Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5737/2023 08.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2, İddiaçı "xxxx" ASC-in Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 3040 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 50,80 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 3090,80 manat pulun alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi "Daimler Benz E240" markalı, **-EP- *** dövlət nömrə nişanlı avtomobil Gəncə şəhərində hərəkətdə olan zaman yol-hərəkəti qaydalarını pozmuş, nəticədə X1 idarə etdiyi "Mercedes Benz GL400" markalı, **-CX-*** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Gəncə Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarla "Daimler Benz E240" markalı **-EP-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. "Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda''nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X5 29 iyun 2022-ci il tarixli, 25 nömrəli qərarına əsasən baş vermiş yol- nəqliyyat hadisələrinə dair xx.xx.2022-ci il tarixindən etibarən zərərlərin birbaşa tənzimlənməsi həyata keçirilməyə başlanmışdır. Məhz buna görə də yol-nəqliyyat hadisəsində zərərçəkən şəxs X4 "Mercedes Benz GL400" markalı **-CX-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 'Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığortaçısı olan "xxxx" ASC-yə müraciət etmişdir. "xxxx" ASC tərəfindən GZBT/0190/22 saylı sığorta ödənişi aktı və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 3040 (üç min qırx) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Daha sonra, "Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda"ya və bu qaydanın tələbi əsasında imzalanmış "Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair" xx.xx.2022-ci il tarixli Kollektiv Sazişə əsasən müvafiq olaraq sığorta şirkətləri arasında hesablaşma aparılmış və "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına sığorta ödənişi həyata keçirilmişdir. Hadisə vaxtı "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığortalı olan Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı avtonəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan, yəni idarəetmə hüququ olmadan idarə etmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. xx.xx.2022-ci il tarixli PME ********** nömrəli sığorta müqaviləsindən görünür ki, "Daimler Benz E240" markalı, **-EP-*** qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə İXM-nin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(125)-1134/2022 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 400 manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, "Mercedes Benz GL400" markalı **-CX-*** qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləği 3040 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, 170397 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X3 hesabına 3040 manat pul köçürülmüşdür. Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı GZBT/0190/22 nömrəli ödəniş aktından görünür ki, zərərvuranın sığortaçısı "xxxx" ASC tərəfindən zərərçəkənin sığortaçısı "xxxx" ASC-yə 3040 manat sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)» Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 936.2-cı maddəsinə görə «Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir» Belə olan halda məhkəmə hesab edir ki, faydalanan şəxsin cavabdehə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ sığorta ödənişini etmiş sığortaçıya yəni iddiaçıya subroqasiya qaydasında keçdiyi üçün iddia təmin edilməli Cavabdeh xx.xx.2022ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar dəymiş zərər üzrə 3040 manat pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ərizə verilərkən ödənilmiş 50,80 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia təmin edilsin. Cavabdeh 3040 (üç min qırx) manat pul və ödənilmiş 50,80 (əlli manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-5737/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5737/2023
08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver