Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4495/2025 19.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 260 (iki yüz altmış) manat sığorta ödənişinin məbləği və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 290 (iki yüz doxsan) manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “BMW 328İ” markalı, 20EF799 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli, PSS**********-1 №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən cəmiyyətlərində sığortalanmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində Gəncə şəhəri, Heydər Əliyev prospekti ərazisində avtomobili idarə edərkən “Chevrolet Cruze” markalı, 77PC960 dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmiş və hadisə yerindən yayınmışdır. Gəncə şəhər DYP-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışından və Gəncə şəhər DYPŞ polis kapitanı X1 xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında Protokoldan görünür ki, xx.xx.2022-ci il tarixində Gəncə şəhəri, Heydər Əliyev prospekti ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh hadisə yerindən yayındığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən zədələnmiş “Chevrolet Cruze” markalı, 77PC960 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 260 (iki yüz altmış) manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2022-ci il tarixli, İ-1057/22 saylı sığorta ödəniş aktına və xx.xx.2022-ci il tarixli 22072022-9300-54 saylı ödəniş tapşırığına əsasən 260 (iki yüz altmış) manat sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Faydalanan şəxsə ödənilmiş 260 (iki yüz altmış) manat məbləği cavabdeh tərəfindən cəmiyyətlərinə qaytarılmalıdır. Cavabdehə bu barədə xx.xx.2025-ci il tarixli, 142 saylı pretenziya məktubu da göndərilmiş, lakin müsbət nəticəsi olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İş materiallarında olan "xxxx" MMC-nin yekun aktının surətindən görünür ki, “Chevrolet Cruze” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 260 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan Gəncə şəhər DYPŞ-nin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı Protokoldan surətindən görünür ki, 2022-ci ilin 24 yanvar tarixində, saat 21:41 dəqiqədə Gəncə şəhəri, H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh hadisə yerindən yayındığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, İ-1057/22 saylı sığorta ödəniş aktına və xx.xx.2022-ci il tarixli PSS********** saylı ödəniş tapşırığına əsasən 1100 manat sığorta ödənişi iddiaçı tərəfindən "xxxx" MMC-yə köçürmə yolu ilə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmçinin, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Sadalanan xüsusatlara və qanuvericilik aktı normalarına istinadən hesab edirəm ki, iddiaçı "xxxx"” ACS-nin subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 260 (iki yüz altmış) manat pul və dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-4495/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4495/2025
19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver