sonradan COVİD-19 pandemiyası ilə əlaqədar olaraq sərhədlər bağlanmış və məcburiyyət qarşısında qalaraq 2022-ci ilin iyul ayına kimi orada qalmalı olmuşdur. 2022-ci ilin iyul ayında Azərbaycan Respublikasına qayıdan zaman iddiaçı uzun illər yaşadığı sözügedən miras mülkə gedərək, evə daxil olmaq istəsə də, evdən yad adamlar çıxaraq evi aldıqlarını bildirmişlər və onu küçəyə atmışlar. Daha sonra evdə olan əşyalarının taleyini soruşduqda, iddiaçıya əşyalarının qardaşının evinə yığıldığı bildirilmişdir. Həmin vaxt iddiaçı polisə müraciət etsə də, mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməli olduğu ona bildirilmişdir. Bundan sonra iddiaçı sənədləri araşdırmağa başlamış və yalnız araşdırmadan sonra ona məlum olmuşdur ki, Cavabdeh2 hələ 2008-ci ildə onun xəbəri olmadan Gəncə şəhəri 1 saylı dövlət notariat kontorunda təsdiq olunmuş 24 aprel 2008-ci il tarixli 2V-1-87 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən bu mülkü öz adına keçirmişdir. Hazırda isə Cavabdeh2 evi Gəncə şəhəri 6 saylı notariat ofisində təsdiq olunmuş 06 iyun 2022-ci il tarixli 4Ə-307 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmışdır. Vərəsəlik zamanı çox ciddi saxtakarlıqlara yol verilmişdir. Belə ki, iddiaçının atası vəfat edən gündən uzun illər ərzində iddiaçı sözügedən miras əmlakda faktiki yaşamaqla onu idarə etmiş və beləliklə də mirası qəbul etmişdir. Həmin əmlakda iddiaçının miras payının olmasına baxmayaraq, ona hər hansı bir pay verilməmişdir. Əksinə Cavabdeh2 hələ iddiaçının atasının sağlığından bu günə kimi Türkiyə Respublikasında yaşayır və mirası hər hansı bir formada qəbul etməmişdir. Hətta vərəsəlik işləri aparılan zaman da özü deyil, miras açıldıqdan 6 il sonra etibarnamə əsasında nümayəndəsi iştirak etmişdir. Bu zaman notariusa başqa vərəsələrin olmaması barədə saxta arayış təqdim edilmişdir. Bununla da, iddiaçının mirası faktiki olaraq qəbul etməsinə baxmayaraq, o, miras payından məhrum edilmişdir. Hazırda isə Cavabdeh2 sözügedən mülkü satmaqla, həmin evi tamamilə iddiaçının əlindən çıxarmışdır. Buna görə də, iddiaçı pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Sonda iddiaçının nümayəndəsi Nümayəndə iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək, bildirdi ki, iddiaçı digər tələblərlə yanaşı, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığını tələb edir. Digər tələblərin iddiaçının mənafeyinə uyğun həll edilməsinin şərti bu tələbdən keçir. Buna görə də ilk öncə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilib-edilməməsi araşdırılmalıdır. İddia ərizəsinin məzmunu və iddia ərizəsinə əlavə edilmiş notariat işindən açıq-aşkar görünür ki, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsas sənəd 06 iyun 2000-ci il tarixli, 7K-13 nömrəli vəsiyyətnamə olmuşdur. Hazırki vəziyyətdə qeyd olunan vəsiyyətnamə mübahisələndirilmədən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinin nə məntiqi, nədəki hüquqi izahı vardır. İddiaçının 2022-ci ilin iyul ayında 24 aprel 2008-ci il tarixli 2V-1-87 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən xəbər tutması barədə dəlili tam əsassızdır. Qeyd olunan dəlilin əsassız olmasını sübut etmək üçün 06 iyun 2000-ci il tarixli, 7K-13 nömrəli vəsiyyətnaməyə dönüş etmək lazımdır. Çünki, həmin vəsiyyətnamə məhkəmə tərəfindən həqiqətin müəyyən olunmasında əvəzsiz rol oynayacaqdır. Vəsiyyətnamənin məzmunundan görünür ki, X15 onun vəfat günü ona məxsus olan ünvan 3 ünvanında yerləşən mülkünü X34 və X30, Gəncə şəhəri 3410/07 saylı ə/kassasında 27021 saylı hesabda olan əmanətini isə İddiaçı Mükadim qızına vəsiyyət etmişdir. 15 iyul 2012-ci il tarixdə İddiaçı 06 iyun 2000-ci il tarixli, 7K-13 saylı vəsiyyətnamə əsasında Gəncə şəhəri 4 saylı Dövlət Notariat Kontorundan 2V-1-403 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bu isə o qənaətə gəlməyə əsas verir ki, idiaçının ən azı 2012-ci il tarixdən cavabdehin adına vəsiyyətnamə verilməsindən xəbəri olmuşdur. Əgər vəsiyyətnamədən narazı idisə, həmin vaxt iddia qaldırmalı idi. İddiaçı 10 ildən artıq müddət keçəndən sonra iddia qaldırmaqla iddia müddətini ötürmüşdür. Məhkəmə bu xüsusatı əsas götürməli və iddia müddətini tətbiq etməlidir. İddia tələbində qeyri-müəyyən olan digər hal isə iddiaçının miras payını istəməsi ilə bağlıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, miras əmlakla bağlı hüquqi istinad nöqtəsi vəsiyyətnamədir. Bu isə məcburi pay anlayışını ortaya çıxarır. İddiaçı məcburi payını istəyir və iddia ərizəsində buna dair normalara istinad edir. Vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi verilərkən, hər hansı saxtakarlıq və qanun pozuntusuna yol verilməmişdir. Belə ki, cavabdehin orada pasport qeydiyyatının olması onun miras əmlakını qəbul etməsinin təsdiqidir. İddiaçının isə heç vaxt orada pasport qeydiyyatı olmamışdır. Sonda cavabdehin nümayəndəsi Vəkil2 iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabeh Cavabdeh1 iddia tələbini qəbul etməyərək, bildirdi ki, o, Cavabdeh2 ilə 06 iyun 2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamaqla ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini əldə etmişdir. Hazırda da ailəsi ilə birlikdə həmin evdə yaşayır. O, evi alarkən, İddiaçı tanımamışdır və hazırda da tanımır. Cavabdeh2 ilə aralarında alqı-satqı müqaviləsi bağlanarkən həmin daşınmaz əmlak üzərində onunla İddiaçı arasında hər hansı mübahisənin olduğundan da xəbərsiz olmuşdur. Yəni iddiaçının qeyd etdiyi kimi, həqiqətən də Cavabdeh2 adına verilmiş vərəsəlik şəhadətnaməsi etibarsız olsa belə, o vicdanlı sahib kimi heç bir məsuliyyət daşımalı deyil və heç bir qaydada ondan mülk tələb oluna bilməz. Bundan əlavə, mübahisə predmeti olan daşınmaz əmlaka dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradəsinin və belə iradə ifadəsinin vahidliyi mövcud olmuş, məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Bütün bunlara əsasən mübahisələndirilən alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir. Buna görə də, etibarlı şəkildə bağlanmış alqı-satqı müqaviləsi əsasında onun adına alınan mülkiyyət hüququ da qanuni və əsaslıdır. Sonda Cavabdeh1 iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 izahatında göstərdi ki, o, İddiaçı qardaşıdır. 1990-cı ildə o, Türkiyə Respublikasına getmiş, 1995-ci ildə isə Coşqunov Xalis ailəsi və onun atası ilə birlikdə Bursa şəhərinin İnigöl vilayətinə köçmüşlər. Bir il sonra X24 xəstəlikdən vəfat etmişdir. Xalisin vəfatından sonra onun arvadı Coşğunova Mənəmşə X2 onunla birlikdə yaşamaq istəmədiyini bildirərək, onun evdən getməsini tələb etmişdir. Belə olan halda X15 bir müddət onun yanında yaşamışdır. Lakin bir müddət sonra X15 Azərbaycan Respublikasına geri dönmək və vəfat edəcəyi günə qədər orada yaşamaq istədiyini bildirmişdir. Buna görə də, 1997-ci ildə Mükəddim Azərbaycan Respublikasına geri dönmüşdür. Azərbaycan Respublikasında olduğu müddətdə o, Gəncə şəhəri, Kəpəz rayonu, Yusif Məhəmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. Həmin vaxt onunla birlikdə həmin evdə İddiaçı və X20 yaşamışdır. İddiaçı həmin evdə yaşamasının səbəbi 1993-cü ildə onun ərinin öldürülməsi olmuşdur. 14 fevral 2003-cü il tarixdə X15, 2017-ci ildə isə X20 vəfat etmişdir. Onlar vəfat etdikdən sonra Gülfiraz 2020-ci ilə qədər orada yaşamağa davam etmişdir. 2020-ci ildə Gülfiraz Qazaxıstan Respublikasına qızının yanına getmişdir. 2022-ci ildə X9 oğlunun evi satmaq istədiyini bildirmiş və ondan razılıq ərizəsi istəmişdir. O da evin Cavabdeh2 olduğunu hesab edərək, evin satılmasına etiraz etməmişdir. 28 noyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində cavabdeh Gəncə şəhəri 6 saylı notariat ofisinin nümayəndəsi işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 və X39 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, o, iddiaçının qonşusu olmuşdur. İddiaçı əvvələr Dədə Qorqud küçəsi, ev 40, mənzil 21 ünvanında həyat yoldaşı ilə birlikdə yaşamışdır. Həmin vaxt onlar qonşu olmuşlar və birbirilərinə yaxşı münasibət bəsləmişlər. 1993-cü ildə Gülfirazın həyat yoldaşı naməlum şəxslər tərəfindən həmin mənzildə qətlə yetirilmişdir. Bu hadisədən sonra Gülfiraz psixoloji sarsıntı keçirmiş və həmin mənzildə yaşamağa qorxmuşdur. Buna görə də, o atasına məxsus olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür. 1997-ci ildə iddiaçının atası X15 Azərbaycan qayıtdıqdan sonra həmin evdə Gülfirazla yanaşı həm atası, həm də bibisi yaşamışdır. İddiaçının atası 2003-cü ildə, bibisi isə 2017-ci ildə vəfat etmişdir. Onların vəfatından sonra da İddiaçı həmin evdə yaşamağa davam etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o İddiaçı qonşusudur. İddiaçının əri 1993-cü ildə yaşadığı evdə öldürülmüşdür. Buna görə iddiaçı 1997-ci ildən mübahisəli mənzildə atası və bibisi ilə birlikdə yaşamağa başlamışdır. Onların iddiaçı ilə aralarında yaxşı münasibətlər olmuşdur və mütəmadi olaraq birbirilərinin evinə qonaq getmişlər. Buna görə də, onun iddiaçının ailəsində baş verən hadisələrdən xəbəri olmuşdur. İddiaçı 2022-ci ildə Qazaxstan Respublikasından qayıtdıqdan sonra ona söyləmişdir ki, Cavabdeh2 qanunsuz şəkildə yaşadıqları evi satmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X31 ifadəsində göstərdi ki, o əvvəllər İddiaçı qonşusu olmuşdur. İddiaçının əri öldürüldükdən sonra, o ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş, bibisi X20 isə onun yanına gələrək, İddiaçı ilə birlikdə yaşamağa başlamışdır. Bir müddət sonra iddiaçının atası da gəlmişdir və artıq onların üçü də bir evdə yaşamışlar. Məhkəmədə şahid qismində dindirilmiş X37 ifadəsində göstərdi ki, o, əvvələr İddiaçı Dədə Qorqud küçəsi, ev 40, mənzil 21 ünvanında yaşayarkən onun qonşusu olmuşdur. 1993-cü ildən sonra iddiaçı orada yaşamamışdır. 1997-ci ildən sonra o Şəmkirə köçmüşdür, buna görə də 1997-ci ildən sonra İddiaçı harada yaşadığı ona məlum deyildir. Mülki işdə olan 06 iyun 2000-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X15 ona məxsus olan ünvan 4 ünvanında yerləşən mülkünü X35 və X25, 3410/07 nömrəli Əmanət Bankında 27021 hesabdakı əmanətini İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan AZ seriyalı, 149476 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 14 fevral 2003-cü il tarixdə Gəncə şəhərində kəskin ürək damar çatışmamazlığı xəstəliyindən vəfat etmişdir. İşdə olan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2-984-2007 nömrəli qətnaməsindən görünür ki, X29 adının dəyişdirilib Osman kimi qeyd edilməsi və bu barədə doğum akt qeydində dəyişiklik edilməsi qət edilmişdir. İş materiallarında olan 24 aprel 2008-ci il tarixli X36 və X11 ərizələrindən görünür ki, onlar mərhum X8 məxsus olan və ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evindən onlara çatası payı nə faktiki, nə də ərizə əsasında qəbul etməmişlər və bununla əlaqədar məhkəməyə müraciət etməyəcəklər. İşdə olan Cavabdeh2 ərizəsindən görünür ki, onun babası X15 14 fevral 2003-cü il tarixdə vəfat etmişdir. O, babasından miras qalmış ünvan 4 saylı fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 16 sentyabr 2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Y.Məmmədəliyev küçəsində mülkiyyətində olan 0.0422 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 52.8 kv.m ümumi yaşayış, 32.9 kv.m köməkçi sahədən ibarət 54 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 190 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan 24 aprel 2008-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 14 fevral 2003-cü il tarixdə vəfat etmiş X7 vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi Cavabdeh2dur. Miras əmlak iki otaq, ümumi sahəsi 85.7 kv.m, yaşayış sahəsi 52.8 kv.m, köməkçi sahə 32.9 kv.m, 0.0422 ha torpaq sahəsi olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan 15 iyul 2012-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 14 fevral 2003-cü il tarixdə vəfat etmiş X7 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi İddiaçıdır. Miras əmlak Gəncə şəhər 3410/07 saylı ə/kassasında 27021 saylı hesabda olan əmanətdən (faizi ilə birlikdə) ibarətdir. İşdə olan Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X14 ərizəsindən görünür ki, o, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evini satmaq istəmiş və buna görə də, həmin əmlak üzərində daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dövlət reyestrindən arayışdan görünür ki, ünvan 4 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Yusif Məhəmmədəliyev küçəsi, 54 ünvanında yerləşən mənzildə 22 yanvar 1954-cü il təvəllüdlü X17, 18 mart 1982-ci il təvəllüdlü X26 və 08 dekabr 1958-ci il təvəllüdlü X23 qeydiyyatdadırlar. İş materiallarında olan **********494, **********495 və **********485 saylı razılıq ərizələrinin surətlərindən görünür ki, X26, X23 və X17 ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına etiraz etməmişlər. İşdə olan 06 iyun 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X23 ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh1 50.000 manat məbləğinə satmış və mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 nömrəli evin mülkiyyətçisi Cavabdeh1dur. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 190 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 14 sentyabr 2022-ci il tarixli daşınmaz əmlaka dair arayışın təqdim edilməsi barədə məktubdan görünür ki, X7 adına ünvan 4 saylı fərdi yaşayış evinə dair (0.0422 ha torpaq sahəsində yerləşən 52.8 kvm, iki yaşayış otaqları, 32.9 kvm köməkçi sahə) 10 aprel 2008-cı il tarixli ********** qeydiyyat çıxarış verilmişdir. Gəncə şəhəri 4 saylı notariat kontorunun 24 aprel 2008-cı il tarixli 2V-1-87 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mülk Cavabdeh2 adına keçmişdir. Vərəsənin adına 22 avqust 2008-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri 6 saylı notariat ofisinin 06 iyun 2022-cı ıl tarixli 4Ə-307 saylı alqı-satqı müqaviləsinə əsasən bu əmlak X3. X19 küçəsi, 54 saylı fərdi yaşayış evinə dair 29 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, X15 tərəfindən ünvan 4 ünvanında yerləşən mülk X35 və X25, 3410/07 nömrəli Əmanət Bankında 27021 hesabdakı əmanət İddiaçı vəsiyyət edilmiş, İddiaçı 15 iyul 2012-ci il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaqla həmin pul vəsaitini qəbul etmişdir. Hazırki iddia tələbində isə İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X5 qalmış miras kütləsinə daxil olan digər əmlak Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evində payının müəyyən olunmasını xahiş etmişdir. Lakin İddiaçı X5 qalmış mirasın qəbul edilmiş hissəsinə, eləcə də hazırki mübahisə üzrə miras əmlakın (Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evinin) dəyərinə, nəhayət tamamlanmalı olan hissəyə, eləcə də vəsiyyətnamənin etibarsız hesab olunmasına dair sübutlarını məhkəməyə təqdim etməmiş, öz iddia tələbinin əsası kimi yalnız qeyd olunan fərdi yaşayış evində yaşamaqla miras əmlakı qəbul etməsinə və Cavabdeh2 2003-2008-ci illərdə Türkiyə Respublikasında yaşaması ilə əlaqədar miras əmlakı qəbul etməməsinə istinad etmişdir. Halbuki, iddianın əsaslılığını sübuta yetirmək və buna dair dəlilləri məhkəməyə təqdim etmək iddiaçının vəzifəsidir. «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktik sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Mülki işin məhkəmədə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh2 2003-2008-ci illərdə Türkiyə Respublikasında yaşasa da Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evini idarə etmək üsulu ilə miras əmlak kimi faktiki qəbul etmişdir. Hətta iddiaçının özü tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 avqust 2022-ci il tarixli qərardan da görünür ki, İddiaçı öz iradəsinə uyğun olaraq, Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh2 adına rəsmiləşdirilməsini təmin etmişdir. Belə ki, İddiaçı Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində izahat verərkən Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evini atasının və bibisinin ölümündən sonra qardaşı oğlunun (Cavabdeh2) adına keçirtdiyini, 2022-ci ilin may ayında qardaşı oğlunun (Cavabdeh2) həmin evi satmaq istədiyini və bu zaman qardaşı oğluna (X32) evi ona satmasını təklif etdiyini, lakin qardaşı oğlunun (Cavabdeh2) Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evini başqa şəxsə satdığını göstərmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh2 Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən miras əmlakı qəbul etməməsinə dair İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hal iddianın təmin olunması üçün əsas deyildir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin və 29-cu maddəsinin 1, 2 və 5-ci hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 1133.1-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. Həmin Məcəllənin 1166-ci maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1170.1-ci maddəsinə görə vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1176.1-ci maddəsinə görə vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Həmin Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1195-ci maddəsinə görə məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1196-cı maddəsinə görə vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1201-ci maddəsinə görə əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər. Mülki qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Hazırki halda məhkəmə əvvəlcə mirasda məcburi payın mahiyyətinə və məqsədinə, daha sonra isə onun həcminin müəyyənləşdirilməsi qaydasına nəzər salmağı vacib hesab edir. Vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay, miras qoyanın sağlığında öz əmlakına verdiyi sərəncamların (ölümə bağlı sərəncam kimi vəsiyyətin, ölümündən qabaq iki il ərzində edilmiş bağışlamanın) qanunla məhdudlaşdırılmasıdır. Sərəncam hüququ, mülkiyyət haqqının ən mühüm komponentlərindən biri kimi mülkiyyətçiyə öz əmlakının hüquqi müqəddəratını həll etmək imkanı verir. Bu baxımdan hər kəs öz mülkiyyətində olan əmlaka sərəncam verməkdə sərbəstdir. Bununla belə, mülkiyyət hüququ əhatə etdiyi səlahiyyətləri həyata keçirmək baxımından mütləq deyil. Bu imkan başqa şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Bu məhdudiyyətlərdən biri də mülkiyyətçinin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) miras əmlakdan almalı olduqları minimum aktivdir – məcburi paydır. Başqa sözlə, miras qoyan öz əmlakını istədiyi şəxsə özgəninkiləşdirmək və ya vəsiyyət etmək hüququ, sadalanan şəxslərin almalı olduqları və qanunla müəyyən edilmiş həddə məhdudlaşdırılır. Beləliklə, şəxs arzu etsə də ölümündən sonra qanunun müəyyənləşdirdiyi yaxınlarına çatmalı olan miras dəyərlərini başqa şəxslərə verə və ya qanunun nəzərdə tutduğundan fəqli nisbətlərdə paylaşdıra bilməz. Məcburi pay institutu miras qoyanın yaxın ailə üzvləri qarşısında olan maddi və mənəvi öhdəliklərindən irəli gəlir. Bu öhdəliklər çərçivəsində miras qoyanın ən yaxınlarını əmlakdan tamamilə məhrum etməsinin qarşısı alınır, onların minimum həcmdə əmlak almaları təmin edilir. Həmin şəxslərin məcburi pay gözləntiləri ailə bağlarının sıxlaşmasına, cəmiyyətin özəyi olan ailənin daha da möhkəmlənməsinə səbəb olmaqla ictimai bir fayda da təmin edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» xx.xx.2021-ci il tarixli qərarında məcburi pay institutunun mahiyyəti ilə bağlı vurğulanmışdır ki, vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olması ailə-təminat prinsipindən irəli gəlir. Bu prinsipə əsasən, mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlakın (əmlakın müəyyən hissəsinin) iqtisadi təminatı vəfatından sonra əsasən onun yaxın ailə üzvlərinə məxsus olmalıdır. Mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır. Bununla belə diqqətdən qaçırılmamalıdır ki, miras qoyanın vərəsələri üçün qanunda nəzərdə tutulan qoruma (məcburi pay hüququ) əhatə baxımından məhduddur. Belə ki, qanun üzrə vərəsələrin hamısı deyil, yalnız çox yaxın sayılan bəzi şəxslər (uşaqlar, valideynlər və arvad-ər) bu hüququa malikdirlər. Onların da bütün vərəsəlik payı deyil, qanunla müəyyən edilmiş bir hissəsi qorunmuşdur. Bu hissə qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısıdır. Başqa sözlə, qanun, miras qoyanın sərəncam hüququnu məcburi payı pozduğu həddə məhdudlaşdırır. Odur ki, miras qoyan bu həddin xaricində qalan əmlakı barəsində istədiyi kimi sərəncam verməkdə sərbəstdir. Belə ki, o, öz vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə biləcəyi kimi, əmlakını da istədiyi şəxsə verə bilər. İstisna (məhdudiyyət), yalnız məcburi pay hüququ olan vərəsələr və onlara qanunla çatası minimum payla bağlıdır (məcburi pay almaq hüququndan məhrumetmə isə ləyaqətsiz vərəsə ilə bağlı ümumiyyətlə vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda, özü də miras qoyanın sağlığında məhkəməyə müraciət edilməklə mümkündür. Bu hədləri (məhdudiyyətləri) nəzərə almadan miras qoyanın hər sərəncamını məcburi payı pozan akt kimi qiymətləndirmək, yəni vəsiyyət edilən (son iki ildə bağışlanan) hər əmlakdan vərəsələrə məcburi pay vermək bu institutun mahiyyətinə və məqsədinə uyğun gəlmir. Buna görə də, məcburi payla bağlı qanundakı qaydalar yalnız həmin minimum payın pozulduğu təqdirdə tətbiq edilə və məcburi pay qarşılanmayan həcmdə tamamlana bilər. Məcburi payın pozulub-pozulmadığı aydınlaşdırılmadan vəsiyyət edilən (bağışlanan) hər predmetdən vərəsələrə pay tanınması isə qanunun tələbəninin pozulması ilə nəticələnə bilər. Belə ki, qanunda bu məzmunda bir norma mövcud deyil. Bu məsələ ilə bağlı məhkəmə vurğulayır ki, məcburi payın həcmi ilə, bu həcmin müəyyənləşdirilməsi qaydası bir-birindən fərqləndirilməlidir. Məcburi payın həcmi Mülki Məcəllənin 1193-cü maddəsində göstərilmişdir: vərəsələrin qanun üzrə vərəsəlik qaydasında alacaqları payın yarısı. Bu həcmin hansı qaydada müəyyənləşdiriləcəyi isə Məcəllənin 1195-ci maddəsində tənzimlənmişdir. Həmin normaya əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Bu zaman vəsiyyətnamə olmasa idi, vərəsəliyə çağırıla biləcək bütün vərəsələr nəzərə alınır. Mirasqoyanın qanun üzrə birinci növbədən beş vərəsəsi olduğundan iddiaçıya çatası məcburi pay miras əmlakın 1/10 hissəsini təşkil edir. Göründüyü kimi, Mülki Məcəllənin 1193-cü maddəsi ilə müəyyən edilən məcburi payın pozulmasının və tamamlanmalı olan həcminin necə təsbit olunacağı məhz 1195-ci maddədə açıqlanmışdır. Bunun üçün meyar vəsiyyət (hədiyyə) edilən hər bir (ayrıca) əmlak deyil, bütün mirasdır. Başqa sözlə, məcburi payın pozulub-pozulmadığının müəyyən edilməsi üçün mirasa daxil olan hər bir predmet ayrı-ayrılıqda deyil, ölümdən əvvəlki 2 il ərzində edilən bağışlamalarla birlikdə bütöv miras əmlakın ümumi dəyəri əsas alınmalıdır. Bu baxımdan Mülki Məcəllənin 1193-cü maddəsində göstərilən pay nisbəti mirasla (məcburi payla) bağlı ixtilafların həlli üçün kifayət deyil. Həmin norma ilə yanaşı Məcəllənin 1151.1, 1195, 1196 və 1200-cü maddələri birlikdə nəzərə alınmalıdır. Buna görə də, məcburi paya dair mübahisəyə baxan məhkəmə əvvəlcə miras kütləsinə daxil olan əmlaka və ya onun bir hissəsinə vəsiyyətnamə (yaxud son iki ildə bağışlama) ilə sərəncam verilib-verilmədiyini aydınlaşdırılmalıdır. Əgər verilmişsə, həmin sərəncamların predmeti olan və olmayan bütün miras kütləsi (vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak) hesaba alınmaqla uşaqların, valideynlərin və arvadın-ərin bu mirasdan qanun üzrə vərəsəliklə almalı olduqları payını müəyyən etməlidir. Həmin payın yarısı isə məcburi paydır ki, məhkəmə qeyd olunan sərəncamlarla onun pozulub-pozulmadığını aydınlaşdırmalıdır. Bunun üçün həmin vərəsələrin bütün mirasdan almalı olduqları dəyər tapılmalı və qanun üzrə vərəsəlik qaydasında bu dəyəri əldə edib-etmədikləri (yaxud mirasın bölüşdürülməsi ilə onu əldə edib-etməyəcəkləri) yoxlanılmalıdır. Bu yoxlama nəticəsində vəsiyyət edilən (bağışlanan) əmlakın miras kütləsinin hansı məbləğdə olan hissəsini əhatə etdiyi, dolayısı ilə miras qoyanın verdiyi sərəncamların qanunla müəyyən edilən həddi aşıb-aşmadığı (məcburi pay sahiblərinin almalı olduqları minimum paya müdaxilə edib-etmədiyi) məlum olur. Əgər məcburi paya müdaxilə aşkar edilirsə hüququ pozulan vərəsənin vəsiyyət (hədiyyə) edilən əmlak hesabına məcburi payının pozulan məbləğdə (tam və ya qismən) tamamlanmasını tələb etmək hüququ yaranır. Bu qayda Mülki Məcəllənin 1200 və 1201-ci maddələrində açıqca göstərilmişdir. Həmin normalara görə, məcburi pay almaq hüququ olan şəxs bu paydan az əmlak aldıqda çatışmayan hissənin tamamlanmasını tələb edə bilər. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» xx.xx.2021-ci il tarixli qərarında məcburi payın həcminin müəyyənləşdirilməsi və çatışmayan payın tamamlanması ilə bağlı aşağıdakı hüquqi mövqeləri ifadə etmişdir: «Məcburi payın həcminin müəyyənləşdirilməsi qaydası Mülki Məcəllənin 1195-ci maddəsində nəzərdə tutulmuşdur... Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir.» Əgər vərəsə mirasdan qanun üzrə vərəsəliklə almalı olduğunun yarısından artıq dəyərdə əmlak qazanmışsa, bu o deməkdir ki, onun məcburi payı pozulmamışdır. Vərəsə mirasda məcburi pay hüququ əsasında almalı olduğu minimum aktivi əldə etmişsə, miras qoyanın bu aktivin xaricində qalan əmlakına verdiyi sərəncam vərəsənin mənafeyinə xələl gətirmiş sayılmır. Belə olan halda miras qoyanın sərbəst şəkildə vəsiyyət etmək və ya bağışlamaq imkanı olan əmlakdan həmin vərəsəyə pay verilməsinin əxlaqi səbəbi və qanuni əsası olmur. Buna məhəl qoyulmadan vəsiyyət edilən (bağışlanan) əmlaka «məcburi pay» adı altında vərəsənin hüququnun tanınması bu münasibətləri tənzimləyən normaların məqsədlərinə zidd olmaqla yanaşı, ədalətsiz vəziyyətin yaranmasına da səbəb olur. Məsələn, qanun üzrə iki vərəsə olan və 1.000.000 manat dəyərindəki mirasda 20.000 manatlıq avtomobil kənar bir şəxsə vəsiyyət edilmişsə, vərəsələr məcburi payları olan 250.000 manatdan artıq (490.000 manat) dəyərdə əmlak aldıqları halda, onların həmin avtomobilə də şərik olmaları ədalətli olmadığı kimi, miras qoyanın son iradəsinə də ziddir. Bu baxımdan iddiaçı məcburi payının tamamlanmasını tələb etmək üçün ilk növbədə vəsiyyət üzrə ona verilmiş əmlakın ümumi miras kütləsinin 1/10-dən daha az olmasını sübuta yetirməlidir. İddiaçı isə bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa, İddiaçı Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində izahat verərkən Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evini atasının və bibisinin ölümündən sonra qardaşı oğlunun (Cavabdeh2) adına keçirtdiyini, 2022-ci ilin may ayında qardaşı oğlunun (Cavabdeh2) həmin evi satmaq istədiyini və bu zaman qardaşı oğluna (X32) evi ona satmasını təklif etdiyini, lakin qardaşı oğlunun (Cavabdeh2) Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evini başqa şəxsə satdığını bildirməsi Cavabdeh2 tərəfindən Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki qəbul edilməsini göstərməklə yanaşı, X5 qalmış mirasın vərəsələr arasında öz iradələrinə uyğun olaraq bölüşdürüldüyünü də göstərir. Digər tərəfdən İddiaçı 15 iyul 2012-ci il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaqla X15 tərəfindən ona vəsiyyət edilmiş 3410/07 nömrəli Əmanət Bankında 27021 hesabdakı əmanəti qəbul etmişdir. Həmin miras əmlak isə Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh2n miras qoyulduğu eyni vəsiyyətnamə ilə İddiaçı vəsiyyət edilmişdir. Buna görə də İddiaçı 15 iyul 2012-ci il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alarkən digər miras əmlak Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh2 vəsiyyət edilməsindən xəbərdar olmaması ağlabatan deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə görə miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Beləliklə, məhkəmə hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair əsaslar müəyyən edilmədiyinə görə daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Həmnçinin məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Gəncə şəhəri 6 saylı notariat ofisinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və miras əmlakda payın müəyyən edilməsi» barədə iddiası rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Gəncə şəhəri 6 saylı notariat ofisinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və miras əmlakda payın müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar