Məhkəmə qərarları › İş №e-2(125)-5962/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5962/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5962/2023 10.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2, İddiaçı QSC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, FCS000032 saylı Xidmət müqaviləsi üzrə 158 AZN borcun, 23.7 AZN cərimə borcunun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Fiziki şəxs “X8” ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, FCS000032 saylı Xidmət müqaviləsinə əsasən cavabdeh 325 manat məbləğində göstərilmiş xidmətin dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 aymüddətində ödəməyi öhdəsinə götürüb. "xxxx" QSC ilə “X8” arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən “X8” nin Cavabdeh qarşı olan 325 manat məbləğindəki tələb hüququ "xxxx" QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun "xxxx" QSC-yə keçməsi barədə Xidmət müqaviləsi üzrə Sifarişçiyə müvafiq bildiriş təqdim edilmişdir Tərəflər arasında bağlanmış Xidmət müqaviləsinin 1-ci maddəsinə görə icraçı sifarişçiyə qeyd olunan müqavilənin 1 saylı əlavəsində dəyəri göstərilmiş xidmətləri göstərir və sifarişçi isə həmin xidmətlərin dəyərini ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş qaydada və müddətdə ödəyir. Həmin müqavilənin 2.4.1-ci maddəsinə əsasən Sifarişçi ödəmə cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Odur ki, Cavabdeh "xxxx" QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, FCS000032 saylı Xidmət müqaviləsi üzrə 158 AZN borcun, 23.7 AZN cərimə borcunun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli R-1222/22 saylı faktorinq müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Faktor (“Ferrum Kapital MMC”) borclu barəsində Müştərinin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına Müştəriyə pul vəsaiti verir (Müştərini maliyyələşdirir), Müştəri isə borcluya qarşı pul tələbini Faktora güzəşt edir. Həmin müqaviləyə əlavə olunmuş R-12xx/xx-0005 saylı Sazişə əsasən Cavabdeh X4 xx.xx.2022-ci il tarixli, FCS000032 saylı müqavilədən irəli gələn tələb hüququ İddiaçı QSC-yə güzəşt edilmişdir. İş materiallarında olan X6 ilə Cavabdeh arasında bağlanmış MRK000233 saylı xx.xx.2022-ci il tarixli müqavilədən və təhvil-təslim aktından məlum olur ki, X1 Qumral Rövşən qızından aldığı, qiyməti 325 manat olan malın dəyərini müqavilənin 1 saylı əlavəsində yer alan ödəniş cədvəlinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5%-i miqdarında dəbbə pulu ödəməlidir. Müqavilənin 1 saylı əlavəsində olan ödəniş cədvəlinə əsasən malın qiymətinin nisyə məbləği olan 325 manat pulun xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 6 ay müddətində hər ayın 14-i tarixində 55 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan bildirişdən görünür ki, X4 xx.xx.2022-ci il tarixli, FCS000032 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikləri vaxtında icra etmədiyinə görə xx.xx.2023-cü il tarixinə 280 manat məbləğində borcunun olduğu, borcu xx.xx.2023-cü il tarixədək ödəmədiyi təqdirdə, borcun və borcun qaytarılması ilə əlaqədar çəkiləcək xərclərin ödənilməsi tələbi ilə tərəflərindən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçı QSC-nin 31 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, FCS000032 saylı müqavilə üzrə 158 AZN borcun, 23.7 AZN cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.2-ci maddəsinə əsasən pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. 657.4-cü maddəsinə əsasən əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. İşin müəyyən edilmiş hallarından da, göründüyü kimi cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyini lazımi qaydada və vaxtında icra etməmişdir. Həmin müqavilə üzrə tələb hüququ qanunvericilikdə müəyyən edilmiş qaydada iddiaçıya güzəşt edilmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliyini icra etmədiyindən iddiaçının Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən malın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 23.7 manat məbləğində (cərimə) dəbbə pulu azaldılmalı və 1 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddia qismən təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 27.27 manatı və 0,40 manat bank xidməti haqqı da, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 158 AZN borcun, 1 AZN cərimə pulu, ödənilmiş 30 manat dövlət rüsumunun 27.27 manatı və 0,40 manat bank xidməti haqqı tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, FCS000032 saylı müqavilə üzrə 158 AZN borcun, 1 AZN cərimə pulu, ödənilmiş 30 manat dövlət rüsumunun 27.27 manatı və 0,40 manat bank xidməti haqqı tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar