Məhkəmə qərarları › İş №e-2(125)-4182/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4182/2023

25.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4182/2023 25.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı MMC, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2693 manat ödənilməmiş əsas, 269 manat cərimə və xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 34 manat ödənilməmiş əsas, 3 manat cərimə olmaqla, ümumilikdə 2999 manat pulun və ödənilmiş 49,9 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə Hoffman markalı kondisionerin və Samsung markalı soyuducunun nisyə alğısatqısı barədə 00742509 nömrəli müqavilə bağlanmışdır. xx.xx.2019-cu il tarixli müqavilə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 3192,32 manat, ödəniş müddəti 31 ay olmaqla, ilkin ödəniş 99,76 manat, aylıq ödəniş 99,76 manat müəyyən edilmişdir. Əşyalar Cavabdeh1 xx.xx.2019-cu il tarixdə təhvil verilmişdir. Həmçinin, iddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə Gorenje markalı tozsoranın nisyə alğı-satqısı barədə 00744342 nömrəli müqavilə bağlanmışdır. xx.xx.2019-cu il tarixli müqavilə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 91,52 manat, ödəniş müddəti 7 ay olmaqla, ilkin ödəniş 11,44 manat, aylıq ödəniş 11,44 manat müəyyən edilmişdir. Əşya Cavabdeh1 xx.xx.2019-cu il tarixdə təhvil verilmişdir. Həmçinin, iddiaçı MMC ilə digər Cavabdeh2 (Zamin) arasında borcalanın xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə və xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2021-ci il tarixli zaminlik müqavilələri bağlanmış və müqavilələrin şərtlərinə əsasən zamin sözügedən müqavilələr üzrə Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı MMC-nin qarşısında onunla birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, müqavilələrin şərtləri cavabdehlər tərəfindən pozulmuş, ümumilikdə xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 499,32 manat və xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 57,52 manat ödəniş edilmişdir. Ona görə də cavabdehlərin iddiaçıdan aldığı xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə dəyəri 3192,32 manat (31 ay x 99,76 manat + 99,76 manat ilkin ödəniş) olan əşyalara görə 2693 manat əsas, 269 manat dəbbə (güzəştlə) pulu borcu və xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə dəyəri 91,52 manat (7 ay x 11,44 manat + 11,44 manat ilkin ödəniş) olan əşyaya görə 34 manat əsas, 3 manat dəbbə (güzəştlə) pulu borcu yaranmışdır. Cavabdehlərin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqaları qeyd edilmiş, bu barədə müvafiq reyestrdən çıxarış və xəbərnamə işə əlavə edilmişdir. Lakin, cavabdehlər 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə görə cavabdehlərin xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə borca görə ödədiyi pul məbləği 499,32 manat, qalıq borcu – 2693 manat əsas və 269 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 2962 manat və xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə borca görə ödədiyi pul məbləği 57,52 manat, qalıq borcu – 34 manat əsas və 3 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 37 manat təşkil edir. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə sözügedən müqavilələr üzrə borclarının olması barədə xəbərdarlıq edilmiş, onlardan borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%dək həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2). Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (maddə 470.1). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (Maddə 472.1). Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı MMC ilə cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq müvafiq nisyə alğı-satqı və zaminlik müqavilələri bağlanmışdır. Müqavilələrdə nəzərdə tutulmuş mallar alıcıya təhvil verilmiş, həmin müqavilələr ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin alıcı öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Cavabdeh1 iddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu və hesablanmış cərimə məbləğini tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddia tələbinin digər Cavabdeh2 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, digər Cavabdeh2 xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o sözügedən müqavilə üzrə müəyyən edilmiş öhdəliyə görə zamin olduğundan, qeyd edilən əsas borcun və cərimənin ödənilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşıyır. Beləliklə, iddiaçının təqdim etdiyi sübutlar, yuxarıda qeyd edilən müqavilələr üzrə borcun düzgün hesablandığını təsdiq edir, cavabdehlər isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Bununla belə, məhkəmə hesab edir ki, digər müqavilə - xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh2 dair hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, iddiaçı MMC zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni sözügedən müqavilə üzrə əsas öhdəliyin icrası vaxtının başa çatdığı xx.xx.2021-ci il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də iddiaçı MMC-nin zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsasən əsaslı olduğundan iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 49,99 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 2693 manat əsas, 269 manat cərimə olmaqla, cəmi 2962 (iki min doqquz yüz altmış iki) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh1 xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 34 manat əsas, 3 manat cərimə olmaqla, cəmi 37 (otuz yeddi) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 49,9 (qırx doqquz manat, doxsan qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar