Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-565/2025 05.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakı ilə, İlk iddiaçı Baku Electronics MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair ilk iddia və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Baku Electronics MMC-yə qarşı “pul və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddiaçı Baku Electronics MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair ilk ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış BL941646 saylı xx.xx.2023-cü il tarixli Nisyə satış müqaviləsinə əsasən yaranmış 4171,95 (dörd min bir yüz yetmiş bir) manat 95 qəpik əsas borcun və 62 (altmış iki manat) dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında BL941646 saylı xx.xx.2023-cü il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 15 ay müddətinə hər ayın 12-dən gec olmamaqla 286 (iki yüz səksən altı manat) ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Belə ki, borca dair arayışlardan görünür ki, Cavabdeh İddiaçı MMC-yə 4171,95 (dörd min bir yüz yetmiş bir) manat 95 qəpik borcu qalmışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müracət edilmişdir. Cavabdeh Baku Electronics MMC-yə qarşı “pul və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 3289,99 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 301,56 manat məbləğində faiz borcu, mənəvi ziyana görə 10000 (on min) manat məbləğində pulun və ödənilmiş 130,78 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Gəncə şəhər 2 saylı Mağazasından xx.xx.2023-cü il tarixdə 2969,99 manata “Samsung S918 12/256GB Black” markalı telefon almış və əlavə olaraq 320 manat məbləğində pul ödəyərək həmin telefona X1 almış, yəni cəmi telefonun alınmasına 3289,99 manat məbləğində nəğd pul ödəmişdir. Təxminən bir həftədən sonra həmin telefonun nasaz olmasını bilmiş və bununla bağlı mağazaya müraciət edərək bu telefonun təmirinin yox, təzə telefonla əvəz edilməsini xahiş etmişdir. Mağazada göstərdiyi elə həmin an telefonun zavod qüsurlu olmasını etiraf etmişlər (mağazanın müdiri və işçiləri) və bu kimi hallarda telefonun təmirinin yox, yenisi ilə əvəz edilməsinin daha doğru və haqlı tələb olacağını özləri də xüsusi ilə vurğulamışdırlar. Lakin telefonu və bütün sənədləri onların tələbləri üzrə mağazaya təhvil verdikdən altı ay sonra (və bu altı ay müddəti ərzində isə o telefonsuz qalmışdır, çünki köhnə telefonu tamamilə yararsız olduğu üçün o, telefonu almışdır. Telefon onda olduğu müddətdə isə o, köhnə telefonunun içindəki bütün rəsmi xarakterli sənədlərini, elmi tədqiqatı ilə bağlı olan bütün şəkillərini və hesablanmış cədvəlləri, şəxsi biznesi ilə bağlı olan bütün illik yekun hesablama cəddvəllərini və.s kimi çox vacib sənədləri təssüf ki, artıq yeni telefona köçürmüşdür və köhnə artıq tamamilə çıxdaş olmuşdur) ona verilən yekun cavabda, aldığı telefonun yeni telefonla əvəz edilməsindən imtina etmişlər, ödədiyi pulun isə 2500 manatını qaytarmasını bildirmişlər. Lakin o, bununla razılaşmayaraq onların təklif etdiyi nə təmirli telefonu, nə də pulu götürməmişdir. Bundan sonra mağaza adından ona müxtəlif şəxslər tərəfindən zənglər gəlmiş, müxtəlif təkliflər deyilmiş, lakin bu günə kimi, yəni təxminən bir il on ay müddətinə nə mağazaya ödədiyi 3289,99 manat məbləğində pul qaytarılmış, nə də ki, telefon yeni telefonla əvəz edilmişdir. xx.xx.2023-cü il tarixdə o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə BL941646 saylı Nisyə-satış müqaviləsi bağlayaraq 4171,95 manat dəyərində kompyuter almış və kompyuterin dəyərini 15 ay müddətində ayda 286 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ona mobil telefona görə 3289,99 manat borcu olduğundan o kompyuterin dəyərini ödəməmiş və mağazadan dəfələrlə xahiş etmişdir ki, telefona olan borc kompyuterin dəyəri olan puldan çıxsınlar və silindikdən sonra qalmış pul fərqini ödəməyə hazırdır. Lakin mağaza onunla razılaşmayaraq ona 3289,99 manat borcları olduğu halda ona qarşı Gəncə Şəhər Məhkəməsinə iddia qaldıraraq ondan 4.171,95 manat pul istəyir. Hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ondan 4.171,95 manat pul istəməkdə haqlı deyil. Bundan başqa bildirir ki, cavabdeh bir il on aydır ki, onun pulunu qaytarmamasına, əhəmiyyətli ciddi sənədlərinin çıxdaş olmasına görə o, əsəb, stress və mənəvi sarsıntı içində yaşayır. Onu get-gələ salır, süründürür, hər dəfəsində kimsəni saymırıq sözü və ədası ilə ona qarşı məhkəmədə iddia qaldırır, onu hər yerdə pisləyir, onun bu günə kimi xüsusilə özənərək təmiz saxladığı bank tarixçəsinə qara ləkə salıb, onun barəsində mənfi fikir formalaşdırır. Qohum, tanış və işlədiyi kollektivdə nüfuzdan salır. Ona görə də, hesab edir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona mənəvi ziyan vurmuşdur və o həmin mənəvi ziyanı 10000 (on min) manat məbləğində qiymətləndirir. Bundan başqa "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti bir il on aydır ki, ona olan 3289.99 manat məbləğində olan borcunun ödənilməsini gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün hər ilə görə illik 5% pul ödəməlidir. Ona görə cavabdeh əlavə olaraq ona 301,56 manat pul ödəməlidir. (3289,99x5:100=164,49:12x10=137.07; 164,49+137,07=301,56) İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı Baku Electronics MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə məlumat və ərizə göndərərək, bildirmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixində 1969,99 manat dəyərində “Samsung S918 12/256 GB Black” markalı telefonu qızıl zəmanətlə birgə əlavə olaraq 320 manat pul ödəyərək aldığını və təxminən 1 həftə sonra məhsulda nasazlıq yarandığını və servisə müraciət etdiyini bildirmişdir. Müraciət nəticəsində məhsulun servis mərkəzinə qaytarıldığı və qeyd olunmuş telefonun servisdə qaldığı da əlavə olaraq bildirilmişdir. Qeyd etmək istəyirlər ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhsulu xx.xx.2023-cü il tarixində almasına baxmayaraq servis mərkəzinə 3 ay sonra, yəni xx.xx.2023-cü il tarixində müraciət etmişdir. Müraciət nəticəsində məhsula baxış keçirilmiş və müəyyən edilmişdir ki, telefonun aksesuarı olan S-pen yəni qələmə maye yapışqan tökülməsi nəticəsində qələm sıradan çıxmışdır və telefonun power knopkası xarab olmuşdur. Qeyd olunan qüsur istehsal qüsuru deyil, birbaşa istifadəçinin istismar qaydalarını pozması nəticəsində baş vermişdir. Bu məlumatları təsdiq edən “Baku Service Company” tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli texniki rəy də mövcuddur. Əlavə olaraq bildirmişlər ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC tərəfindən müəyyən məbləğ əsasında təqdim olunan X1nın təyinatına məhsulların aksesuarlarından irəli gələn nasazlığın aradan qaldırılması daxil deyildir. Qeyd olunmuş məlumatlar qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bildirilmiş, lakin Cavabdeh məhsulu servisdən təhvil alacağını bildirsə də, cihaz servis mərkəzində qalmışdır. Sonda işə onların iştirakı olmadan baxılmasını və ilkin iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirak etmiş və qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə məhkəmədə iştirak edən Cavabdeh izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, həm ilkin iddia, həm də qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Baku Electronics” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında BL941646 saylı xx.xx.2023-cü il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, Cavabdeh 4171,95 manat borcu həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 15 ay müddətinə hər ayın 12-dən gec olmamaqla 286 (iki yüz səksən altı manat) ödəməyi öhdəsinə götürmüşdür. Hazırda da həmin məbləğdə borc mövcuddur. Cavabdeh xx.xx.2023-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Gəncə şəhər 2 saylı Mağazasından “Samsung S918 12/256GB Black” markalı telefonu 2969,99 manat nəğd pul ödəyərək almış və əlavə olaraq 320 manat məbləğində pul ödəyərək həmin telefona X1 almışdır. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində işin halları kimi müəyyən edilmişdir ki, Baku Electronics” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında BL941646 saylı xx.xx.2023-cü il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, Cavabdeh 4171,95 manat borcu həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 15 ay müddətinə hər ayın 12-dən gec olmamaqla 286 (iki yüz səksən altı manat) ödəməyi öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh həmin əşyaya görə İddiaçınə heç bir məbləğdə pul ödəməmişdir. Baku Electronics” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında BL941646 saylı xx.xx.2023-cü il tarixdə bağlanmış müqavilədən daha əvvəl Cavabdeh İddiaçı Gəncə şəhər 2 saylı Mağazasından xx.xx.2023-cü il tarixdə “Samsung S918 12/256GB Black” markalı telefonu 2969,99 manat nəğd pul ödəyərək almış və əlavə olaraq 320 manat məbləğində pul ödəyərək həmin telefona X1 almışdır. Hər iki tərəfin məhkəməyə verdiyi məlumatlardan Cavabdeh İddiaçı Gəncə şəhər 2 saylı Mağazasından xx.xx.2023-cü il tarixdə aldığı “Samsung S918 12/256GB Black” markalı telefonu mağazaya geri qaytarması və həmin telefona görə İddiaçınə ödəmiş olduğu cəmi 3289,99 manat məbləğində pulun ona qaytarılmaması işin faktiki halları kimi təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. - 582.1-ci maddəsinə əsasən, satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. -587.2-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilən maddi hüquq normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, Baku Electronics” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında BL941646 saylı xx.xx.2023-cü il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, Cavabdeh 4171,95 manat borcu Baku Electronics” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçınə nəğd qaydada ödənilmiş 3289.99 manat məbləğində pul Cavabdeh qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ilk iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməli, yəni, BL941646 saylı xx.xx.2023-cü il tarixli Nisyə satış müqaviləsinə əsasən yaranmış 4171,95 manat məbləğində borcun 3289.99 manat hissəsi Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçınə nəğd qaydada ödənilmiş 3289.99 manat (2969,99 manat+320 manat) məbləğlə əvəz edilməli və borcun qalan 881.96 manat hissəsi ilkin iddia üzrə Cavabdeh alınaraq İddiaçınə ödənilməli, ilkin iddia tələbi qalan hissədə əsassız olduğundan qalan hissədə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia tələbi qalan hissələrdə əsassız olduğundan qalan hissədə təmin edilməməlidir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Baku Electronics MMC-dən 3289,99 manat məbləğində əsas borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 301,56 manat məbləğində faiz borcu və mənəvi ziyana görə 10000 (on min) manat məbləğində pul tələb etsə də, məhkəmə hesab edir ki, həmin hissələrdə iddia tələbi əsassızdır. Belə ki, Cavabdeh İddiaçındən 2-cü müqavilə üzrə aldığı kompüteri dəyərini ödəmədən istifadə edir ki, bu halda onun maliyyə itkisinə məruz qaldığından söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Baxılan işdə isə mübahisə malların nisyə alqı satqısından yaranan mübahisədir ki, bu mübahisədə Cavabdeh mənəvi zərərə məruz qalması təsdiq olunan deyildir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin və qarşılıqlı iddia qismən təmin edilsin. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh 881.96 manat məbləğində pul alınaraq, Baku Electronics MMC-nin hesabına ödənilsin. İlkin və qarşılıqlı iddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-565/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-565/2025
05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver