Məhkəmə qərarları › İş №e-2(125)-5544/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5544/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5544/2024 28.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı MMC, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 50,43 manat ödənilməmiş əsas, 5,57 manat cərimə və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2531,6 manat ödənilməmiş əsas, 253,4 manat cərimə olmaqla, ümumilikdə 2841 manat pulun və ödənilmiş 48,41 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında xx.xx.2023-cü il tarixdə “Panasonic” markalı qulaqlığın nisyə alğı-satqısı barədə 10784863 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 96 manat, ödəniş müddəti 15 ay olmaqla, aylıq ödəniş 6,4 manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2023-cü il tarixdə İmei kodu **********73336 olan “İphone 14” markalı telefonun, “Apple” markalı adapterin və "Vinil şəffaf" adlı əşyanın nisyə alğı-satqısı barədə 02105498 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyaların ümumi dəyəri 3560,83 manat, ilkin ödəniş 144,79 manat, ödəniş müddəti 18 ay olmaqla, aylıq ödəniş 189,78 manat müəyyən edilmişdir. Əşyalar cavabdehə xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtləri cavabdeh tərəfindən pozulmuş, ümumilikdə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 45,57 manat və xx.xx.2023-cü il tarixli üzrə 1029,23 manat ödəniş edilmişdir. Ona görə də cavabdehin iddiaçıdan aldığı xx.xx.2023-cü il tarixli müqavilə üzrə dəyəri 96 manat (15 ay x 6,4 manat + 0 manat ilkin ödəniş) olan əşyaya görə 50,43 manat əsas, 5,57 manat dəbbə (güzəştlə) pulu borcu və xx.xx.2023-cü il tarixli müqavilə üzrə dəyəri 3560,83 manat (18 ay x 189,78 manat + 144,79 manat ilkin ödəniş) olan əşyalara görə 2531,6 manat əsas, 253,4 manat dəbbə (güzəştlə) pulu borcu yaranmışdır. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq reyestrdən çıxarış işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə görə cavabdehin xx.xx.2023cü il tarixli müqavilə üzrə borca görə ödədiyi pul məbləği 45,57 manat, qalıq borcu – 50,43 manat əsas və 5,57 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 56 manat və xx.xx.2023-cü il tarixli müqavilə üzrə borca görə ödədiyi pul məbləği 1029,23 manat, qalıq borcu – 2531,6 manat əsas və 253,4 manat dəbbə (güzəştlə) pulu olmaqla cəmi 2785 manat təşkil edir. Hər iki müqavilə üzrə cavabdeh tərəfindən ödənişlər qismən aparılmışdır. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə sözügedən müqavilələr üzrə borcunun olması barədə xəbərdarlıq edilmiş, ondan borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%dək həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2). Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alğı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə təhvil verilmiş, həmin müqavilələr ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Cavabdehin iddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilələr üzrə yaranmış əsas borcu tələb etməkdə haqlıdır. Məhkəmə, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Beləliklə, məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddia ərizəsində göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor müqavilə bağlayarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, müqavilələr üzrə tələb edilən dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir. Odur ki, hər iki müqavilə üzrə dəbbə pulu azaldılaraq xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2,57 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 128,4 manat məbləğində müəyyən edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 50,43 manat əsas borc, 2,57 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2531,6 manat əsas borc, 128,4 manat cərimə olmaqla, cəmi 2713 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 47,13 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 50,43 manat əsas, 2,57 manat cərimə və xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 2531,6 manat əsas, 128,4 manat cərimə olmaqla, ümumilikdə 2713 (iki min yeddi yüz on üç) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 47,13 (qırx yeddi manat on üç qəpik) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar