Məhkəmə qərarları › İş №e-2(125)-5119/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5119/2025

21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5119/2025 21.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi və Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24 fevral 2025-ci il tarixli, MAS-6473 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 01 may 2025-ci il tarixə 503,29 manat gecikdirilmiş əsas, 189,83 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 403,12 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 2935,38 manat, ümumilikdə 4031,62 manat borcun və ödənilmiş 128,85 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 fevral 2025-ci il tarixli, MAS-6473 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 12950 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 18% mükafat məbləği hesablanmaqla 34 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 489,02 manat, ümumilikdə isə 16627 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 16627 manatın 12950 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil 01 may 2025-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2935,38 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MAS-6473 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 01 may 2025-ci il tarixə ümumilikdə 1096,24 manat məbləğində gecikmə borcu yaranmışdır. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işin materiallarında olan:- xx.xx.2025-ci il tarixli, MAS-6473 nömrəli daxili lizinq müqaviləsi və ona əlavədən görünür ki, 12950 manat dəyərində “Khazar SD” markalı, NVAW01HHFME323668 ban nömrəli, ağ rəngli avtomobil muzdla lizinq alan Cavabdeh müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Lizinq alan Cavabdeh müəyyənləşdirilmiş dövriliklə illik 18% hesablanmaqla 34 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 489,02 manat, sonuncu ayda isə 488,91 manat olmaqla, ümumilikdə 16627 manat muzd ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar SD” markalı, **-PD- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli, BB136925 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Khazar SD” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. xx.xx.2025-ci il tarixli, 1070 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli, MAS-6473 saylı daxili lizinq müqaviləsinə əsasən iddiaçıya 01 may 2025-ci il tarixə 503,29 manat gecikdirilmiş əsas, 189,83 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 403,12 manat dəbbə pulu olmaqla, cəmi 1096,24 manat borcu vardır. X2 MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qüsur aktının surətindən görünür ki, “Khazar SD” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 2935,38 manat müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, mülki işin materiallarına əlavə olunmuş sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizin verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. MM-in 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. MM-in 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi tərəflər arasında 24 fevral 2025-ci il tarixli, MAS-6473 nömrəli daxili lizinq müqaviləsi bağlanmışdır. İddiaçı cavabdehə “Khazar SD” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili illik 18% hesablanmaqla 34 aylıq müddətə lizinq olaraq vermişdir. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən cəmi 1096,24 manat borcu yaranmış, həmçinin istifadəsində olan lizinq obyektinə zərər vurmuş və zərərin məbləği qüsur aktına əsasən 2935,38 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini onun maddi vəziyyətinin ağırlaşmasına səbəb olacağını nəzərə alaraq hesab edir ki, 403,12 manat cərimə məbləği azaldılaraq, 40,3 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, 24 fevral 2025-ci il tarixli, MAS-6473 nömrəli daxili lizinq müqaviləsi üzrə 503,29 manat gecikdirilmiş əsas məbləğ, 189,83 manat gecikdirilmiş mükafat, 40,3 manat cərimə və avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 2935,38 manat olmaqla, cəmi 3668,8 (üç min altı yüz altmış səkkiz manat 80 qəpik) manat pul alınaraq İddiaçı MMC-nin xeyrinə verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 53,69 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 24 fevral 2025-ci il tarixli, MAS-6473 nömrəli daxili lizinq müqaviləsi üzrə 503,29 manat gecikdirilmiş əsasməbləğ, 189,83 manat gecikdirilmiş mükafat, 40,3 manat cərimə və avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 2935,38 manat olmaqla, cəmi 3668,8 (üç min altı yüz altmış səkkiz manat 80 qəpik) manat və dövlət rüsumunun əvəzi olaraq 53,69 manat alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar