Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5097/2024 21.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə İphone 14 markalı telefon üçün 1391,52 manat ödənilməmiş məbləğ, 145,48 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə Bosch markalı qabyuyan, Bosch markalı aspirator, Bosch markalı paltaryuyan, Bosch markalı plitə və Bosch markalı soba üçün 4189,74 manat ödənilməmiş məbləğ, 668,26 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə İphone 11 markalı telefon və Apple markalı adapter üçün 1232,93 manat ödənilməmiş məbləğ, 218,07 manat cərimə olmaqla, hər üç müqavilə üzrə cəmi 7846 manat borcun və 98,46 manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-in nümayəndəsi X2 iddianı müdafiə edib izahatında göstərdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 2189,88 manat olan İphone 11 markalı telefon və Apple markalı adapteri 18 ay müddətinə hər ay 121,66 manat ödəmək şərti ilə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 7022,40 manat olan Bosch markalı qabyuyan, aspirator, paltaryuyan, plitə və sobanı 18 ay müddətinə hər ay 371,80 manat ödəmək şərti ilə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 1474,02 manat olan İphone 14 markalı telefonu 18 ay müddətinə hər ay 81,89 manat ödəmək şərti ilə almışdır. Məhsullar hər biri zəmanətlə satılmışdır. Daha sonra cavabdehə satılmış İphone 11 markalı telefon geri qaytarılmış, əvəzində İphone 14 markalı telefon təqdim edilmiş, həmin telefonun qiyməti 2700 manat olmuş, 1250 manat yeni məhsuldan çıxılmışdır. Cavabdeh hazırki vaxta kimi üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ödəmə ilə bağlı iddiaçı tərəfindən dəfələrlə müraciət edilsə də, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1391,52 manat ödənilməmiş məbləğ, 145,48 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 4189,74 manat ödənilməmiş məbləğ, 668,26 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1232,93 manat ödənilməmiş məbləğ, 218,07 manat cərimə olmaqla, hər üç müqavilə üzrə cəmi 7846 manat borcu yaranmışdır. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, tələb olunan məbləğlə razı deyildir. 3000-4000 manata yaxın ödəniş etmişdir. Birinci dəfə aldığı İphone 11 markalı telefonu 2 il ultra zəmanətlə almışdır ki, telefona nə olsa əvəzləşdirə bilsin. Buna görə də əlavə pul ödəməli olmuşdur və ona bildirmişlər ki, iki il ərzində telefonda hər hansı qüsur olsa və hər hansı səbəbdən zədələnsə və yararsız olsa yenisi ilə əvəz olunacaqdır. Lakin birinci dəfə aldığı İphone 11 markalı telefon cibindən asfalta düşərək sındığı üçün yararsız olduğundan geri qaytararaq yenisi ilə əvəz olunmasını tələb etdikdə həmin model telefon olmadığı üçün ona İphone 14 markalı telefon təklif etmişlər və yeni verdikləri telefonun qiyməti İphone 11 markalı telefonun qiymətindən artıq olduğu üçün əlavə 1044 manat ödəməyə razılaşmışdırlar. Əvvəlki İphone 11 markalı telefon isə iddiaçıda qalmışdır. İddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2023-cü il tarixli, 03353639 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında Bosch markalı qabyuyan, Bosch markalı aspirator, Bosch markalı soba, Bosch markalı paltaryuyan və Bosch markalı plitənin 18 ay müddətinə hər ay 371,8 manat ödənilməsi şərti ilə cavabdehə verilməsi, müqaviləyə əlavəyə uyğun ödənişlər edildikdən sonra malın müştərinin mülkiyyətinə keçməsi nəzərdə tutulmuşdur. xx.xx.2023-cü il tarixli, 11223729 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 1809 manat dəyərində İphone 11 markalı telefon və 68,9 manat dəyərində Apple markalı adapterin 2 il müddətinə ultra zəmanətlə, 312 manat ultra zəmanət (sığorta) daxil olmaqla cəmi 2189,94 manat pulun 18 ay müddətinə hər ay 121,66 manat ödənilməsi şərti ilə cavabdehə verilməsi, müqaviləyə əlavəyə uyğun ödənişlər edildikdən sonra malın müştərinin mülkiyyətinə keçməsi nəzərdə tutulmuşdur. xx.xx.2024-cü il tarixli, 10775972 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında İphone 14 markalı telefonun 2 il müddətinə ultra zəmanətlə, 430 manat ultra zəmanət daxil olmaqla cəmi 1474 manat pulun 18 ay müddətinə hər ay 81,89 manat ödənilməsi şərti ilə cavabdehə verilməsi, müqaviləyə əlavəyə uyğun ödənişlər edildikdən sonra malın müştərinin mülkiyyətinə keçməsi nəzərdə tutulmuşdur. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 82,5 manat ödənilmiş, 1391,52 manat ödənilməmiş borcu qalmış, 145,48 manat cərimə hesablanmış, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2832,66 manat ödənilmiş, 4189,74 manat ödənilməmiş borcu qalmış, 668,26 manat cərimə hesablanmış, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 956,95 manat ödənilmiş, 1232,93 manat ödənilməmiş borcu qalmış, 218,07 manat cərimə hesablanmışdır. İddiaçı MMC-in Cavabdeh ünvanlandığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 11223729 nömrəli, xx.xx.2023-cü il tarixli, 03353639 nömrəli və xx.xx.2024-cü il tarixli, 10775972 nömrəli nisyə alqı-satqı müqavilələri bağlanmış, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan İphone 11 markalı telefon və Apple markalı adapter alaraq onun dəyərini 18 ay müddətinə hər ay 121,66 manat olmaqla, xx.xx.2023cü il tarixli müqaviləyə əsasən Bosch markalı qabyuyan, aspirator, paltaryuyan, plitə və soba alaraq onun dəyərini 18 ay müddətinə hər ay 371,8 manat olmaqla və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İphone 14 markalı telefon alaraq onun dəyərini 18 ay müddətinə hər ay 81,89 manat olmaqla ödəməyi üzərinə götürmüşdür. Cavabdeh həmin məhsulları aldıqdan sonra İphone 11 markalı telefon zədələndiyi üçün və zəmanətli olduğu üçün cavabdeh onu iddiaçıya qaytarmış, həmin telefon iddiaçı tərəfindən İphone 14 markalı telefonla əvəz olunmuşdur. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək, İphone 11 markalı telefonu geri qaytardığını və iddiaçı tərəfindən ona verilmədiyi üçün həmin telefonun qalıq borcunun tələb olunmasına etiraz etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. MM-in 582.3-cü maddəsinə əsasən əşyanın keyfiyyəti üçün qarantiya, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir. Göründüyü kimi tərəflər arasında malların nisyə alqı-satqısı barədə müqavilələr bağlanmış, iddiaçının xx.xx.2023-cü il tarixli müqavilə üzrə cavabdehə zəmanətlə satdığı İphone 11 markalı telefon zədələndiyi üçün cavabdeh həmin telefonu geri qaytararaq, iddiaçı tərəfindən İphone 14 markalı başqa bir telefonla əvəz olunmuşdur. Cavabdeh zədələnmiş İphone 11 markalı telefona görə 956,95 manat ödəniş etmişdir. İddiaçı İphone 11 markalı telefonu özündə saxladığı halda, yəni onu cavabdehə qaytarmadığı halda həmin telefonun dəyərini də cavabdehdən tələb etməkdə haqlı olmamışdır. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə tutulmalı olan 668,26 manat cərimə məbləği azaldılaraq 68,26 manat həddində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə tutulmalı olan 145,48 manat cərimə məbləği azaldılaraq 45,48 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli, 03353639 nömrəli müqavilə üzrə 4189,74 manat ödənilməmiş məbləğ, 68,26 manat cərimə, xx.xx.2024-cü il tarixli, 10775972 nömrəli müqavilə üzrə 1391,52 manat ödənilməmiş məbləğ, 45,48 manat cərimə olmaqla, cəmi 5695 manat pul cavabdehdən alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 76,95 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 03353639 nömrəli müqavilə üzrə 4189,74 manat ödənilməmiş məbləğ, 68,26 manat cərimə, xx.xx.2024-cü il tarixli, 10775972 nömrəli müqavilə üzrə 1391,52 manat ödənilməmiş məbləğ, 45,48 manat cərimə olmaqla, cəmi 5695 (beş min altı yüz doxsan beş) manat pul və dövlət rüsumunun əvəzi olaraq 76,95 manat alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-5097/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5097/2024
21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver