Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4860/2025 22.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı MMC sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-cü il tarixli, 332675 saylı müqavilə üzrə 320 manat əsas borc, 97 manat cərimə borcu və xx.xx.2024-cü il tarixli, 332676 saylı müqavilə üzrə 230 manat əsas borc, 97 manat cərimə borcu, ümumilikdə 744 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə borclu Cavabdeh arasında xx.xx.2024-cü il tarixində, 332675 saylı və xx.xx.2024-cü il tarixində 332676 saylı alqısatqı müqavilələri imzalanmışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, İddiaçı MMC Cavabdeh ilkin ödəniş 23 manat olmaqla, kreditlə 10 ay 35 manat, 2 ay 25 manat hissəhissə ödəmək şərtilə 1 ədəd 423 manat məbləğində qranit qazan dəsti və ilkin ödəniş 15 manat olmaqla, kreditlə 12 ay 25 manat hissə-hissə ödəmək şərtilə 1 ədəd 315 manat məbləğində tozsoran satmışdır. Lakin Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməyərək 332675 saylı alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 20 manat ödəniş etmiş, 332676 saylı alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 20 manat ödəniş etmiş xx.xx.2024-cü il tarixdən bu günədək heç bir ödəniş etməmişdir, bunun nəticəsində İddiaçı MMC-yə qranit qazan dəstinə görə əsas borc üzrə 320 manat, hər gecikdiyi gün üçün faiz üzrə 97 manat borcu, tozsorana görə əsas borc üzrə 230 manat, hər gecikdiyi gün üçün faiz üzrə 97 manat borcu yaranmışdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə qismən təmin olunmalıdır. Ərizəyə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 332675 nömrəli alqı-satqı müqaviləsindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, cavabdeh İddiaçı MMC-dən dəyəri 423 manat olan 1 ədəd qranit qazan dəstini 23 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 35 manat, sonuncu iki ayda isə 25 manat ödəmək şərti ilə almışdır. xx.xx.2024-cü il tarixli, 332676 nömrəli alqı-satqı müqaviləsindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, cavabdeh İddiaçı MMC-dən dəyəri 315 manat olan 1 ədəd tozsoranı 15 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 25 manat ödəmək şərti ilə almışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli, 332675 nömrəli müqavilə üzrə 320 manat ödənilməmiş məbləğ qalmış, 97 manat cərimə hesablanmış, xx.xx.2024-cü il tarixli, 332676 nömrəli müqavilə üzrə 230 manat ödənilməmiş məbləğ qalmış, 97 manat cərimə hesablanmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayda da elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdırüçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh göstərilən ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşıyır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilələr bağlanmış, həmin müqavilələr ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini maliyyə vəziyyətinin çətinləşməsinə səbəb ola biləcəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2024cü il tarixli, 332675 nömrəli müqavilə üzrə tutulmalı olan 97 manat cərimə məbləği azaldılaraq 9,7 manat həddində, 332676 nömrəli müqavilə üzrə tutulmalı olan 97 manat cərimə məbləği azaldılaraq 9,7 manat həddində müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli, 332675 nömrəli müqavilə üzrə 320 manat ödənilməmiş məbləğ, 9,7 manat cərimə, xx.xx.2024-cü il tarixli, 332676 nömrəli müqavilə üzrə 230 manat ödənilməmiş məbləğ, 9,7 manat cərimə olmaqla, cəmi 569,4 manat pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 332675 nömrəli müqavilə üzrə 320 manat ödənilməmiş məbləğ, 9,7 manat cərimə, xx.xx.2024-cü il tarixli, 332676 nömrəli müqavilə üzrə 230 manat ödənilməmiş məbləğ, 9,7 manat cərimə olmaqla, cəmi 569,4 (beş yüz altmış doqquz manat 40 qəpik) manat pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-4860/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4860/2025
22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver