Məhkəmə qərarları › İş №e-2(125)-5753/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5753/2023

02.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5753/2023 02.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarının pozulmasına görə G-6 markalı, 1805AZ**********54 nömrəli qaz sayğacı üzrə abonent İddiaçı Cavabdeh tərəfindən hesablanmış 5184 manat borc məbləğinin silinməsi və qaz sayğacının yararsız vəziyyətə salındığı üçün Cavabdehnə ödənilmiş 410,13 manat məbləğində pulun Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında quraşdırılmış qaz sayğacı heç-bir əsaslı səbəb olmadan sökülmüş və sonradan sayğacın çıxış plastmas borusunun deşilmiş olduğu müəyyən edilmişdir və həmin akt əsasında Cavabdehnə 5184 manat məbləğində ziyan dəydiyi hesablanmışdır.Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, guya istehlakçı İddiaçı aktı imzalamaqdan imtina etmişdir. Lakin qeyd olunan akt tərtib olunduğu gün İddiaçı ölkə xaricində olmuşdur və bundan əlavə, qaz sayğacı sökülən və akt tərtib edilən zaman həmin ünvanda yaşayan şəxsin və ya qonşuluqda yaşayan şəxslərdən heç birinin iştirakı təmin edilməmiş, ancaq Cavabdeh əməkdaşlarının iştirakı ilə qaz sayğacı sökülmüş və qaz sayğacının çıxış plastmas borusu deşildiyi aşkar edilmişdir. Bununla da sayğacın çıxış plastmas borusunun nə vaxt, hansı şəraitdə deşilməsi şübhə altında qalır. Ümumiyyətlə, Cavabdeh əməkdaşları tərəfindən əvvəlki sayğacın hansı səbəbdən sökülməsi də aydın deyildir. Ancaq yeni sayğacla əvəz edildikdən sonra köhnə sayğacın çıxış plastmas borusunun deşildiyi üçün ona əlavə borc hesablandığını və yeni qoyulmuş sayğacın pulunun İddiaçı tərəfindən ödənilməli olduğunu bilmişdir. Bundan əlavə, qaz sayğacı həyətdən kənarda ümumi istifadədə olan yolda (küçədə) yerləşdirilib, ev sahibi olaraq həmin sayğacın təhlükəsizliyini təmin etmək faktiki olaraq mümkün deyildir. Odur ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş akt və bunun əsasında hesablanmış borc tam olaraq qanunsuz və əsassızdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən tərtib edilmiş akta diqqət yetirdikdə, G-6 markalı 05AZ**********54 nömrəli qaz sayğacına vurulmuş plombun zədələnib-zədələnməməsi barədə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən olunub-olunmadığı barədə heç-bir qeyd yoxdur, yəni sayğac və plomb olduğu kimi yerində salamat olmuşdur. Belə olan halda istehlakçı tərəfindən həmin sayğacın daxilində olan mexanizmlərin sıradan çıxarılması mümkün deyildir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq göstərdi ki, yeni sayğac quraşdırılarkən heç bir akt tərtib olunmamış və onlara təqdim olunmamışdır. Sayğaca müdaxilə olunmamış, borc məbləği Cavabdeh tərəfindən əsassız olaraq yazılmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:-Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, sayğacın çıxış plastmas borusu deşilmişdir. Aktın tərtib olunmasında istehlakçının iştirakı göstərilsə də, istehlakçı aktı imzalamamış və imzalamamasının səbəbi imtina etməsi kimi qeyd olunmuşdur. İddiaçı məxsus pasportun surətindən görünür ki, o xx.xx.2023-cü il tarixdə ölkə hüdudlarından kənara, Moskva şəhərinə getmişdir. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, iddiaçıya 43200 m3 itirilmiş qaz sərfiyatına görə ziyan hesablanmışdır. xx.xx.2023-cü il tarixli BPM**********28 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, Bayramov Araz tərəfindən Cavabdeh Gəncə X2 İdarəsinin hesabına yararsız vəziyyətə salınmış G-6 1805AZ**********54 markalı sayğacın dəyəri olaraq 410,13 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da, mübahisə «iddiaçının sayğaca müdaxilə etməsi ilə bağlı itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə» bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının istifadəsində olan qaz sayğacında olan qüsura görə 43200 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı həmin sayğacda yaranmış qüsurun iddiaçının təqsiri nəticəsində baş verməsi sübuta yetməmişdir. Belə ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, sayğacın çıxış plastmas borusu deşilmişdir. Lakin cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, sayğacda olan qüsurun abonentin təqsiri nəticəsində baş verməsinin nə ilə təsdiq olunması barədə hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa aktda abonentin iştirak etdiyi qeyd edilərək akta imza etməsindən imtina etməsi qeyd olunsa da, həmin günü iddiaçının ölkə hüdudlarından xaricə çıxması müəyyən olunmuşdur. Göründüyü kimi akt tərtib olunarkən cavabdehin nümayəndələrindən başqa kənar şəxs iştirak etməmiş, nəinki iddiaçının sayğaca müdaxilə etməsi, ümumiyyətlə sayğacda aktda göstərilən qüsurun həqiqətən mövcud olmasına belə şübhə yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadə qaydalarını pozması, yəni qaz sayğacına müdaxilə etməsi məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia qismən təmin olunmalı, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatına görə iddiaçıya hesablanmış 5184 manat pul silinməlidir. İddia tələbinin qaz sayğacının yararsız vəziyyətə salındığı üçün Cavabdehnə ödənilmiş 410,13 manat məbləğində pulun Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi hissəsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, sözügedən məbləğ Bayramov Araz tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği tələb etməkdə hüququ olmamışdır. MPM-in 124.1-ci maddəsinə əsasən iş üzrə ödənilməmiş 71,84 manat dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 5184,0 (beş min yüz səksən dörd) manat pul silinsin. Cavabdehndən dövlət rüsumu hesabına 71,84 manat alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar