Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5245/2025 20.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi və Xurşudov Nadir Şahin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24 iyun 2023-cü il tarixli, AZL-20 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 may 2025-ci il tarixə ödənilməmiş 152,16 manat gecikdirilmiş əsas, 186,19 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 330,04 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Cobalt” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 649,60 manat, ümumilikdə 1317,99 manat borc və ödənilmiş 33,18 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə verərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X6 arasında bağlanmış 24 iyun 2023-cü il tarixli, AZL-20 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Chevrolet Cobalt” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 16 % hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləği olmaqla 517,97 manat, ümumilikdə isə 35578 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 35578 manatın 25850 manatı əsas məbləğ təşkil edir. 25 iyul 2024-cü il tarixdə X6, X2 və İddiaçı MMC arasında AZL-20 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 24 iyun 2023-cü il tarixli, AZL-20 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri M.Hüseynov öz üzərinə götürmüşdür. 03 sentyabr 2024-cü il tarixdə X2, Cavabdeh və İddiaçı MMC arasında AZL-20 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 24 iyun 2023-cü il tarixli, AZL-20 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Chevrolet Cobalt” markalı, **- AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 15 may 2025-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 649,60 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdehnın AZL-20 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 may 2025-ci il tarixə ümumilikdə 668,39 manat məbləğində gecikmə borcu yaranmışdır. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işin materiallarında olan:- xx.xx.2023-cü il tarixli, BB428032 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Cobalt LTZ” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. xx.xx.2023-cü il tarixli, AZL-20 nömrəli daxili lizinq müqaviləsi və ona əlavədən görünür ki, 25800 manat dəyərində “Chevrolet Cobalt LTZ” minik markalı, XWBJA69V9PA014927 ban nömrəli, qəhvəyi metallik rəngli avtomobil muzdla lizinq alan X3 müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Lizinq alan X6 4500 manat lizinq ödənişini ödədikdən sonra yerdə qalan məbləği müəyyənləşdirilmiş dövriliklə illik 16% hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 517,97 manat, sonuncu ayda isə 518 manat olmaqla, ümumilikdə 35578 manat muzd ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Chevrolet Cobalt LTZ” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil X4 təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, AZL-20 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, X2 xx.xx.2023-cü il tarixli, AZL-20 nömrəli daxili lizinq müqaviləsindən irəli gələn bütün öhdəlikləri tam həcmdə öz üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Chevrolet Cobalt LTZ” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil X1 təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, AZL-20 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, AZL-20 nömrəli daxili lizinq müqaviləsindən irəli gələn bütün öhdəlikləri tam həcmdə öz üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Chevrolet Cobalt LTZ” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli, 3151 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, AZL-20 saylı daxili lizinq müqaviləsinə əsasən iddiaçıya 15 may 2025-ci il tarixə 152,16 manat gecikdirilmiş əsas, 186,19 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 330,04 manat dəbbə pulu olmaqla, cəmi 668,39 manat borcu vardır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, “Chevrolet Cobalt LTZ” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 649,60 manat müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, mülki işin materiallarına əlavə olunmuş sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizin verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. MM-in 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. MM-in 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi tərəflər arasında xx.xx.2023-cü il tarixli, AZL-20 nömrəli daxili lizinq müqaviləsi bağlanmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli, AZL-20 nömrəli daxili lizinq müqaviləsindən irəli gələn bütün öhdəlikləri tam həcmdə öz üzərinə götürmüş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən cəmi 668,39 manat borcu yaranmış, həmçinin istifadəsində olan lizinq obyektinə 649,60 manat zərər vurmuşdhur. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı hesab edir ki, cərimə məbləği yüksək olduğundan azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini onun maddi vəziyyətinin ağırlaşmasına səbəb olacağını nəzərə alaraq hesab edir ki, 330,04 manat cərimə məbləği azaldılaraq, 33 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli, AZL-20 nömrəli daxili lizinq müqaviləsi üzrə 152,16 manat gecikdirilmiş əsas məbləğ, 186,19 manat gecikdirilmiş mükafat, 33 manat cərimə, avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 649,60 manat olmaqla, cəmi 1020,95 manat pul alınaraq İddiaçı MMC-nin xeyrinə verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 30,21 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, AZL-20 nömrəli daxili lizinq müqaviləsi üzrə 152,16 manat gecikdirilmiş əsas məbləğ, 186,19 manat gecikdirilmiş mükafat, 33 manat cərimə, avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 649,60 manat olmaqla, cəmi 1020,95 (bir min iyirmi manat 95 qəpik) manat və dövlət rüsumunun əvəzi olaraq 30,21 manat alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-5245/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5245/2025
20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver