Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4642/2023 03.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «nisyə alğı-satqı müqaviləsi üzrə pulun ödənilməsi» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2021-ci il tarixli, 23070858 nömrəli müqavilə üzrə 370,4 manat ödənilməmiş hissə, 37,6 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli, 23234926 nömrəli müqavilə üzrə 359,7 manat ödənilməmiş hissə, 35,3 manat dəbbə pulu olmaqla, cəmi 803 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, sonuncu İMEİ kodu **********73762 olan «Samsung Galaxy A12» markalı telefon və İMEİ kodu **********37418 olan “Samsung Galaxy A32” markalı telefon almış və nəticədə 803 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 498 manat (12 ay x 41,5 manat) olan «Samsung Galaxy A12» markalı telefon üçün 370,4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37,6 manat cərimə borcu yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 684,9 manat (12 ay x 32,7 manat + 292,5 manat) olan, “Samsung Galaxy A32” markalı telefon üçün 359,7 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 35,3 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 452,8 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il və xx.xx.2021ci il müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23070858 saylı müqavilədən görünür ki, cavabdeh «Samsung Galaxy A12» markalı telefonu nisyə qaydada 498 manata almış, malın qiymətini ayda 41,5 manat olmaqla, 12 ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23234926 nömrəli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan “Samsung Galaxy A12” markalı telefonu 292,5 manat ilkin ödəniş etməklə nisyə qaydada 684,9 manata almış, malın qiymətinin qalan hissəsini ayda 32,7 manat olmaqla, 12 ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixli, 23070858 nömrəli müqavilə üzrə 127,6 manat ödəmiş, 370,4 manat borcu qalmışdır. Ödənişlərin 270 gün gecikdirilməsinə görə 37,6 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli, 23234926 nömrəli müqavilə üzrə 325,2 manat ödəmiş, 359,7 manat borcu qalmışdır. Ödənişlərin 330 gün gecikdirilməsinə görə 35,3 manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Öhdəliyin mövcud olmasını sübutetmə yükü kreditorun, öhdəliyin icra edilməsini sübutetmə yükü isə borclunun üzərinə düşür. İddiaçının təqdim etdiyi sənədlər əsasında iddiaçı ilə cavabdeh arasında nisyə alğı-satqı müqavilələrinin bağlanaraq müqavilələrdə göstərilən əşyaların cavabdehə verilməsi öz təsdiqini tapır. Cavabdeh nisyə alğı-satqı müqavilələri üzrə öhdəliyini vaxtında və lazımınca icra etməsi barədə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh öhdəliyi pozduğundan iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iş materiallarından cavabdehin öhdəliklərin icrasını gecikdirdiyi müəyyən edilmişdir. Müqaviləyə uyğun olaraq hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 1 faizi ilə hesablandıqda iddiaçının dəbbə pulu tələbinin müqavilələrin şərtlərinə uyğun olduğu müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2021-ci il tarixli, 23070858 nömrəli müqavilə üzrə 370,4 manat ödənilməmiş hissə, 37,6 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli, 23234926 nömrəli müqavilə üzrə 359,7 manat ödənilməmiş hissə, 35,3 manat dəbbə pulu olmaqla ümumilikdə 803 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6, 357-360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 23070858 nömrəli müqavilə üzrə 370,4 manat ödənilməmiş hissə, 37,6 manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli, 23234926 nömrəli müqavilə üzrə 359,7 manat ödənilməmiş hissə, 35,3 manat dəbbə pulu olmaqla ümumilikdə 803 (səkkiz yüz üç) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №e-2(125)-4642/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4642/2023
03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver