Məhkəmə qərarları › İş №e-2(125)-5626/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5626/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5626/2024 31.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı - sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı (VÖEN: **********), ECK5866157 nömrəli, 12 aprel 2020-ci il tarixli müqavilə üzrə 675 manat əsas, 202 manat dəbbə pulu, ECK5866160 nömrəli, 12 aprel 2020-ci il tarixli müqavilə üzrə 135 manat əsas, 40 manat dəbbə pulu və 31 manat tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1083 manat pulun Cavabdeh tutulması barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında 12 aprel 2020-ci il tarixdə 1 ədəd “Sony PS4 PRO 1TB+FORTNİTE 7208B” adlı əşyanın nisyə alğı-satqısı barədə ECK5866157 nömrəli “hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi” bağlanmışdır. Müqavilə və ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 1029 manat, ilkin ödəniş 201 manat, ödəniş müddəti 12 ay olmaqla, aylıq ödəniş 69 manat müəyyən edilmişdir. Əşya ECK5866157 nömrəli qaimə əsasında cavabdehə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında 12 aprel 2020-ci il tarixdə 1 ədəd “Sony PS4 JOYSTİCK+FORTNİTE” adlı əşyanın nisyə alğı-satqısı barədə ECK5866160 nömrəli “hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi” bağlanmışdır. Müqavilə və ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 168 manat, ödəniş müddəti 12 ay olmaqla, aylıq ödəniş 14 manat müəyyən edilmişdir. Əşya ECK5866160 nömrəli qaimə əsasında cavabdehə təhvil verilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 12 aprel 2020-ci il tarixdə cavabdeh ilə aralarında ECK5866157 və ECK5866160 nömrəli hissə-hissə ödənişlə alğı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən ECK5866157 nömrəli müqavilə üzrə 1029 manat dəyəri olan 1 ədəd “Sony” markalı “playstation 4” adlı əşyanı cavabdehə hissə-hissə ödənişlə salmaq öhdəliyini öz üzərinə götürmüşdür. ECK5866160 nömrəli müqavilə üzrə 168 manat dəyəri olan 1 ədəd “Sony” markalı “playstation joystick” adlı əşyanı cavabdehə hissə-hissə ödənişlə salmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddələrinə əsasən cavabdeh ECK5866157 nömrəli müqavilə üzrə 201 manat ilkin ödəniş olmaqla, qalan 828 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 69 manat olmaqla, hər ayın 11-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh ECK5866160 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 168 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 14 manat olmaqla, hər ayın 11-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun ECK5866157 nömrəli müqavilə üzrə 675 manat əsas, 202 manat dəbbə pulu olmaqla, 877 manat və ECK5866160 nömrəli müqavilə üzrə 135 manat əsas, 40 manat dəbbə pulu olmaqla, 175 manat borcu yaranmışdır. Alıcı tərəfindən ECK5866157 nömrəli, 12 aprel 2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 15 manat ödəniş və ECK5866160 nömrəli, 12 aprel 2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 5 manat ödəniş edilmişdir. Dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq reyestrdən çıxarış işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, cavabdehin bağladığı nisyə alğı-satqı müqavilələrinin 1.1-ci bəndinə görə satıcı alıcıya qeyd olunan müqavilələrin 1 saylı əlavəsində göstərilən malı satmağı, alıcı isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür Həmin nisyə alğı-satqı müqavilələrinin 2.4-cü bəndinə görə alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 faizi həcmində Satıcının xeyrinə cərimə ödəyir. Müqavilələr üzrə cavabdeh tərəfindən ödənişlər qismən aparılmışdır. 14 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, ECK5866157 nömrəli, 12 aprel 2020-ci il tarixli və ECK5866160 nömrəli, 12 aprel 2020-ci il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdehin həmin müqavilələr üzrə xx.xx.2024-cü il tarixə olan qalıq borcu müvafiq olaraq ECK5866157 nömrəli müqavilə üzrə 675 manat əsas, 202 manat dəbbə pulu; ECK5866160 nömrəli müqavilə üzrə 135 manat əsas, 40 manat dəbbə pulu və 31 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1083 manat 00 qəpikdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 06 sentyabr 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən 12 aprel 2020-ci il tarixli, ECK5866157 nömrəli və 12 aprel 2020-ci il tarixli, ECK5866160 nömrəli nisyə alğı-satqı müqavilələri üzrə, cəmi 1052 manat pulun 5 təqvim günü müddətində hesabına ödənilməsini təmin etməyi xahiş etmişdir. Əks təqdirdə ona qarşı ərizə ilə müvafiq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2). Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alğı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə təhvil verilmiş, həmin müqavilələr ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Cavabdehin iddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcu tələb etməkdə haqlıdır. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Məhkəmə, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Beləliklə, məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddia ərizəsində göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor müqavilə bağlayarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, hər iki müqavilə üzrə tələb edilən dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir. Odur ki, ECK5866157 nömrəli, 12 aprel 2020-ci il tarixli müqavilə üzrə dəbbə pulu azaldılaraq 35 manat məbləğində, ECK5866160 nömrəli, 12 aprel 2020-ci il tarixli müqavilə üzrə dəbbə pulu azaldılaraq 8 manat məbləğində müəyyən edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ECK5866157 nömrəli, 12 aprel 2020-ci il tarixli müqavilə üzrə 675 manat əsas və 35 manat cərimə, ECK5866160 nömrəli, 12 aprel 2020-ci il tarixli müqavilə üzrə 135 manat əsas və 8 manat cərimə olmaqla, cəmi 853 manat pul müştərək qaydada cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia əsasən əsaslı olduğundan, iddiaçı tərəfindən iş üzrə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh ECK5866157 nömrəli, 12 aprel 2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 675 manat əsas və 35 manat cərimə, ECK5866160 nömrəli, 12 aprel 2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 135 manat əsas və 8 manat cərimə olmaqla, cəmi 853 (səkkiz yüz əlli üç) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar