Məhkəmə qərarları › İş №e-2(125)-4102/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4102/2025

20.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4102/2025 20.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı «İri şəhərlərin X7 Xidməti» publik hüquqi şəxsinə qarşı «su təhcizatı və tullantı sularının axıdılması sisteinə qoşulması ilə bağlı yaradılmış maneənin aradan qaldırılması və aparılan ödənişlərin borca silinməsinin dayandırılması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «İri şəhərlərin X7 Xidməti» publik hüquqi şəxsinə qarşı 5.813 manat 70 qəpik borcun olması səbəbi ilə cavabdehin ünvan 1 ünvanına su təchizatı və kanalizasiya sisteminə qoşulma ilə bağlı maneələr yaratmasının və 801048 nömrəli abonent kodu üzrə sudan istifadəyə görə aparılan ödənişlərin hesablanmış borca silinməsinin cavabdeh «İri şəhərlərin X7 Xidməti» publik hüquqi şəxsinə qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Naziriliyinin xx.xx.2024-cü il tarixli, 708-K nömrəli əmri ilə Gəncə şəhəri 3 saylı notariat ofisinə xüsusi notarius təyin edilmişdir. Gəncə şəhəri 3 saylı notariat ofisinin yerləşdiyi inzibati bina ünvan 1 ünvanıdır. Həmin inzibati bina xx.xx.2025-ci il tarixli, 5660 nömrəli icarə müqaviləsinə əsasən iddiaçının icarəsindədir. İddiaçı inzibati binada əmək fəaliyyətinə başlayarkən binanın su təchizatının dayandırıldığı bəlli olmuşdur. Su təchizatının dayandırılma səbəbi kimi isə əvvəlki notarius X1 çirkab su üzrə 4.992 manat 70 qəpik, su sərfiyyatı üzrə 821 manat, ümumilikdə 5.813 manat 70 qəpik borcunun olmasıdır. Belə ki, cavabdeh orqan ünvan 1 üvanına su təchizatının bərpa edilməsi üçün əsas şərt kimi əvvəlki borcun ödənilməsini əsas götürür. Həmin borcu ödəməklə bağlı iddiaçının hər hansı öhdəliyi və vəzifəsi yoxdur. Çünki qeyd olunan inzibati binanın icarəyə götürülmə əsası notarius təyin olunması ilə bağlıdır. Mövcud borcu mübahisləndirmək üçün isə subyektiv hüququ yoxdur. Cavabdeh orqan Sudan istifadə qaydalarının 8.4-cü maddəsinə istinad edərək bildirir ki, borc tam ödənildikdən sonra müqavilənin bağlanması mümkündür. Bunu şifahi qaydada bildirirlər. Onlar sistemə baxaraq bildirirlər ki, müqavilə bağlanması qeyri-mümkündür. Sistemdə borc olduqda müqavilə bağlamağa imkan vermir. Halbuki, iddiaçı notarius təyin edilən zaman ünvan 1 ünvanında yerləşən bina ona təqdim olunmuş, hər hansı ərazidə və ya binada notarius fəaliyyəti ilə məşğul olmağa dair ona seçim verilməmişdir. Buna görə də iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Sonda Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi A.C.Rəhimov iddianı qəbul etməyərək izahatında bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş «Sudan istifadə qaydaları»nın 8.4-cü bəndinə görə su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. Göründüyü kimi ünvan 1 ünvanında yerləşən əmlakın icarədarı dəyişsə də keçmiş icarədarla öz aralarında razılıq əldə etməmişlər. Bunda isə cavabdeh orqanın heç bir təqsiri yoxdur. İstifadə edilmiş suyun hesabı istehlakçı tərəfindən bu qaydaların tələblərinə uyğun olaraq vaxtında və tam ödənilmədikdə sudan istifadə xidməti dayandırılır. Buna görə də iddiaçının göstərdiyi xüsusatlar və iddianın əsası kimi istinad etdiyi hallar əsassızdır. Sonda A.C.Rəhimov iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin (vəkilinin) və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 708-K nömrəli əmrinin surətindən görünür ki, Tovuz rayon regional «ASAN xidmət» mərkəzi Notariat Ofisinin xüsusi notariusu İddiaçı xx.xx.2024-cü il tarixdən iş yeri dəyişdirilmiş, Gəncə şəhəri 3 saylı Notariat Ofisinə xüsusi notarius təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2023cü il tarixli, 477-K nömrəli əmrinin surətindən görünür ki, Gəncə şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X3 pensiyaya çıxması ilə əlaqədar notariat fəaliyyəti ilə peşəkarcasında məşğuı olmaq üçün şəhadətnaməsi və qeydiyyat vəsiqəsi «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin birinci hissəsinin 6-cı bəndinə əsasən xx.xx.2023-cü il tarixdən ləğv olunaraq fəaliyyətinə xitam verilmişdir. İşdə olan xx.xx.2012-ci il tarixli, 05/40-7 nömrəli məktuba əlavə edilmiş qeyriyaşayış sahələrinin və icarəyə götürən xüsusi notariusların siyahısının surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2011-ci il tarixdə X2 icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 10540/7023 nömrəli «Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında» icarə müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə görə «icarəyəverən» Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2018-ci il tarixli, 43 nömrəli əmrinə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 134,2 kv/m təşkil edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin balansında olan qeyri-yaşayış sahəsini xidməti məqsədi ilə icarəçi X5 icarəyə verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinin müdiri Tural Nərimanov tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdiri Taleh Bəşirova ünvanlandığı xidməti məlumatın surətindən görünür ki, ünvan 4anında yerləşən ümumi sahəsi 64,6 kv/m olan qeyri-yaşayış binasından 10540 nömrəli müqavilə nömrəsi fiziki şəxs X6 notariat ofisi kimi göstərmişdir. Lakin Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 477-K nömrəli əmri ilə X6 təqaüdə göndərilmişdir. Odur ki, icarə müqaviləsinin ləğv edilməsi barədə köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/2-14-10470/24 nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsi balansında olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 133,3 kv/m olan qeyri-yaşayış sahəsində 3 saylı notariat ofisinin xüsusi notariusu İddiaçı notariat fəaliyyəti ilə məşğul olması üçün icarə müqaviləsinin bağlanmasına etiraz edilməmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, 5660 nömrəli «Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında» icarə müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə görə «icarəyəverən» Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli, 17 nömrəli əmrinə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 76,8 kv/m təşkil edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin balansında olan qeyriyaşayış sahəsini xidməti məqsədi ilə icarəçi İddiaçı Xasaq qızına icarəyə verilmişdir. İş materiallarında olan 41105044 nömrəli müqavilə üzrə abonent haqqında məlumatdan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair sudan istifadəyə görə S.S.Nağıyevə 2012-ci il tarixdən 2024-cü il tarixədək 5.812 manat 70 qəpik məbləğində borc hesablanmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3/2-17980/2025 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinin balansında olan dövlət mülkiyyətinı aid qeyri-yaşayış binası fiziki şəxs X6 tərəfindən xx.xx.2018-ci il tarixli, 10540 nömrəli icarə müqaviləsi əsasında notariat ofisi kimi istifadə olunmuşdur. X1 təqaüdə getməsi barədə Ədliyyə Nazirliyinin əmri nəzərə alınaraq, onunla bağlanılmış icarə müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Hazırda qeyd edilən qeyri-yaşayış binası Ədliyyə Nazirliyinin razılıq məktubu nəzərə alınaraq bağlanılmış xx.xx.2025-ci il tarixli, 5560 nömrəli icarə müqaviləsi əsasında İddiaçı istifadəsindədir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 19A nömrəli qeyri-yaşayış sahəsi dövlət mülkiyyətindədir və həmin qeyri-yaşayış sahəsi xx.xx.2025-ci il tarixli icarə müqaviləsinə əsasən xüsusi İddiaçı istifadəsində verilmişdir. Lakin Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 19A nömrəli qeyri-yaşayış sahəsi İddiaçı istifadəsində verilməsindən sonra su təchizatı və çirkab sularının axıdılmasına xidmətindən istifadəyə görə «İri şəhərlərin X7 Xidməti» publik hüquqi şəxsi tərəfindən xx.xx.2025-ci il tarixdən əvvəlki borcla əlaqədar yeni ödənişlərdən tutulmalar aparılmağa başlanılmışdır. İddiaçı «İri şəhərlərin X7 Xidməti» Publik hüquqi şəxsinə qarşı «su təhcizatı və tullantı sularının axıdılması sisteinə qoşulması ilə bağlı yaradılmış maneənin aradan qaldırılması və aparılan ödənişlərin borca silinməsinin dayandırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorların) xeyrinə müəyyən hərəkəti etməlidir, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.3-cü maddəsinə öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 676.0.3-cü maddəsinə görə üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmaması və ya bu istifadəni istisna etməməsi üçün bütün kirayə müddəti ərzində kirayəyə verən məsuliyyət daşıyır. Həmin Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. «İcarə haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 1-ci maddəsinə görə icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblik dən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi haqqında» 2024-cü il 26 aprel tarixli 232 nömrəli Qərarı ilə təsdiq edilmiş «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsinin Nizamnaməsinin 1.5-ci bəndinə görə «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsi ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Həmin Nizamnamənin 5.2 və 5.3-cü bənlərinə görə xidmətin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır. Xidmət öz əmlakından yalnız Nizamnaməsi ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Xidmət balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini «Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş «Sudan istifadə qaydaları»nın 8.4-cü bəndinə görə su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi öhdəliklər tərəflər arasındakı müqavilədən, bir tərəfin digər tərəfə zərər vurmasından, əsassız varlanmadan və qanunda nəzərdə tutulan digər əsaslardan yarana bilər. Həmçinin öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Hazırki mübahisə üzrə xx.xx.2025-ci il tarixədək Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsində yerləşən 19A nömrəli qeyri-yaşayış sahəsi ilə əlaqədar İddiaçı və cavabdeh «İri şəhərlərin X7 Xidməti» publik hüquqi şəxsi arasında hər hansı öhdəlik münasibətləri mövcud olmamışdır. Lakin cavabdeh «İri şəhərlərin X7 Xidməti» publik hüquqi şəxsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş «Sudan istifadə qaydaları»nın 8.4-cü bəndinə istinadla xx.xx.2025-ci il tarixdən sonra su təchizatı və çirkab sularının axıdılması xidmətinin göstərilməsinə görə İddiaçı tərəfindən aparılan ödənişlərdən həmin tarixdən əvvəlki borca görə tutmalar aparmışdır. Halbuki, Mülki Məcəllənin 673.0.3-cü maddəsinin və «İcarə haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 1-ci maddəsinin tələbi baxımından üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmaması və ya bu istifadəni istisna etməməsi üçün bütün kirayə müddəti ərzində kirayəyə verən məsuliyyət daşıyır. Hazırki halda Mülki Məcəllənin 673.0.3-cü maddəsinə münasibətdə kirayə müqavilənin tərəfləri dövlət və İddiaçı, kirayə verilmiş əmlakdan istifadəyə mane yaradan tərəf «İri şəhərlərin X7 Xidməti» publik hüquqi şəxsidir. «İri şəhərlərin X7 Xidməti» publik hüquqi şəxsi isə ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Buna görə də dövlətə etimad göstərməklə dövlət əmlakını icarəyə götürmüş İddiaçı istifadə etmədiyi su təchizatı və çirkab sularının axıdılması xidmətinə görə «İri şəhərlərin X7 Xidməti» publik hüquqi şəxsi tərəfindən tutmaların aparılması həmin publik hüquqi şəxsinin məqsədlərinə zidd olmaqla, dövlət əmlakının icarəyə götürülməsinə iqtisadi marağın azalmasına, son nəticədə isə dövlətə etimadın zəifləməsinə və dövlət əmlakının icarəyə verilməsi zamanı kirayəyə verənin öhdəlikərinin icrasız qalmasına səbəb ola bilər. Qeyd olunları nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, «İri şəhərlərin X7 Xidməti» publik hüquqi şəxsi tərəfindən Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 19A nömrəli qeyri-yaşayış sahəsinə «su təchizatı və çirkab sularının axıdılması xidməti»nə görə xx.xx.2025-ci il tarixədək mövcud olmuş borcla əlaqədar həmin ünvana «su təchizatı və çirkab sularının axıdılması xidməti»nin göstərilməsinə yaradılan maneələr və xx.xx.2025-ci il tarixdən sonra göstərilən «su təchizatı və çirkab sularının axıdılması xidməti»nə görə İddiaçı tərəfindən aparılan ödənişlərin həmin tarixdən əvvəlki qalıq borca hesablanması dayandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. «İri şəhərlərin X7 Xidməti» publik hüquqi şəxsi tərəfindən Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 19A nömrəli qeyri-yaşayış sahəsinə «su təchizatı və çirkab sularının axıdılması xidməti»nə görə xx.xx.2025-ci il tarixədək mövcud olmuş borcla əlaqədar həmin ünvana «su təchizatı və çirkab sularının axıdılması xidməti»nin göstərilməsinə yaradılan maneələr və xx.xx.2025-ci il tarixdən sonra göstərilən «su təchizatı və çirkab sularının axıdılması xidməti»nə görə İddiaçı tərəfindən aparılan ödənişlərin həmin tarixdən əvvəlki qalıq borca hesablanması dayandırılsın. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar