Məhkəmə qərarları › İş №e-2(125)-5691/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5691/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5691/2023 13.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh2 və Cavabdeh1 qarşı sadələşdirilmiş icraat qaydasında xx.xx.2021-ci il tarixli, 22349446 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 287 manat 80 qəpik, cərimə qismində 28 manat 20 qəpik, cəmi 316 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-5691/2023 nömrəli qərardadına əsasən mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh2 "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli 22349446 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 444 manat 70 qəpik olan «Hoffmann» markalı çaynik, «Braun» markalı blender və «Panasonic» markalı ətçəkən üçün 287 manat 80 qəpik ödənilməmiş hissə, 28 manat 20 qəpik cərimə borcu vardır. Cavabdeh2 qeyd olunan müqavilə üzrə ödədiyi məbləğ cəmi 156 manat 90 qəpik təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, Cavabdeh2 "xxxx" MMC qarşısında öhdəliklərinin icrası üçün məsuliyyəti Cavabdeh1 öz öhdəsinə götürmüşdür. Cavabdeh2la "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh2 əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Tərəflər arasında tərtib olunmuş müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlərə göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, cavabdehlər müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Sonda Cavabdeh2 iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş etiraz ərizəsində Cavabdeh2 göstərmişdir ki, "xxxx" MMC-nin qeyd etdiyi mehsullar, yəni «Hoffmann» markalı çayniki, «Braun» markalı blenderi və «Panasonic» markalı ətçəkəni əldə etdikdən sonra ilk bir ay ərzində istifadə etməmişlər. «Panasonic» markalı ətçəkən maşında qüsur olduğunu öhdəliklərində olan birinci ayın ödənişi olan 143 manat 90 qəpik məbləğində pul vəsaitini ödədikdən sonra aşkarlamışlar. Belə ki, ətçəkən maşın lazımi funksiyasını yerinə yetirməyə gücü çatmayaraq, istifadəsi zamanı dəfələrlə dayanmışdır. Başlıq hissə ilişərək gövdədən çıxmaqda problem yaratmışdır və kəsəcək hissə işləmə prosesi zamanı başlığa sürtündüyü üçün ətçəkən maşında xoşagəlməz qoxu aşkarlanmışdır. Ətçəkən maşını yuyub təmizləmək üçün hissələrini söküb baxdıqda, açıq-aşkar görünmüşdür ki, kəsəcək hissə nasaz olduğu üçün başlıq hissəyə sürtünərək yeyilib qaralmışdır. Bununla bağlı, "xxxx" MMC-yə müraciət edib qızıl zəmanəti olan qüsurlu məhsulu yenisi ilə dəyişdirilməsini istədiklərini bildirmişlər. Lakin bunun mümkün olmadığını və məhsulu servisə aparmalı olduqlarını onlara bildirmişlər. Bir neçə gündən sonra servisdən onlara bildirdirmişlər ki, ətçəkən maşında heç bir qüsur aşkarlanmamışdır. Halbuki, açıb baxdıqda həmin kəsəcək hissənin qaralmış yerinin cilalanıb ağardıldığı bilinirdi. Bundan sonra, yeni alınan bir məhsulun qüsurlu olduğu halda, onları aldadaraq heç bir qürur aşkarlanmayıb dediklərinə etiraz olaraq məhsulu servisdən geri təhvil almamış və bununla bağlı "xxxx" MMC-yə dəfələrlə müraciət edib, qüsurlu məhsulun yenisi ilə dəyişdirilməsini, ya da müqavilənin dəyişdirilib ətçəkən maşının geri qaytarılmasını xahiş etsə də, telefon danışıqları heç bir nəticə verməmişdir. Müqavilə dəyişdirilmədiyi üçün və -hazırda onda olan qüsurlu ətçəkən maşına görə pul ödəməli olmadığı üçün digər məhsulların da ödənişini etməmişdir. Belə ki, müqavilədə də yazıldığı kimi digər məhsullar «Hoffmann» markalı çaynikin, «Braun» markalı blenderin qiyməti müvafiq olaraq 42 manat 20 qəpik və 165 manat 20 qəpik təşkil edir. Yuxarıda olunduğu kimi, ilk aya hesablanan 143 manat 90 qəpik məbləği ödəmişdir. Bu halda iki məhsul «Hoffmann» markalı çaynik və «Braun» markalı blender üçün qalan borcu 63 manat 50 qəpik təşkil edir. İddianı qismən olaraq 65 manat 50 qəpik nisbətində qəbul edir. Digər hissənin əsassız olduğunu qeyd edərəkm təmin olunmamasını xahiş edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli, 22349446 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh2 "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 13 manat ilkin önəniş etməklə 03 ay ərzində hissə-hissə ödəmək şərtilə «Hoffmann» markalı çayniki, «Braun» markalı blenderi və «Panasonic» markalı ətçəkəni 444 manat 70 qəpik məbləğinə "xxxx" MMC-dən almışdır. Həmin əşyalar xx.xx.2021-ci il tarixdə Cavabdeh2 təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 22349446 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, sözügedən müqavilə üzrə borclu Cavabdeh2 öhdəliklərinin icrasının təminatı kimi zamin Cavabdeh1 borclu Cavabdeh2 ilə iddiaçı "xxxx" MMC qarşısında eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan Cavabdeh2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə borcu barədə xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 hazırda iddiaçıya olan borcu xx.xx.2021-ci il tarixli, 22349446 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 287 manat 80 qəpik, cərimə qismində 28 manat 20 qəpik, cəmi 316 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli xəbərdarlıqların surətindən görünür ki, cavabdehlərə borcu könüllü ödəməsi barədə "xxxx" MMC tərəfindən xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli qızıl zəmanət talonunun surətindən görünür ki, Cavabdeh2 barədə "xxxx" MMC-dən aldığı «Panasonic» markalı ətçəkəni 2 illik zəmanət müddəti ilə almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 209924 nömrəli sifariş vərəqindən görünür ki, Cavabdeh2 «Panasonic» markalı ətçəkəni «işləmir, bıçaq sürtülür» qüsurlarını göstərməklə, Servis link-2 xidmətinə təhvil vermişdir. İş materiallarında olan aparılan işlər barədə məlumatdan görünür ki, xx.xx.2021-ci il tarixdə servisə qəbul olunmuş «Panasonic» markalı ətçəkənə texniki baxış keçirilmiş, baxış zamanı ətçəkəndə maye, zərbə, kənar müdaxilə, eləcə də qüsur aşkar edilməmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh2 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22349446 nömrəli müqaviləyə əsasən Cavabdeh2 «Hoffman» markalı çayniki, «Braun» markalı blenderi və «Panasonic» markalı ətçəkəni 13 manat ilkin önəniş etməklə 03 ay ərzində hissə-hissə ödəmək şərtilə 444 manat 70 qəpik məbləğinə "xxxx" MMC-dən almışdır. Həmin əşyalar xx.xx.2021-ci il tarixdə "xxxx" MMC tərəfindən Cavabdeh2 təhvil verilmişdir. Lakin bundan 2 ay 07 gün sonra Cavabdeh2 «Panasonic» markalı ətçəkəni «Servis Link 2» texniki xidmət mərkəzinə təqdim edərək, ətçəkənin işləmədiyini və bıçağının sürtüldüyünü bildirmişdir. «Servis Link 2» texniki xidmət mərkəzində həmin ətçəkənə texniki baxış keçirilərkən, hər hansı qüsur aşkar olunmamış, Cavabdeh2 ətçəkəndə hər hansı qüsur aşkar olunmadığı izah edilmiş və ətçəkəni götürmək ona təklif olunmuşdur. Lakin Cavabdeh2 «Panasonic» markalı ətçəkəni «Servis Link 2» texniki xidmət mərkəzindən təhvil almamış, eyni zamanda xx.xx.2021-ci il tarixli, 22349446 nömrəli müqavilə üzrə ödənişlərin İddiaçı MMC-yə ödənilməsindən imtina etmişdir. İddiaçı MMC Cavabdeh2 və Cavabdeh1 qarşı sadələşdirilmiş icraat qaydasında xx.xx.2021-ci il tarixli, 22349446 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 287 manat 80 qəpik, cərimə qismində 28 manat 20 qəpik, cəmi 316 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 həmin iddiaya etiraz edərək, ona satılmış «Panasonic» markalı ətçəkənin qüsurlu olması və həmin əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmaması ilə əlaqədar müqavilənin icrasında imtina etdiyini bildirmiş, iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiymətini) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1-ci maddəsinə görə satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 582.1-ci maddəsinə görə satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alqı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Həmin Məcəllənin 587.1-ci maddəsinə görə əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyəti olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını və əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.2-ci maddəsinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin, lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Həmin Məcəllənin 588.1-ci maddəsinə görə əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamədək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 588.2-ci maddəsinə görə satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyi sübuta yetirməsin. Qanunverciliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi əşyanın alıcıya verilməsinədək və ya verildiyi məqamədək əşyada yaranmış qüsurlarla əlaqədar satıcı məsuliyyət daşıyır və həmin qüsurların ona verilməsinədək yaranmasını sübut etmə yükü alıcıya məxsusdur. Əgər alıcı həmin halı sübuta yetirərsə və qüsur əhəmiyyətli olmazsa, alıcı Mülki Məcəllənin 587.1-ci maddəsi ilə nəzərdə tutulan hallardan birinə, əgər qüsur əhəmiyyətli olarsa, Mülki Məcəlllənin 587.2-ci maddəsi ilə nəzərdə tutulan hallardan birinə uyğun davranış qaydasını seçmək hüququ vardır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2021-ci il tarixli 22349446 nömrəli müqavilənin alqı-satqı predmeti olan «Panasonic» markalı ətçəkənə «Servis Link 2» texniki xidmət mərkəzində texniki baxış keçirilərkən, həmin ətkəçəndə hər hansı qüsur aşkar olunmamış, Cavabdeh2 ətçəkəndə hər hansı qüsur aşkar olunmadığı izah edilmiş və ətçəkəni götürmək ona təklif olunmuşdur. Lakin Cavabdeh2 «Panasonic» markalı ətçəkəni «Servis Link 2» texniki xidmət mərkəzindən təhvil almaqdan imtina etmişdir. Digər tərəfdən Cavabdeh2 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22349446 nömrəli müqaviləyə uyğun olaraq, «Panasonic» markalı ətçəkən xx.xx.2021-ci il tarixdə "xxxx" MMC tərəfindən Cavabdeh2 təhvil verilmiş, bundan 2 ay 07 gün sonra isə Cavabdeh2 «Panasonic» markalı ətçəkəni «Servis Link 2» texniki xidmət mərkəzinə təqdim edərək, ətçəkənin işləmədiyini və bıçağının sürtüldüyünü bildirmişdir. Göründüyü kimi Cavabdeh2 «Panasonic» markalı ətçəkəni "xxxx" MMC-dən qəbul edərkən, həmin əşya lazımi keyfiyyətdə olmuş, hətta 2 ay 07 gün müddətdə Cavabdeh2 tərəfindən istifadə edilmiş, "xxxx" MMC qeyd olunan xüsusatı təsdiq edən hal kimi xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktını, habelə xx.xx.2021-ci il tarixli sifarişi sübut qismində məhkəməyə təqdim etmişdir. Lakin Cavabdeh2 Mülki Məcəllənin 588.1-ci maddəsində nəzərdə tutulmasına baxmayaraq, həmin halın əksini, yəni satıcının cavabdeh olduğu qüsurları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin xx.xx.2021-ci il tarixli qızıl-zəmanət talonunun 1-ci və 2-ci bəndlərində göstərilmişdir ki, bu zəmanət çərçivəsində qısa qapanma, elektrik cərəyanının sabit olmaması nəticəsində yaranmış korlanmalar, habelə ətçəkənin aksessuarlarında (şnek, tor və ülgüc) yaranmış nasazlıqlar pulsuz aradan qaldırılır. Buna baxmayaraq, Cavabdeh2 «Panasonic» markalı ətçəkəndə iddia etdiyi qüsurların xx.xx.2021-ci il tarixli qızıl-zəmanət talonunda nəzərdə tutulan korlanmalar nəticəsində baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaya etirazın əsası kimi istinad etdiyi hallar əsassızdır və iddianın rədd olunması əsası deyildir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, xx.xx.2021-ci il tarixli, 22349446 nömrəli müqavilə üzrə 28 manat 20 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh2 "xxxx" MMC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə alğı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 287 manat 80 qəpik, cərimə qismində 5 manat məbləğində borcunun yarandığı təsdiq olunur. Lakin "xxxx" MMC zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə müddətinin başa çatdığı xx.xx.2021-ci il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminliyə xitam verilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Buna görə də məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə Cavabdeh1 aid hissədə iddia rədd olunmalı, Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 22349446 nömrəli alğı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 287 manat 80 qəpik, cərimə qismində 5 manat cəmi 292 manat 80 qəpik məbləğində pul vəsaiti Cavabdeh2 "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh2 "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh2 İddiaçı xeyrinə 07 mart 2021-ci il tarixli, 22349446 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 287 (iki yüz səksən yeddi) manat 80 (səksən) qəpik, cərimə qismində 5 (beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 322 (üç yüz iyirmi iki) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar