Məhkəmə qərarları › İş №e-2(125)-5195/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5195/2025

18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5195/2025 18.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Hazırkı mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, 27 noyabr 2023-cü il tarixli AZL-185 saylı daxili lizinq müqaviləsinə əsasən İddiaçı MMC (bundan sonra – iddiaçı və ya lizinq verən) “Chevrolet Cobalt” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı abtomobili X2 müvəqqəti sahiblik və istifadəsinə verilmiş, lizinq alan illik 16 faiz dərəcəsiylə 60 ay müddətinə hər ay 543.51 manat olmaqla, əsəs məbləği 25850 manat təşkil edən 36110 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. X4, X1 və İddiaçı MMC arasında bağlanmış 26 fevral 2024-cü il tarixli müqaviləyə əsasən 27 noyabr 2023-cü il tarixli daxili lizinq müqaviləsi üzrə bütün öhdəliklər X1 öz üzərinə götürmüşdür. X1, X5 və İddiaçı MMC arasında bağlanmış 07 mart 2024-cü il tarixli müqaviləyə əsasən 27 noyabr 2023-cü il tarixli daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri X5 öz üzərinə götürmüşdür. X5, X1 və İddiaçı MMC arasında bağlanmış 23 avqust 2024-cü il tarixdə müqaviləyə əsasən, 27 noyabr 2023-cü il tarixli daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri X1 öz üzərinə götürmüşdür. X1, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış 03 sentyabr 2024-cü il tarixli, AZL-772 nömrəli müqaviləyə əsasən, 27 noyabr 2023-cü il tarixli daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Chevrolet Cobalt” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobil 15 may 2025-ci il tarixdə İddiaçı MMC-yə təhvil verilmişdir və xx.xx.2025-ci il tarixli qüsur aktına əsasən həmin avtomobilə 566 manat dəyərində zərər vurulduğu müəyyən edilmişdir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 27 noyabr 2023-cü il tarixli AZL-1085 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 may 2025-ci il tarixə ödənilməmiş 303.47 manat gecikdirilmiş əsas, 218.87 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 337.30 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Cobalt” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 566 manat, ümumilikdə 1425.64 manat borc və ödənilmiş 34.26 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, lizinq müqaviləsi üzrə cavabdeh tərəfindən lazımınca icra edilməmişdir; cavabdehin sahiblik və istifadəsində olduğu dövrdə zədələnmiş lizinq obyektinin bərpası üçün tələb olunan pul məbləği qüsur aktına əsasən müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh iclasa gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (747.1). Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır (748-1.8). Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır (748-7.1). Mülki Məcəlləyə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Azərbaycan Respublikası Mülki Məcəlləyə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Mülki işin tədqiqi nəticəsində müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən, iddiaçı tərəfindən lizinq obyekti cavabdehin istifadə və sahibliyinə verilmiş, cavabdeh liziniq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Çəkişmə prinsipinin təmin olunmasına baxmayaraq, tələbi təkzib edən hər hansı dəlil – müqavilə öhdəliklərinin lazımınca icra edilməsini və (ya) lizinq obyektinə dəymiş ziyana görə məsuliyyəti istisna edən və ya azaldan hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı cavabdehdən 303.47 manat əsas borcun və 218.87 manat gecikdirilmiş mükafat borcunun tutulmasını tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı cavabdehdən gecikdirilmiş ödənişlərə görə 337.3 manat cərimə tələb etmişdir. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, tələb olunan dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 61.66 manat məbləğində müəyyən edilməlidir. İddiaçı həmçinin lizinq obyektinə dəyən ziyanın əvəzi qismində 566 manat pulun tutulmasını xahiş etmiş və tələbini ziyan məbləğini özündə əks etdirən qüsur aktı ilə əsaslandırmışdır. Qüsur aktı mübahisələndirilməmiş, onun mötəbər sübut qismində qəbulunu istisna edən hər hansı hal müəyyən olunmamışdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı ziyanın əvəzi qismində 566 manat pulun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilərək, 303.47 manat əsas borc, 218.87 manat mükafat borcu, 61.66 manat dəbbə pulu və ziyanın əvəzi qismində 566 manat pul cavabdehdən ididaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31.5 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 242 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 303.47 manat əsas borc, 218.87 manat mükafat borcu, 61.66 manat cərimə borcu və ziyanın əvəzi qismində 566 manat pul olmaqla, cəmi 1150 (min yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 (otuz bir) manat 50 (əlli) qəpik pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar