Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5126/2024 16.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X21 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı miras qalmış əmlaka payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X4 miras qalmış Gəncə şəhəri, Vaqif küçəsi, 4-cü dalan, 3 saylı evin 1/3 hissəsinə vərəsələrin müvafiq payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, Gəncə şəhəri, Vaqif küçəsi, 4cü dalan, 3 saylı ev paylı mülkiyyət hüququ əsasında X15, X13 və X7 xüsusi mülkiyyətindədir. Bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidmətindən xx.xx.2017-ci il tarixli çıxarış mövcuddur. X1 Tərlan Səməd qızı ilə xx.xx.1956-cı ildə nikaha daxil olmuşlar. Onların birgə nikahından hazırki iş üzrə iddiaçılar və cavabdeh doğulmuşdur. M.C.Cəfərov xx.xx.1999-cu il tarixdə, X11 isə xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Miras qoyan M.C.Cəfərov vəfat etdikdən sonra vərəsələrdən T.Qafarova və Cavabdeh miras əmlakda faktiki olaraq yaşamaqla mirası qəbul etmiş, iddiaçılar İddiaçı2 və İddiaçı1 isə miras qoyandan qalan müəyyən ev əşyalarını götürməklə mirası qəbul etmişlər. Mərhum Cavabdeh vəfat etdikdən sonra İddiaçı2 aidiyyatı üzrə notariusa müraciət edərək vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmiş və notarius vərəsələr arasında mübahisə olduğuna görə vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina etmiş və aidiyyatı üzrə məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Odur ki, hazırda miras qalmış əmlaklarda payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, atası vəfat etdikdən sonra o evdə özü yaşamışdır. Bütün kommunal xərcləri onun adına gəlir və o ödəyir. İddiaçılara ev verilib, cehiz alınıb. Reyhan evdəki 5-6 xalçanı və yorğan-döşəyi, həmçinin atasından sovet dönümündən qalmış pulu götürmüşdür. Reyhanla əri 2005- 2007-ci illərdə atasından qalan yanacaqdoldurma məntəqəsini də satmışdırlar. İradə isə Rusiyada olmuşdur. Atasından qalan evdən başqa heç nə istəmir. Hazırda qalmağa heç bir yeri olmadığını göstərərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:-xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********66-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Vaqif küçəsi, 4-cü dalan, 3 nömrəli fərdi yaşayış evi Yeni qaydalarla:AZ2001,Gəncə şəhəri, Mobil Əhmədov küçəsi, giriş 127 paylı mülkiyyət hüququ üzrə 1/3 hissədə X7, 1/3 hissədə X12 və 1/3 hissədə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. V-JQ 341941 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X8 nikahları xx.xx.1956-cı ildə Gəncə şəhər VVAQ şöbəsində qeydə alınmışdır. XV-JQ 367549 nömrəli və XV-JQ 367550 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.1958-ci ildə anadan olmuş X6 və xx.xx.1960-cı ildə anadan olmuş X3 ata qrafalarında X10, ana qrafalarında isə X2 qeyd olunmuşdur. AZ 013070 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1999-cu ildə ölmüşdür. Gəncə şəhəri 2-ci xüsusi notariat kontoru tərəfindən verilmiş 23 may 2012-ci il tarixli 2V-1-/44 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 miras qalmış əmanəti arvadı X11 qəbul etmişdir. AZ-İİ 281748 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2021-ci ildə ölmüşdür. Gəncə şəhəri 2 saylı notariat ofisi tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 234 nömrəli məktubun surətindən görünür ki, mirasın qəbulu müddəti keçdiyindən və miras əmlakla bağlı vərəsələr arasında mübahisə olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 255 nömrəli notariat hərəkətlərinin aparılmasından imtinaya dair qərarından görünür ki, İddiaçı2 və İddiaçı1 miras payın qəbulu ilə bağlı qanunla müəyyən olunmuş müddəti ötürdükləri və onların ərizə verərək məhkəməyə müraciət etmələri üçün notariat hərəkətlərinin dayandırılması barədə ərizə vermələri eləcə də vərəsələr arasında mübahisə olduğundan İddiaçı2, Cavabdeh və İddiaçı1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçıların mübahisələndirdiyi fərdi yaşayış evi atalarından miras qalmış və ataları X10 xx.xx.1999-cu ildə ölmüşdür. İddiaçılar iddia etmişdirlər ki, miras qoyan Müzəffər Cəfərov vəfat etdikdən sonra vərəsələrdən anaları Tərlan Qaffarova və qardaşları Cavabdeh miras əmlakda faktiki olaraq yaşamaqla mirası qəbul etmiş, iddiaçılar İddiaçı2 və İddiaçı1 isə miras qoyandan qalan müəyyən ev əşyalarını götürməklə mirası qəbul etmişlər. Cavabdeh isə iddia tələbinə qarşı etiraz edərək, atasının vəfatından sonra həmin evdə özünün tək yaşadığını, kommunal xərclərini özünün ödədiyini göstərərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra-MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mirasın açıldığı zaman 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş 1965-ci il Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülkü hüquqda mirasın “qəbul etmə sistemi deyilir”. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə faktiki surətdə idarə etməyə başlaması və ya mirasa yiyələnmək üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Göründüyü kimi, iddiaçılar miras açıldığı vaxtdan 25 il sonra atalarından miras qalmış əmlaka paylarının müəyyən edilməsinə dair məhkəməyə müraciət etməklə bunun üçün müəyyən edilmiş müddəti ötürmüşdürlər. İddiaçıların öz tələblərinin əsası kimi miras qoyandan qalan müəyyən ev əşyalarını götürməklə mirası faktiki qəbul etmələri barədə göstərdikləri dəlillərə dair məhkəmə qeyd edir ki, ev əşyaları ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əmlak olduğu üçün onlar miras kütləsinə daxil deyildir. G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il qərarında qeyd edilmişdir ki, miras qoyana məxsus olan və miras əmlak kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların mirası qəbul etməsi kimi qiymətləndirilməsi Mülki Məcəllənin 1243.2, 1243.3 və 1246-cı maddələrinin müddəaları ilə uzlaşmır və mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda qeyd olunan hüquq normaları baxımından məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı miras qalmış əmlaka payların müəyyən edilməsi tələbinə dair iddiaları əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-5126/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5126/2024
16.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver