Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6085/2025 15.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 İsa oğlunun sədrliyi, Xudaveriyeva Nilgün Elbrus qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasinda pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasinda pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1766.84 manat məbləğində pul vəsaitinin və 37.66 manat dövlət rüsumu, ümumilikdə 1804,50 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində, 13:30-da "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi” üzrə sığorta təminatı almış “Mercedes Benz E200” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh yol-nəqliyyat hadisəsi törədərək İddiaçı ASC tərəfindən “Avtоmоbil nəqliyyatı vasitələrinin kоmplеks sığortası” şəhadətnaməsi ilə sığorta təminatı almış “Hyundai Elantra” markalı, ** AG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Azərbaycan Respublikası DİN Binəqədi RPİ-nin HK-1/906 nömrəli, xx.xx.2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. AZ/MİL/24/0029 saylı sığorta şəhadətnaməsinə və CM-0064/2024-AKT307/24 saylı sığorta aktına əsasən “Hyundai Elantra” markalı, ** AG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri ilə bağlı ”AZSİĞORTA” ASC tərəfindən 6195 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğin 4428.16 manat hissəsi “Mercedes Benz E200” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini “icbari sığorta” qaydasında sığortalamış "xxxx" ASC tərəfindən İddiaçı ASC-yə ödənilmişdir. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh məhkəməyə gəlməmişlər. iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxlmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İşdə olan, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixində AZ/MİL/24/0029 nömrəli sığorta şəhadətnaməsi ilə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X1 6195 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2023- cü il tarixində AZ/MİL/24/0029 nömrəli sığorta müqaviləsi bağlanmış və “Hyundai Elantra” markalı, ** AG *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2024-cü il tarixində “Mercedes Benz E200” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Qeyd olunan sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən "xxxx" MMC-nın etibarnamə üzrə nümayəndəsi X2 6195 manat ödəniş edilmişdir. İddiaçı "xxxx" ASC hazırki tələblə məhkəməyə müraciət edərək, “Mercedes Benz E200” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hadisə ilə bağlı inzibati xəta törətməkdə təqsirli bilindiyini bildirmişdir. Cavabdeh həmin hadisə ilə bağlı inzibati tənbeh tətbiq edilməsi barədə qərarın surətinin məhkəməyə təqdim edilməsi iddiaçının nümayəndəsinə təklif edilsə də, belə bir qərarın surəti məhkəməyə təqdim edilməmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanunun; 13.1-ci maddəsinə əsasən, icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 13.2-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 23.1.6-cı maddəsinə əsasən, sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüquqları vardır: 25.1-ci maddəsinə əsasən, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: -25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Məhkəmə göstərir ki, iddiaçı "xxxx" ASC iddia ərizəsində Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı inzibati xəta törətdiyini qeyd etsə də, onun məhz hansı inzibati xətanı törətdiyini göstərməmişdir. Bundan başqa, iddiaçı tərəfindən Cavabdeh barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərar iş materiallarına əlavə edilməmişdir. Həmin sübutların məhkəməyə təqdim edilməsi iddiaçının nümayəndəsinə təklif edilsə də, artiq yuxarıda qeyd edildiyi kimi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə gəlməmiş və həmin sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası DİN Binəqədi RPİ-nin HK-1/906 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı isə xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədədir. Həmin qərarla Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surətinin Binəqədi RPİ-nin DYP-nə göndərilməsi qərara alınmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası DİN Binəqədi RPİ-nin HK-1/906 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı Cavabdeh inzibati xətaya görə inzibati tənbeh verilməsi barədə deyildir. Artıq yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında Cavabdeh alınması üçün, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulan əsaslar qanunla nəzərdə tutulan sübutlarla müəyyən edilmir. Ona görə də, məhkəmə bu qənaətdədir ki, iddia əsassız sayılmalı və təmin edilməməlidir. İddia əsassız sayıldığından Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanan məhkəmə belə qərara gəlir ki, ödənilmiş dövlət rüsumu da iddiaçı "xxxx" ASC-nin özünə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216–220, 357 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasinda pul tələbinə dair iddia əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-6085/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6085/2025
15.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver