Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5584/2023 06.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı «X4 Olmayan Kredit Təşkilatı» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı «X4 Olmayan Kredit Təşkilatı» MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, ANR-042-0007-23 saylı nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehdən 1799 manat əsas borc, 12,89 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1811,89 manat, həmçinin 38,12 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı «X4 Olmayan Kredit Təşkilatı» MMC-in xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ünvanlanaraq cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, ANR-042-0007-23 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdehdən 1799 manat əsas borc, 12,89 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1811,89 manat, həmçinin 38,12 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı «X4 Olmayan Kredit Təşkilatı» MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. MPM-in 53-cü maddəsinə əsasən məhkəmə iddia tələbinə iddianın dəqiqləşdirilməsi kimi baxmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19 yanvar 2023-cü il tarixli, ANR-042-0007-23 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı həmin müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən təhvil-təslim aktında qeyd edilmiş malları cavabdehə satmağı, cavabdeh isə həmin malların 2096 manat məbləğində olan dəyərini 18 ay müddətində iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilə üzrə iddiaçı malları cavabdehə təqdim edərək müqavilə üzrə müvafiq öhdəliyini yerinə yetirsə də, cavabdeh öhdəliklərin icrasından yayınmaqdadır. 19 yanvar 2023-cü il tarixli, ANR-042-0007-23 saylı nisyə alqısatqı müqaviləsi üzrə öhdəliklərini iddiaçı qarşısında icra etməyən cavabdehin 16 iyun 2023-cü il tarixinə 1799 manat əsas borc, 12,89 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1811,89 manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2023-cü il tarixli , ANR-042-0007-23 nömrəli nisyə alğı-satqı müqaviləsindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh «X4 Olmayan Kredit Təşkilatı» MMC-dən aldığı ümumi dəyəri 2096 manat olan 1 ədəd yataq dəsti 1 ədəd döşəyin əvəzinin ödənilməsini qrafik üzrə hər ay hissə-hissə olmaqla 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə dair xx.xx.2023-cü il tarixli təhviltəslim aktından görünür ki, ümumi dəyəri 2096 manat olan 1 ədəd yataq dəsti 1 ədəd döşək Cavabdeh təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli borca dair arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1799 manat əsas, 12,89 manat cərimə olmaqla, cəmi 1811,89 manat borcu vardır. xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehə borcun könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; MM-in 598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, Cavabdeh xx.xx.2023-cü il tarixli , ANR-042-0007-23 nömrəli alğı-satqı müqaviləsinə əsasən öhdəliyi vaxtında icra etmədiyi üçün borcu yaranmışdır. Belə olan halda 1799 manat əsas, 12,89 manat cərimə olmaqla, cəmi 1811,89 manat pul Cavabdeh alınaraq «X4 Olmayan Kredit Təşkilatı» MMC-nin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 38,12 manat dövlət rüsumu cavabdehə aid edilməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli , ANR-042-0007-23 nömrəli alğı-satqı müqaviləsi üzrə 1799 manat əsas, 12,89 manat cərimə olmaqla, cəmi 1811,89 (bir min səkkiz yüz on bir manat 89 qəpik) manat borc və 38,12 (otuz səkkiz manat 12 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «X4 Olmayan Kredit Təşkilatı» MMC -nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-5584/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5584/2023
06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver