Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5995/2025 02.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 22 yanvar 2025-ci il tarixli, AUT-1274 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 iyul 2025-ci il tarixə ödənilməmiş 817 manat gecikdirilmiş əsas, 1135,40 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 830,66 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “FAW Bestune T77” markalı, **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 14581,73 manat, ümumilikdə 17364,79 manat və ödənilmiş 142,10 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə verərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış 22 yanvar 2025-ci il tarixli, AUT-1274 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “FAW Bestune T77” markalı, **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 19% hesablanmaqla 30 aylıq müddətə hər ay sabit məbləği olmaqla 656,30 manat, ümumilikdə isə 45477 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 45477 manatın 31400 manatı əsas məbləğ təşkil edir. 27 yanvar 2025-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında AUT-1274 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 22 yanvar 2025-ci il tarixli, AUT-1274 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “FAW Bestune T77” markalı, **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobil 30 iyul 2025-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 14581,73 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdehnın AUT-1274 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 iyul 2025-ci il tarixə ümumilikdə 2783,06 manat məbləğində gecikmə borcu yaranmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 32000 manata “FAW Bestune T77” markalı maşın almış, 8800 manat ilkin ödəniş etmiş, 4 ay müddətində isə vaxtlı-vaxtında təxmini 684 manat ödəniş etmiş, növbəti ödənişi isə may ayının 22-si ödəməli olmuşdur. Lakin mayın 20-si həmin maşınla avtoqəza keçirmiş, ağır xəsarət almış, qolları, ayaqları, dizləri qırılmış, bir müddət ayağa dura bilməmiş, buna görə də ödəniş etməmişdir. Maşını alarkən kasko sığortası olmuşdur. Şirkətin əməkdaşları da demişdir ki, şirkətdə kaskosuz maşın satılması qeyri-mümkündür. Məhz kasko sığorta olduğuna görə ondan 1200-1600 manat əlavə pul almışdırlar. Müqavilə ümumiyyətlə ona təqdim olunmamışdır, o, heç nəyə qol çəkməmişdir. Qəza onun təqsiri nəticəsində baş tutmamış, hava şəraiti dumanlı olduğuna görə evin qarşısındakı qayanı görməmişdir. Qəza ilə bağlı polisdən, prokurorluqdan, həkimdən rəy almış, onların özünə də təqdim etmişdir. Maşın hazırda onun mülkiyyətində deyildir. Mülkiyyətində olmayan maşına görə pul ödəməli deyildir. Şirkət maşını ona satanda kasko sığorta etdirmişdir. Dəymiş zərəri də sığortadan tələb etməlidirlər. “Necə ola bilər ki, lizinqlə satılan maşının sığortası olmasın?” Qəzaya görə əmək qabiliyyətini itirmişdir. Heç yerdə işləmir, ünvanlı sosial yardım üçün müraciət etmişdir. Maşın çox əzilmiş, 10 -15 min manat zərər dəymişdir. Həmin zərəri ödəmək imkanı olmadığını göstərərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işin materiallarında olan:- xx.xx.2025-ci il tarixli, BB694873 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “FAW Bestune T77” minik markalı, **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. xx.xx.2025-ci il tarixli, AUT-1274 nömrəli daxili lizinq müqaviləsi və ona əlavədən görünür ki, 31400 manat dəyərində “FAW Bestune T77” minik markalı, LFBGE3063RJK90835 ban nömrəli, ağ rəngli avtomobil muzdla lizinq alan X1 müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Lizinq alan X3 6100 manat lizinq ödənişini ödədikdən sonra yerdə qalan məbləği müəyyənləşdirilmiş dövriliklə illik 19% hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 656,30 manat, sonuncu ayda isə 655,40 manat olmaqla, ümumilikdə 45477 manat muzd ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, “FAW Bestune T77” minik markalı, **-YM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil X2 təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli, AUT-1274 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli, AUT-1274 nömrəli daxili lizinq müqaviləsindən irəli gələn bütün öhdəlikləri tam həcmdə öz üzərinə götürmüşdür. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, “FAW Bestune T77” minik markalı, **-YM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli, 772 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli, AUT-1274 saylı daxili lizinq müqaviləsinə əsasən iddiaçıya 30 iyul 2025-ci il tarixə 817 manat gecikdirilmiş əsas, 1135,40 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 830,66 manat dəbbə pulu olmaqla, cəmi 2783,06 manat borcu vardır. “X6” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qüsur aktının surətindən görünür ki, “FAW Bestune T77” minik markalı, **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 14581,73 manat müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının izahatını, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizin verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. MM-in 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. MM-in 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2025-ci il tarixli, AUT-1274 nömrəli daxili lizinq müqaviləsi bağlanmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixli, AUT-1274 nömrəli daxili lizinq müqaviləsindən irəli gələn bütün öhdəlikləri tam həcmdə öz üzərinə götürmüş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən cəmi 1952,4 manat borcu yaranmış, həmçinin istifadəsində olan lizinq obyektinə 14581,73 manat zərər vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini onun maddi vəziyyətinin ağırlaşmasına səbəb olacağını nəzərə alaraq hesab edir ki, 830,66 manat cərimə məbləği azaldılaraq, 30,66 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli, AUT-1274 nömrəli daxili lizinq müqaviləsi üzrə 817 manat gecikdirilmiş əsas məbləğ, 1135,40 manat gecikdirilmiş mükafat, 30,66 manat cərimə, avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 14581,73 manat olmaqla, cəmi 16564,79 manat pul alınaraq İddiaçı MMC-nin xeyrinə verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 139,69 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli, AUT-1274 nömrəli daxili lizinq müqaviləsi üzrə 817 manat gecikdirilmiş əsas məbləğ, 1135,40 manat gecikdirilmiş mükafat, 30,66 manat cərimə, avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 14581,73 manat, cəmi 16564,79 (on altı min beş yüz altmış dörd manat 79 qəpik) manat və 139,69 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-5995/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5995/2025
02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver