Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5475/2025 03.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə İddiaçı MMC Cavabdeh qarşı xx.xx.2025-ci il tarixli, 557646 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.220 manat 96 qəpik, cərimə qismində 222 manat 10 qəpik, cəmi 2.443 manat 06 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 44 manat 44 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli, 557646 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı həmin müqaviləyə əsasən 12 ay ərzində hissə-hissə ödəmək şərtilə «LG» markalı televizoru 1.899 manat 99 qəpik məbləğinə və ödəniş təminat xidmətini 18 manat 99 qəpik məbləğinə İddiaçı MMC-dən almışdır. Həmin əşya xx.xx.2025-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan Cavabdeh İddiaçı MMC-yə borcu barədə xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh hazırda İddiaçı MMC-yə borcu xx.xx.2025-ci il tarixli, 557646 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 2.220 manat 96 qəpik, cərimə qismində 222 manat 10 qəpik, cəmi 2.443 manat 06 qəpik təşkil edir. İşdə olan xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh borcu könüllü ödəməsi barədə İddiaçı MMC tərəfindən xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti ödəməyi) öhdəsinə götürür. Həmin Məcəllənin 614.1-ci maddəsinə əsasən pərakəndə alqı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 622.1-ci maddəsinə görə əgər öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı malı pərakəndə alqı-satqı müqaviləsinin bağlandığı an satıcının elan etdiyi qiymətlə ödəməyə borcludur. Həmin Məcəllənin 622.3-cü maddəsinə görə malların pərakəndə alqı-satqı müqavilələrinə, o cümlədən alıcı tərəfindən malların hissə-hissə ödənilməsi şərti ilə bağlanmış müqavilələrə bu Məcəllənin 600.5-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilməməlidir. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1 və 404.2-ci maddələrinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərindən yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfərlələ istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təkif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Həmin Məcəllənin 419.2-ci maddəsinə görə müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixli, 557646 nömrəli müqavilə müqavilənin alqı-satqı predmeti olan «LG» markalı televizorun qiyməti 1.899 manat 99 qəpik və ödəniş təminat xidmətinin qiyməti 18 manat 99 qəpikdir. Həmin müqavilə üzrə heç bir ödəniş edilməmiş və ödənilməli 1.918 manat 98 qəpik qalmışdır. Lakin həmin əlavə müqavilədə isə 12 ay müddətində hər ay 185 manat 08 qəpik, cəmi 2.220 manat 96 qəpik ödənilməsi qeyd olunmuşdur. Göründüyü kimi alqı-satqı müqaviləsinin predmeti olan əmlakın qiyməti ilə ödənilməli məbləğ arasında uyğunsuzluq mövcuddur. Buna görə də həmin uyğunsuzluq onun müqaviləyə daxil edilməsini təklif etmiş İddiaçı MMC-nin əleyhinə təfsir edilməli, xx.xx.2025-ci il tarixli, 557646 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.918 manat 98 qəpik məbləğində pul vəsaiti Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia həmin müqavilə üzrə göstərilən məbləğlə ehtiva olunmayan əsas borcun tutulmasına dair hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 222 manat 10 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, xx.xx.2025-ci il tarixli, 557646 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.918 manat 98 qəpik, cərimə qismində 5 manat, cəmi 1.923 manat 98 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 39 manat 23 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2025-ci il tarixli, 557646 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.923 (bir min doqquz yüz iyirmi üç) manat 98 (doxsan səkkiz) qəpik, cərimə qismində 5 (beş) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 39 (otuz doqquz) manat 23 (iyirmi üç), cəmi 1.968 (bir min doqquz yüz altmış səkkiz) manat 21 (iyirmi bir) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-5475/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5475/2025
03.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver