Məhkəmə qərarları › İş №e-2(125)-4708/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4708/2024

14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4708/2024 14.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə xx.xx.2023-cü il tarixdə bağlanmış HHA 19040 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 272,74 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 68 ABŞ dolları cərimə, cəmi 340,74 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə bağlanmış HHA 19040 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə satış qiyməti 649 ABŞ dolları olan İphone 11 markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 105 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla, xx.xx.2023-cü il tarixdə 45,21 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 45,21 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 45,21 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 45,21 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 45,21 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 45,21 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Qanunvericiliyin tələblərinə əsasən iddiaçı tərəfindən cavabdehə alınmış əmlak təhvil verilmiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş və bununla da onun hal-hazırki vaxta ödənilməmiş 272,74 ABŞ dolları məbləğində borcu yaranmışdır. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştiraklı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli, HHA 19040 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMCdən ümumi məbləği 649 ABŞ dolları olan İphone 11 Pro markalı mobil telefon almışdır. xx.xx.2023-cü il tarixli, HHA 19040 nömrəli nisyə alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş telefonun əvəzinin ödənilməsini qrafik üzrə hər ay dəyişilməz olaraq 45 ABŞ dolları, sonuncu ayda isə 49 ABŞ dolları olmaqla 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh nisyə alqısatqı müqaviləsi üzrə 272,74 ABŞ dolları əsas borc və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 68 ABŞ dolları cərimə olmaqla, cəmi 340,74 ABŞ dolları borcu vardır. xx.xx.2024-cü il tarixli son xəbərdarlıqlardan görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və tərəflər nisyə alqı-satqı müqaviləsi üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, lakin cavabdeh öz öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, HHA 19040 saylı müqavilə üzrə 272,74 ABŞ dolları əsas, 68 ABŞ dolları cərimə olmaqla, cəmi 340,74 ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində pul alınaraq İddiaçı hesabına ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh müştərək qaydada xx.xx.2023-cü il tarixli, HHA 19040 nömrəli müqavilə üzrə 272,74 ABŞ dolları əsas, 68 ABŞ dolları cərimə olmaqla, cəmi 340,74 (üç yüz qırx ABŞ dolları 74 sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində pul və dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq İddiaçı hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar