Məhkəmə qərarları › İş №e-2(125)-5623/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5623/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5623/2024 31.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı MMC, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 131 manat ödənilməmiş əsas, 100 manat faiz və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 615 manat ödənilməmiş əsas, 200 manat faiz borcu və ödənilmiş 31 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1077 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış GNK5675410 nömrəli müqavilədə cavabdeh ümumi qiyməti 392 manat olan məişət avadanlığını almasını, əşyanın dəyərinin ilkin 20 manatını ödəməsini, qalan 372 manat borcunu isə hər ay 31 manat olmaqla 12 ay müddətinə kreditora ödəyəcəyini etiraf etmişdir. Bundan başqa, tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış GNK5675672 nömrəli müqavilədə cavabdeh ümumi qiyməti 919 manat olan məişət avadanlığını almasını, əşyanın dəyərinin 19 manatını ödəməsini, qalan 900 manat borcunu isə hər ay 45 manat olmaqla 20 ay müddətinə kreditora ödəyəcəyini etiraf etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 131 manat borcu qalıb. İddia tələbinə görə cavabdeh əsas borcdan əlavə olaraq 1807 (131 manat * 1380 gün * 1%) manat cərimə ödəməlidir. Lakin iddiaçı cərimə borcunu cavabdehdən cəmi 100 manat məbləğində tələb edir. Bundan başqa, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənişlər etdikdən sonra cavabdehin iddiaçıya 615 manat borcu qalıb. İddia tələbinə görə cavabdeh əsas borcdan əlavə olaraq 6826 (615 manat * 1110 gün * 1%) manat cərimə ödəməli olduğu halda iddiaçı ondan cəmi 200 manat cərimə tələb edir. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq xəbərnamə işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçının verdiyi maliyyə arayışına əsasən cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş 131 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş 615 manat, ümumilikdə 746 manat əsas (qalıq) borcu vardır. İddia tələbinə görə cavabdeh tərəfindən hər iki müqavilə üzrə qismən ödəniş edilmişdir. Hər iki müqavilədə nəzərdə tutulmuşdur ki, borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğə görə hər gün üçün 1 %-dək faiz dərəcəsi ilə hesablanan cərmə faizləri ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (maddə 882.1). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2). Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında şifahi qaydada məişət əşyasının alğı-satqısı barədə müqavilələr bağlandıqdan sonra, borcun etiraf edilməsinə dair müqavilələr bağlanmış, cavabdeh iddiaçı qarşısında müqavilələr üzrə borc öhdəliyi olduğunu etiraf etmişdir. Lakin, cavabdeh müqavilələr üzrə etiraf etdiyi pul öhdəliyini lazımınca yerinə yetirməmiş, onun iddiaçı qarşısında xx.xx.2019-cu il tarixli müqavilə üzrə 131 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 615 manat icra edilməmiş pul öhdəliyi qalmışdır. Odur ki, iddiaçı cavabdehdən hər iki müqavilə üzrə yaranmış əsas borc məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Beləliklə, məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddia ərizəsində göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor müqavilə bağlayarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, hər iki müqavilə üzrə tələb edilən dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir. Odur ki, hər iki müqavilə üzrə dəbbə pulu azaldılaraq xx.xx.2019-cu il tarixli müqavilə üzrə 7 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 31 manat məbləğində müəyyən edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış 131 manat əsas borc, 7 manat cərimə və xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış 615 manat əsas borc və 31 manat cərimə olmaqla, cəmi 784 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia tələbi əsas hissədə əsaslı olduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış 131 manat əsas borc, 7 manat cərimə və xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış 615 manat əsas borc və 31 manat cərimə olmaqla, ümumilikdə 784 (yeddi yüz səksən dörd) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar